Devalvasiyaya uğrayan manat, qiymətdən düşən neft, böhranlı iqtisadiyyat — Yekun və PROQNOZLAR
2016-cı ili qısaca bu cür ifadə etmək olar. 2016-c ilin sonunda ölkədə banklar dollar satışını dayandırdı, qara bazar canlandı. 2017-ci il isə 4%-li marjanın ləğv edilməsi və liberal məzənnə siyasətinə keçidlə başladı. Yola saldığımız il və bizi gözləyən cari ilə aid suallarımızı iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb. Ölkə.Az Vüqar Bayramovla müsahibəni sizə təqdim edir: - 2016-cı il nə ilə yadda qaldı? Hansı addımlar doğru idi, hansılar yanlış? Ölkə iqtisadiyyatının bu vəziyyətə düşməsinə səbəblər nə idi? - 2016-cı ilin yekunlarını birmənalı şəkildə qiymətləndirmək doğru olmaz. Çünki, 2016-cı il gözləndiyi kimi asan il olmadı. Əslində əvvəlcədən də 2016-cı ilin çətin il olacağını gözləyirdik. 2016-cı ilin çətinliyi əsasən onunla bağlı idi ki, ötən ilə Azərbaycan ucuz neft qiymətləri ilə daxil olmuşdu. Əslində 2016-cı ilin çətinliyini il ilə əlaqələndirmək doğru deyil. 2016-cı ilin çətinliyi əvvəlki illərdə neftin payının iqtisadiyyatda üstün olması ilə bağldır. Xüsusən 2014-cü ilə qədər ixracatda qeyri-neft payının artırılmasına, neftdən asılılığın aradan qaldırılmasına ehtiyac var idi. Əvvəlki hesabatlarımızda da qeyd edirdik ki, Azərbaycanda neft gəlirləri azalan zaman ölkədə iqtisadi çətinliklər yaranacaq. Nəticədə 2016-cı ildə bu müşahidə olundu. Əslində 2015-ci ildə də Mərkəzi Bank tərəfindən iki dəfə devalvasiyayaya gedildi. Faktiki olaraq ikinci devalvasiya şok effekti yaratdı. Azərbaycan 2016-cı ilə 2015-ci ilin sonunda baş verən devalvasiya ilə daxil oldu. Bir tərəfdən maliyyə bazarında manata psixoloji təzyiq, digər tərəfdən neftin dünya bazarında qiymətinin aşağı düşməsi 2016-cı ilə kifayət qədər çətin şərtlərlə başlamağımıza səbəb oldu. 2016-cı ilin ikinci yarısında neftin qiymətinin nisbət stabilləşməsi 2016-cı ilin əvvəlindəki, xüsusən psixoloji təzyiqi müəyyən qədər azaltmağa imkan verdi. Söhbət psixoloji təzyiqin tamamilə aradan qaldırılmasından getmir, praktiki olaraq bu mümkün deyildi. - Nələr edilməli idi? - Əslində 2016-cı ildən öncə, 2015-ci ildə liberal məzənnə siyasətinə keçidə ehtiyac var idi. Xatırlayırsınızsa, Rusiya və Qazaxıstan 2015-ci ilə qədər liberal məzənnə siyasətini tətbiq etdilər. Nəticədə bu ona gətirib çıxardı ki, biz 2016-cı ili qiymətləndirəndə Rusiyada rubl təxminən 20%, Qazaxıstanda təngə 15% möhkəmləndi. Azərbaycan manatı isə ötən il 15% dəyər itirdi. Öncədən də dediyimiz kimi Mərkəzi Bank liberal məzənnə siyasətinə keçid məsələsində yubandı. Yubanmasına baxmayaraq, Mərkəzi Bank 2016-cı ildə də liberal məzənə siyasətinə keçmədi. Ən azı 2016-cı ilin əvvəli, 2015-ci ilin sonunda liberal məzənnə siyasətinə keçidə ehtiyac var idi. Ən azı Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci ilin əvvəlinə nəzərən daha çox idi. Əslində 2016-cı ildə valyuta bazarında baş verənlər ondan xəbər verirdi ki, artıq 2017-ci ildə Mərkəzi Bank liberal məzənnə siyasətinə keçəcək. Mən elan edəndə ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə keçəcək, nəinki hökumət yönümlü, hətta müstəqil ekspertlər də deyirdi ki, Azərbaycanda liberal məzənnə siyasətinə keçid mümkün deyil. Ancaq bu baş tutdu. Çünki alternativ yox idi. Azərbaycan hətta hansı dərəcədə ağrılı olub-olmamasından asılı olmayaraq liberal məzənnə siyasətinə öncədən keçməli idi. 2016-cı ildə liberal məzənnə siyasətinə keçidlə bağlı təkliflər etmişdim. Təkliflərdə xüsusən də dollarla olan kreditlərdə kompensasiyaların verilməsi, idxalla məşğul olan şirkətlər üçün subsidiya mexanizminin işlənməsi idi. Burada məqsəd ondan ibarət idi ki, əgər manat dollara nisbətən dəyər itirərsə, bunun vətəndaşlara təsirlərini minimuma endirmək mümkün olsun. Düşünürəm ki, 2015-ci ildə olmasa belə, 2016-cı ildə liberal məzənnə siyasətinə keçilməli idi. Təəssüf ki, bu reallaşmadı, 2017-ci ilə ötürüldü.
2016-cı ildə ən böyük gözləntilərdən biri toksid aktivlər və problemli kreditlərlə bağlı idi. Hökumətə dollarla olan kreditlərə 3 tərəfli güzəştlərin edilməsini təklif etmişdim. Yəni, fərqin dövlət, bank və vətəndaş arasında bölüşdürülməsindən söhbət gedir. Çox təəsüf ki, bu reallaşmadı. Dollarla verilən kreditlərə güzəştlərin edilməsi lazımdır. Düşünürəm ki, Mərkəzi Bank və Maliyyə Nazirliyinin dollarla olan kreditlərə güzəştlərin verilməməsi, kompensasiyanın ödənilməməsi ilə bağlı qərarı doğru qərar deyildi. Mərkəzi Bank ən azı istehlak kreditlərinə kompensasiya tətbiq etməli idi ki, dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsi, xarici valyuta ilə kredit götürən vətəndaşlara neqativ təsir göstərməsin. Nəticə ona gətirib çıxardı ki, problemli kreditlərin həcmində artımlar müşahidə olundu. 2016-cı ildə bank sektorunda problemli kreditlərin həcmində kəskin artımlar müşahidə etdik. 2016-cı ildə ən zəif sektor bank sektoru oldu. Bankların mövcud bahalı kredit siyasəti, ödəmə qabiliyyətini yoxlamadan kreditlərin verilməsi, kütləvi kreditləşmə nəticə etibarı ilə bank sektorunda böhrana gətirib çıxardı. Devalvasiya olmasa belə, bank sektorunda müəyyən qədər az səviyyədə olsa belə problemləri müşahidə edəcəkdik. Çünki banklarda uzun müddət kooperativ idarəetmə qurulmadı, banklar uzun müddət yüksək faiz və daha çox gəlir əldə etmək prinsipi ilə işlədilər və nəticədə 2016-cı ildə 10 bankın müflis olması ilə bağlı qərar qəbul edildi. Bu kifayət qədər böyük rəqəm idi. Əslində 10 bankın müflis olması həm də valyuta bazarına təsir göstərdi. Çünki banklarda sığortalanan əmanətlərin böyük qismi dollarla idi. Dolların qaytarılması Mərkəzi Bankın dollar alıb və ya öz dollar rezervindən istifadə etməklə əmanətlərin qaytarılması anlamına gəlirdi. Digər tərəfdən isə monitorinq göstərdi ki, qaytarılan manatların avtomatik olaraq böyük bir qismi dollara çevrilirdi. Dollara tələb artdı. Bankların müflisləşməsi dollara olan tələbi artırdı. Bankların bağlanmasından vətəndaşlar ehtiyatlandılar. Bank sektoruna inamın azalması müşahiə olundu. Banklardan əmanətlərin çəkilməsi sürətləndi ki, bu da nəticədə dollarlaşma prosesinin sürətlənməsinə və 2016-cı ildə dollarlaşma prosesinin 85% yüksəlməsinə səbəb oldu. Bu baxımdan bank sektoru praktiki olaraq 2016-cı ildə ən zəif sektor kimi qiymətləndirilə bilər. 2016-cı ilin sonunda bir neçə bankda kadr dəyişikliklərinin olması ondan xəbər verdi ki, əslində 2014-2015-ci illərdə bank sektorunda baş verənlər heç də bankların sağlamlaşdırılmasına gətirib çıxarmayıb. Bəlli oldu ki, hətda Beynəlxalq Bank kimi sağlamlaşdırılması diqqət mərkəzində olan və araşdırmalar aparılan bankın özündə, 2016-cı ildəki rəhbərliyin fəaliyyətində də kifayət qədər nöqsanlar aşkarlandı. Nəticədə bank rəhbərliyi dəyişdi. Bu da ondan xəbər verir ki, bankların şəffaflıq və sağlamlıq problemi qalıb. Çox təəssüf ki, banklar hələ də şəffaf deyillər. Baxmayaraq ki, bank sektorunda böhran var, 10 bank müflis olub, ancaq fəaliyyət göstərən banklar belə şəffaf və sağlam deyil. Təbii ki, bu hamısına aid deyil, ancaq bankların bir qismi hələ də köhnə üsullarla fəaliyyətlərini davam etdirməyə çalışırlar. Bu baxımdan bank sektoru 2016-cı ildə neqativ aspektdən həlledici sektor oldu. - Nələr müsbət idi? - 2016-cı ilin ən müsbət məqamı "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin və 11 strategiya üzrə sənədlərin hazırlanması oldu. Düşünürəm ki, 2016-cı il əslində bu aspektdən qiymətləndirilməlidir. - Siyasi baxımdan da bu addımın atılması vacib idi. - "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nə fərqli yanaşanlar var. Bunu indiki modelin davamı kimi də dəyərləndirənlər var. Ancaq "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin hazırlanması və test edilməsi birmənalı şəkidə siyasi iradə idi. Azərbaycan növbəti illərdə fərqli, postneft dövrünə uyğun siyasət həyata keçirəcək. "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin özəlliyi ondan ibarətdir ki, əgər əvvəlki proqramlarda konkret illər üzrə fəaliyyətlərə bölünürdüsə, hər bir fəaliyyət üzrə istifadə edilən maliyyə, maliyyənin mənbəyi, həmin fəaliyyətə məsul olacaq qurum və eləcə də həmin fəaliyyətin səmərəli olub-olmadığını müəyyənləşdirəcək indiqatorların strateji yol xəritəsinə daxil edilməsi fərqli bir sənədin ortaya çıxmasına və fərqli bir sənədin təsdiq edilməsinə gətirib çıxardı. O baxımdan "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi birmənalı şəkildə müsbət hal kimi qiymətləndirilməlidir və bu 2017-ci il daxil olmaqla növbəti illərdə iqtisadi islahatların davam etdirilməsinə bir zəmin yaradır. Çünki "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin 2017-ci il üçün fəaliyyətləri var və bu fəaliyyətlərdən biri də təbii ki, liberal məzənnə siyasətinə keçid idi. "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin mühüm hissəsinin reallaşacağına ümid var. Təbii ki, bütün hallarda "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin nəticələrini proqnozlaşdırmaq mümkün deyil.
2016-cı il yeni modelin hazırlanması və təsdiq edilməsi baxımından yadda qaldı. 2016-cı il bank və valyuta bazarındakı geriləmələr, dövlət gəlirlərinin azalması kimi neqativ tendensiyalarla yanaşı, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni "Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi, bir sıra istiqamətlərdə elektronlaşmanın tətbiq edilməsi və Asan Xidmətin fəaliyyətinin genişləndirilməsi müsbət məqamlardan idi. - 2017-ci ildir. Bu ilə liberallaşma siyasəti ilə keçirik. Liberallaşma Azərbaycana nə verəcək? - Liberal məzənnə siyasəti valyuta bazarı ilə bağlı bir məsələdir. Çox əhəmiyyətlidir ki, Mərkəzi Bank bizim təklif etdiyimiz kimi pozitiv ssenari üzrə liberal məzənnə siyasətini tətbiq etsin və davam etdirsin. Söhbət ondan gedir ki, Mərkəzi Bank cari tələbi ödəməlidir. Ən azı 2017-ci ildə dollara olan tələbi və əks dollarlaşdırma prosesinə başlamasına nail olmalıdır. Qiymətləndirmələr göstərir ki, Azərbaycanda dollara olan tələb illik 10-12 milyard dollar ətrafında dəyişir. Aylar üzrə bu tələb fərqlidir. Dekabr ayında dollara tələb artır, yanvar və fevral aylarında dollara tələb az olur, mart ayında və yay aylarında da dollara tələb artacaq. Orta rəqəm bir aya 800 milyon dollardır. Mərkəzi Bankın maliyyə resursları var. Söhbət Mərkəzi Bankın rezervlərinin istifadə edilməsindən getmir. Əslində, 2017-ci ildə Dövlət Neft fondundan Mərkəzi Banka 7.5 milyard manat transfert ediləcək. Bu, 4.2 milyard dollardır. Bu vəsait dollarla transfert ediləcək. Çünki Dövlət Neft Fondunun aktivləri dollarladır. 6.1 milyard manat büdcəyə transfert ediləcək. Həmin vəsaitlər hərraclarda satışa çıxarılıb satılacaq. Bütövlükdə 14.5 milyard manat Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsidir. Qiymətləndirmələr onu göstərir ki, bunun təxminən 700 milyon manatı xarici valyuta ifadəsində ödənişlərdir. Əgər Mərkəzi Banka transfert hərraclar vasitəsi ilə satılarsa o zaman Dövlət Neft Fondunun xətti ilə 7.7 milyard dollar hərraca çıxarıla bilər. Onun bir qismi transfertlər, digər qismi isə layihələrin maliyyələşdirilməsi, başqa bir hissəsi isə büdcə və Mərkəzi Banka transfertir. Az hissəsi isə sosial layihələrin ayrılmasına ayrılan vəsaitlərdir. Büdcəyə transfertlər birmənalı şəkildə hərraclara çıxarılacaq. Mərkəzi Banka olan transferti makro iqtisadiyyatın qorunması üçün Mərkəzi Bank hərraca çıxarıb makro iqtisadi stabilliyi qoruya bilər. Əgər Mərkəzi Banka olan transfertlər hərraca çıxarılıb satılarsa, Mərkəzi Bank həmin vəsaiti xarici borcların qaytarılması və digər işlər üçün istifadə etməzsə, nəticədə 7.7 milyard dollar hərraca çıxarıla biləcək. Bu təxminən illik tələbə nisbətə yaxın bir rəqəmdir. Nəzərə alsaq ki, rəsmi rəqəmlərdə il ərzində 1 milyard dollar xaricdə yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi pul var. Bu əslində reallıqda daha çoxdur. Onlar da xarici valyutadır. Xarici neft şirkətlərinin xərcləmələri var. Çünki xarici neft şirkətlərinin gəliri ancaq əmək haqqı və digər xərcləri manatladır. Təbii ki, onlar da dövrü olaraq dollarlarının müəyyən hissəsini manata çevirir. Mərkəzi Bankın maliyyə resursları var. Sadəcə bundan istifadə edib manatın mövcud məzənnəsini müəyyən dəyişikliklərlə qoruyub saxlamaq lazımdır. Buna Mərkəzi Bank nail ola biləcəkmi(?) bunu proqnozlaşdırmaq çətindir. Çevik siyasət və mövcud maliyyə resursları ilə buna nail olmaq mümkündür. Mərkəzi Bank mövcud resurslardan istifadə etməklə manatı stabilləşdirə bilər. - Liberal məzənnə nəyə görə vacib idi? - Manatın bazar dəyəri müəyyənləşməlidir. Liberal məzənnə milli valyutanın dibi görməsi kimi xarakterizə olunur. 2016-cı ilin yanvarında 1 dollar almaq üçün 87 rubl ödəmək lazım idi. Rubl dibi gördü. Rubl dibi gördükdən sonra möhkəmləndi. İndi 1 dollar almaq üçün 60 rubldan az məbləğ ödəmək lazımdır. Dibi gördükdən sonra əgər çevik siyasət tətbiq edilsə, milli valyutanın stabilləşməsi mümkündür. Əks dollarlaşma prosesinə Mərkəzi Bank başlamalıdır. Rəsmi rəqəmlərdə 85% dollarlaşma var. Depozitlərin təxminən 85%-i, vətəndaşların yığımının demək olar ki, 90%-dən artığı xarici valyutadır. Yalnız cari xərclər üçün vəsait manatla saxlanılır. Həmin vəsaitlərin iqtisadiyyata, əks dollarlaşma prosesinə ehtiyac var. Rusiya və Qazaxıstanda əksdollarlaşma prosesi başladı. Adı gedən ölkələrdə də 100% əksdollarlaşma prosesinin getdiyi demək mümkün deyil. Ancaq proses başladı.
Bu gün sahibkar pulunu dollarda saxlayır. Ona mesaj vermək lazımdır ki, o, dollarını manata çevirib sərmayə qoysun. Real sektor isti pullar istəyir. Buna isə manat lazımdır. Dollarla investisiya etmək, əməkhaqqı ödəmək mümkün deyil. İqtisadiyyat manat istəyir. Real sektorun canlanması isti pulların iqtisadiyyata daxil olmasından keçir. Əgər Mərkəzi Bank effektli siyasət aparıb əksdollarlaşma prosesinə başlaya bilsə, nəticədə biz həmin pulları mərhələli şəkildə real sektorda görə bilmə imkanı əldə edəcəyik. Sahibkar əmin olmalıdır ki, növbəti bir ildə, il yarımda milli valyuta kəskin dəyər itirməyəcək. Sahibkar buna əmin olsa, investisiya edəcək. Vətəndaş buna əmin olsa, xərcləmələr edəcək. Sahibkarın investisiyası, vətəndaşların xərcləmələri müxtəlif sektorlarda durğunluğun aradan qaldırılması deməkdir. Xidmət sektorunda xərcləmələr çox önəmlidir. Liberal məzənnəyə keçid qaçılmaz idi və reallaşdı. Artıq bundan sonra qeyd etdiyimiz faktorlar daxilində Mərkəzi Bank çalışmalıdır ki, bazarda stabilliyə nail ola bilsin. Buna nail ola bilsə, biz 2017-ci ildə proqnozlaşdırılan iqtisadi artımı müşahidə edə bilərik. - Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasına ehtiyac varmı? - Dollar satış məntəqələrinin artırılmasına ehtiyac var. Mərkəzi Bank birinci hərraca 300 milyon dollar çıxardı. Nəticədə bəzi banklar satışı bərpa etdilər. Qara bazarda isə məzənnə 1.92-dən 1.85-ə qədər düşdü. Çünki bazara valyuta daxil oldu. Əslində Mərkəzi Bank optimal şəkildə 2017-ci il üçün nəzərdə tutulan vəsaitlərin hərraca daxil olmasını təmin etsə, dollara olan tələbin ödənilməsinə nail ola bilər. Liberal məzənnədə əgər banklar satışı tam bərpa etsələr, bankların şöbələri çoxdursa, valyutadəyişmə məntəqələrin əhəmiyyəti azalır. Valyutadəyişmə məntəqələri vacibdir. Çünki biz turizmi inkişaf etdirmək istəyiriksə, vətəndaşların, eləcə də xaricilərin sərbəst şəkildə valyuta alıb-satmasını təmin etməliyik. Ona görə təklif edirdim ki, rayonlar üzrə optimal sayda valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilsin. Bakının 5 mərkəzi rayonunda 5 valyutadəyişmə məntəqəsinin fəaliyyətinə icazə verilə bilər. Mərkəzdən kənar, turizm rayonudursa 5, turizm rayonu deyilsə 3 valyutadəyişmə məntəqəsi fəaliyyət göstərə bilər. Burada məqsəd ondan ibarətdir ki, bayram günlərində bankların hamısı işləmir. Şənbə bazar günləri banklar işləmir. İşləyənlər də yarım gün işləyirlər. Turist əgər bazar günü gəlirsə, problemlərlə üzləşir, valyutasını dəyişə bilmir. Bu baxımdan optimal sayda valyutadəyişmə məntəqələrinin fəaliyyəti mümkündür. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman sizinlə də söhbətdə bildirdim ki, bu doğru addım deyil. Çünki valyutadəyişmə məntəqələrinin ləğv edilməsi qara bazarı canlandırır. Liberal məzənnə formalaşdıqdan sonra banklar valyutanın qiymətini sərbəst şəkildə müəyyənləşdirəcəklərsə, nəticədə qara bazar aradan çıxacaq. Qara bazar ona görə lazım idi ki, 4%-lik marja var idi, bəzi banklar 4%-lik marja çərçivəsində dollar satmaq istəmirdi. Daha yüksək qiymətə satış aparmaq istəyirdilər. Ona görə də, valyutalarını qara bazara çıxarırdılar. Çünki qara bazarda 1.92-ə dollar almaq mümkün idi, ancaq bank 1.92-ə dollar sata bilməzdi. Çünki marja, mövcud qaydalar ona imkan vermirdi. Artıq marja yoxdur. Marja olmadığına görə liberal məzənnə siyasəti tam formalaşdırıldıqdan sonra və bankların dollara olan ehtiyacı ödənildikdən sonra artıq qara bazarın mərhələli şəkildə aradan çıxması mümkündür. - İqtisadi ekspertlərdən tutmuş, millət vəkillərinə kimi hər kəs deyir ki, banklar qara bazara dollar çıxardır. Ancaq heç bir bank cəzalandırılmadı. DTX əməliyyatlar keçirdi, bir neçə qruplaşdırmanı zərərsizləşdirdi, həbslər oldu, ancaq heç bir bankın adı çəkilmədi. Ad yox, cəzalandırılan yox. Niyə? - Ekspertlərin hansı bankın qara bazra valyuta çıxardığını müəyyənləşdirməsi çətindir. Bunun tədqiq edilməsinə ehtiyac var. Aydındır ki, qara bazara valyuta banklardan gəlir. Çünki hərracdan pulu banklar alır. Bütün bankların buna qoşulduğunu düşünmürəm, ancaq bəzi banklar hərracdan əldə etdiklərini qara bazara çıxardırdılar ki, çox gəlir əldə edə bilsinlər.
Tamamilə razıyam ki, bununla məşğul olan bankların cəzalandırılmasına ehtiyac var. Son müşavirədə ölkə prezidenti də bildirdi ki, bankların sağlamlaşdırılmasına ehtiyac var. Bankların şəffaf olmaması o anlama gəlir ki, banklar aldıqları valyutadan düzgün istifadə etmirlər. Təklif edirdim ki, qara bazarın çox geniş fəaliyyət göstərdiyi dönəmdə Maliyyə Bazarlarına Nəzarət Palatası hər bank üzrə gündəlik məlumatlar alsın. Banklara nə qədər valyuta daxil olub, həmin valyuta hara xərclənib və eyni zamanda, həmin bank hərracdan nə qədər vəsait alıb. Bank hərraca gedirsə və misal üçün 20 milyon dollar alırsa və 1 milyon dollar satış edirsə və digər ödənişləri yoxdursa, o zaman həmin bankların hərracdan dollar almağı ya məhdudlaşdırılsın, ya da qadağan edilsin. Yalnız inzibati yollarla qara bazarı aradan qaldırmaq mümkün deyildi. Banklar dollar satışını tam bərpa etməsələr qara bazar olacaq. Hətda liberal məzənnə olsa belə bu davam edəcək. Ona görə də, qara bazarın ləğv edilməsi birmənalı şəkildə bankların dollar satışını bərpa etməsindən asılı olacaq. Mərkəzi Bank çalışmalıdır ki, banklar dollar satışını bərpa etsin. Nəzərə alsaq ki, banklar məzənnə müəyyən etməkdə sərbəstdir. - Banklarda bu qədər problemlər var. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti qənaətbəxşdir? - Məqsədə uyğundur ki, bank sektorunda bir qurum fəaliyyət göstərsin. Çünki Mərkəzi Bankın səlahiyyətlərinin əhəmiyyətli hissəsi Palataya keçib. Mərkəzi Bank məzənnə siyasətinə görə məsuldur. Mərkəzi Bank kredit verir, banklara nəzarət edir. Düşünürəm ki, sağlamlaşdırılması mümkün olmayan on bankın palata tərəfindən müflis edilməsinə ehtiyac var idi. Əslində Palataya qədər Mərkəzi Bank onları sürüyüb gətirirdi. İnsanlar aylarla, bəzən illərlə bankların qapısında dayanırdılar ki, depozitlərini alsınlar. Ala bilmirdilər. Bankların müflis olması sığortalanan vəsaitlərin geri qaytarılmasını təmin etdi. Ən azı vətəndaşlar sığortalanan vəsaitlərini geri ala bildilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini birmənalı qiymətləndirmək mümkün deyil, daha kəskin, xüsusən qara bazarla əlaqəli hesabatların doğru, ictimaiyyətə açıqlığı baxımından daha da kəskin addımların atılmasına ehtiyac var. Bank sektorunda iki qurumun deyil, bir qurumun olması daha məqsədə uyğundur. - 2017-ci il üçün proqnozunuz nədir? - 2017-ci ildə neftin dünya bazarındakı qiyməti çox önəmli olacaq. İstər maliyyə sektoru, istər aqrar, istər bankların inkişafı birbaşa neftin dünya bazarındakı qiyməti ilə bağlı olacaq. 2017-ci il dövlət büdcəsində neftin 1 bareli 40 dollar olaraq hesablanıb. Hazırda neftin dünya bazarındakı qiyməti 60 dollara yaxındır. Əgər bu interval qorunarsa, daha stabil gəlirlərin əldə edilməsinə imkan verər. Kəskin qiymət artımları hələlik proqnozlaşdırılmır. Neftin dünya bazarındakı qiyməti siyasi səbəblərlə də bağlıdır. OPEC-in anlaşması yerinə yetirilərsə, ABŞ və Kanada mövcud hasilatını artırmazsa, o zaman qiymətin 60 dollar ətrafında stabilləşməsi mümkündür. 60 dollar neft ölkələri üçün kifayət qədər məqbul bir rəqəmdir. 30 dollardan aşağı qiyməti görmüş ölkələr üçün 2 dəfə artıq qiymətin olması çox məqbuldur. Neftin qiyməti yenə də aparıcı olacaq. Azərbaycan neft ölkəsidir. Neftdən asılılığın aradan qaldırılması üçün bizim hesablamalarımızla sürətli islahatlarla təxminən 5 il vaxt lazımdır ki, ixracatda qeyri-neft sektorunun payının 50%-dən artıq olması mümkün olsun. Neftin qiyməti aşağıdır, ancaq ixracatda neftin payı 87%-dir. 2014-cü ildə neftin ixracatdakı payı 96% idi. İxracat çox önəmlidir. İxracat ölkəyə valyutanın daxil olmasına imkan yaradır. Milli iqtisadiyyatın strateji yol xəritəsində də, problemli, sağlamlaşdırılması mümkün olmayan bankların ləğv edilməsi qeyd olunub. Bizim monitorinqlər göstərir ki, bir neçə bankın sağlamlaşdırılması olduqca çətindir. Sektorda sağlam bankların qalmasına ehtiyac var. Sektora aparıcı xarici bankların daxil olmasına şəraitin yaradılmasına ehtiyac var. Əgər aparıcı xarici banklar sektora daxil olarsa, bir tərəfdən depozit portfeli artar, digər tərəfdən vətəndaşlar pullarını banklarda saxlayarlar. Digər tərəfdən xarici bankların kreditləşməsi artacaq, nəticədə real sektorda dollarla olsa belə aşağı faizlə kreditlərə çıxış imkanları əldə ediləcək. Bu baxımdan bank sektorunun şəfaflığı ilə yanaşı, liberallaşmasına ehtiyac var. Xarici bankların ölkəyə daxil olması bəzi bankların müflis olmasına gətirib çıxarda bilər, ancaq problemli bankın uzun müddət sektorda qalması nə məntiqlidir, nə də məqsədəuyğundur. Çünki problemi həll edilə bilməyən bankın müflis olması daha məqsədəuyğundur. Çünki vətəndaş gedib o bankın qapısının ağzında dayanmamalıdır. Nəzərə alsaq ki, əmanətlərin sığortalanması ilə bağlı məbləğ limiti yoxdur. Bank sektorunun sağlamlaşdırılması 2017-ci il üçün əhəmiyyətli məsələlərdən biri olmalıdır. Müşavirədə də prezidentin bu məsələyə toxunması ondan xəbər verir ki, 2017-ci ildə bankların sağlamlaşdırılması dövlətin diqqət mərkəzində olacaq. Mərkəzi Bankın rıçaqları və maliyyə resusları var. Manatla bağlı proqnoz vermək çətindir. Çünki liberal məzənnə siyasətinə keçsək belə, Mərkəzi Bank aparıcıdır. Hərraca vəsaiti Mərkəzi Bank çıxarır. Çox vəsait çıxaracaqsa, mövcud məzənnəni qoruyub saxlayacaq, az vəsait çıxaracaqsa, məzənnəni qoruyub saxlaya bilməyəcək. Ssenari budur. Aqrar sektora 2017-ci ildə daha çox diqqət ayrılacaq. Aqrar sektor ərzaq təhlükəsizliyi baxımından daha vacibdir. Pambıqçılıq və baramaçılığa diqqət daha çox ayrılacaq. Bu sektorlar daha çox strateji olacaq. - Ölkəyə gətirilən məhsullara yüksək faizli vergilər qoyulub. Bu da ölkədə bahalaşmaya şərait yaradır. Bu nə dərəcədə məqsədəuyğun idi? - O məhsullara yüksək vergi qoyulur ki, o məhsul ölkə daxilində istehsal edilir. Ölkə daxilində yüksək faizli verginin qoyulması doğru deyil.