"Yanacaqdoldurma məntəqələrində nöqsanlar var, amma müdaxilə edə bilmirik" - DÖVLƏT KOMİTƏSİ
Bakıdakı yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin keyfiyyətsiz olması və sayğacda göstəriləndən az vurulması ilə bağlı olur. Şikayətlər gündən-günə artsa da, rəsmi qurumlar heç bir tədbir görməyə maraqlı deyillər. Modern.az saytı məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. “Komitənin 963 nömrəli çağrı mərkəzinə yanacaqdoldurma məntəqələri (YDM) ilə bağlı xeyli şikayətlər daxil olur. Bu şikayətlər əsasən yanacağın keyfiyyəti, həcminin maşınların çəninə YDM-in sayğacında göstəriləndən az vurulması və digər neqativ hallarla bağlı olur. Bu gün Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun var. Bu iki il müddəti başa çatmayınca, heç bir yoxlayıcı qurum sahibkarlıq fəaliyyətində yoxlamalar aparmır. Yoxlanmasına icazə verilən sahələr ki var, onları da ölkə rəhbərliyi təsdiq edib. Bu siyahıda YDM işlədən sahibkarlarla bağlı heç bir məlumat yer tapmayıb. Əslində bu qanun çox inqilabi bir qanundur və sahibkarlıq subyektlərinin inkişafını hədəfləyən, onların fəaliyyət sahəsinin genişləndirilməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına və qeyri-neft sektorunun inkişafı istiqamətindəki siyasətə uyğundur. Amma sahibkarlar bu qanunvericilik aktlarından öz inkişafları üçün istifadə etməlidirlər. Təəssüf ki, bəzi sahibkarlar şəraitdən sui-istifadə edirlər. Bu şikayətləri araşdırarkən bəlli olur ki, onlar məhz sui-istifadə hallarına yol verən sahibkarlar tərəfindən atılan addımlardan qaynaqlanır. Ona görə biz təəssüflə qeyd edirik ki, bu barədə açıqlama verə bilmirik. Ancaq bir zavoddan götürülən yanacağa sonradan yancaqdoldurma məntəqələrində əlavə qatqıların qarışdırılması, digər müdaxilələrin edilməsi, keyfiyyət standartının tələblərinin pozulması kimi addımlar atılması haqda heç nə deyə bilməyəcəyik.
Komitənin mətbuat katibi Fazil Talıblı da təsdiqləyib ki, yanacaqdoldurma məntəqəsindəki vəziyyətlə bağlı xeyli narazılıqlar müşahidə edilir.
2018-ci il yanvarın 1-nə qədər qanunun tələbləri qüvvədədir. Amma qanunvericiliyə uyğun olaraq işlər görülür, yanacaqdoldurma məntəqələri işlədən sahibkarlar digər qanunların tələblərinə riayət etməlidirlər, söhbət ölçmələrin vəhdəti haqqında qanundan gedir. Qanuna əsasən, hər YDM istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini (şəhadətnamə) əldə edib istismar etməlidirlər.
Yoxlamaların olmamasından istifadə edən bəzi sahibkarlar, adını çəkdiyim qanunun tələblərini icra etməkdən boyun qaçırırlar, belə faktlar da var. Bəzi hallarda plombların qırılması və yanacağın satışı zamanı çəkidə aldatma faktları da komitə tərəfindən aşkar olunub, gələn müraciətlərin araşdırılması zamanı həmin o faktlar, həmin o sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Biz həmin sahibkarları qanunvericiliyə hörmətlə yanaşmağa və əməl etməyə, yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin kalibrlənməsini (işləməsini, dəqiqliyini) yoxlatmağa, özlərinin təşəbbüsü ilə laboratoriyalara müraciət etməyə və daha sonra həmin avadanlıqları istismar etməyə dəvət edirik.
Qaldı ki, yanacağın keyfiyyəti ilə bağlı məsələyə, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin Sumqayıt şəhərində yerləşən Neft-kimya məhsullarının sınağı laboratoriyasında mütəmadi olaraq arşdırılır, sınaqdan keçirilir. Keyfiyyətində heç bir problem yoxdur. Xaricdən gələn yanacağın da keyfiyyəti eyni dərəcədə laboratoriya şəraitində yoxlanılır və sınaq nəticələrinə əsasən deyə bilərik ki, problem yoxdur.
Çünki bunu da yoxlaya bilmirik.
Yoxlamaların dayandırılması bizim, ümumiyyətlə yoxlayıcı qurumların yoxlama aparmağını məhdudlaşdırır. Bir daha qeyd edirik ki, bu addım təqdirəlayiqdir və bu sahibkarlığın inkişafına birbaşa istiqamətlənən addımdır. Ancaq sahibkarlar da gərək sui-istifadə hallarına yol verməsinlər. Sahibkarları bir daha ölkə rəhbərinin bu cür çağırışlarına adekvat cavab verməyə çağırırıq”.