Adambaşına 704 dollar xarici borc: ekspert “daha çoxdur” DEYİR

Vətəndaşlar bu yükün altından necə qalxacaq?

Azərbaycanda adambaşına düşən xarici borcu 704,7 dollar təşkil edir. Bu barədə maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. Statistikaya görə, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu 704,7 dollar təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8 faiz azdır: “1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1faiz olub. 2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu 10 milyard 931,8 milyon dollar və ya ÜDM-in 32,3 faizini, faktiki mənimsənilən məbləğ 6 milyard 913,2 milyon dollar və ya ÜDM-in 20,4 faizini təşkil edir.

Qeyd edək ki, ötən il Azərbaycan 1 mlrd. 203,6 mln. dollar məbləğində kredit vəsaitini sərf edib. Bu 2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1faiz artım deməkdir. Xarici borcun ödənişlərinə isə 719,2 mln. dollar yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 41,9 faiz artım deməkdir.

Bəs görəsən, xarici borcun həcminin bu həddə çatması Azərbaycan üçün nə vəd edir? Hökumət bu borcların ödənilməsinə çətinliklə üzləşə bilərmi?

Bu rəqəmlər nə dərəcədə reallığı əks etdirir, yəni xarici borc daha yüksək rəqəmlərlə ifadə oluna bilərmi?

Bu sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hesablamalar xarici borclarla bağlı Maliyyə Nazirliyinin verdiyi məlumatlar əsasında hazırlanır və real vəziyyəti tam şəkildə əks etdirmir: “Çünki reallıqda dövlətin xarici borcunun həcmi daha çoxdur. Xüsusilə də SOCAR-ın borcları da daxil olmaqla dövlət zəmanəti ilə alınmış borcların miqdarı kifayət qədər yüksəkdir. Bu baxımdan da adambaşına düşən borc yükü 1500-2000 ABŞ dolları arasındadır. Əlbəttə, bu kifayət qədər ciddi rəqəmdir. Devalvasiyadan sonra ABŞ dolları ilə ifadədə ÜDM-in həcmi kəskin şəkildə azaldı. Bu baxımdan qiymətləndirmə aparsaq, bu borc yükü Azərbaycan iqtisadiyyatı və vətəndaşlarımızın gəlirləri baxımından kifayət qədər yüksəkdir. Ancaq bir məsələ var ki, bu borcların böyük bir qismi təxminən 5 il sonrakı dövrdə zaman-zaman qaytarılması nəzərdə tutulub. Bu prosesə normal başlamaq üçün Azərbaycan iqtisadiyyatının 5 il ərzində bu böhrandan xilas olmasına ehtiyac var. Bundan sonrakı dövrdə isə hökumət borclarla mümkün qədər ehtiyatlı davranmalıdır”.

İqtisadçı qeyd etdi ki, artıq bununla bağlı müəyyən qərar verilib: “Ötən həftə dövlət borclarına nəzarətlə bağlı mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı imzalanan sərəncam bu istiqamətdə müsbətə doğru müəyyən dəyişiklik yarada bilər. Sərəncamda qeyd edilir ki, tələblər sərtləşdiriləcək. Dövlət Borclarına Nəzarət Agentliyi tərəfindən dövlət zəmanəti ilə götürülən borclara xitam verilməsi və ya yeni borclanma üçün müraciətlərin əvvəlcədən qiymətləndirilərək bu müraciətlərdən imtina edilməsi kimi səlahiyyətlərin verilməsi onu göstərir ki, bu durum hökuməti də narahat edir.

Related image

Ötən il Maliyyə Nazirliyi tərəfindən səsləndirilən əsas fikir ondan ibarət idi ki, dövlət qurumların götürdüyü borclar bu qurumlar tərəfindən icra olunur. Son nəticədə yük dövlət büdcəsinin üzərinə düşmür. Dövlət büdcəsinin üzərinə düşən yük isə o deməkdir ki, bu pulları Azərbaycan vətəndaşı, vergi ödəyicisi ödəyir. Və ya vətəndaşların yararlandığı sosial xərcləmələrin həcmi azaldılır, həmin vəsait xarici borcların ödənilməsinə yönəldilir. O baxımdan dövlət büdcəsindəki vəsaitlərin əsas hissəsinin xarici borcların ödənilməsinə yönəlməsi son nəticədə büdcənin sosial xərclərinin həcminə mənfi təsir göstərir. Bu baxımdan bu kimi amillər aidiyyatı qurumlarda müəyyən narahatlıq yaradıb. Bu səbəbdən bundan sonrakı dövrdə dövlət zəmanəti ilə borclanma ilə bağlı məsələlər daha mürəkkəb və çətin olacaq. Eyni zamanda ola bilər ki, növbəti dövrlərdə bir çox qurumlar üçün, xüsusilə də özünü təmin edən dövlət müəssisələri üçün bu xarakterli borclanmalara tamamilə məhdudiyyət tətbiq edilsin".

İqtisadçının sözlərinə görə, xarici borcun həcminin artması sadə vətəndaşların cibinə də təsir edir: “Qanunvericiliyə görə, dövlət nəzarəti ilə götürülən borclar borcu alan qurum tərəfindən icra edilə bilmirsə, dövlət büdcəsi hesabına ödənilir. O cümlədən bir çox qurumların götürdüyü borclar birbaşa olaraq dövlət büdcəsi üzərində xərc yüküdür. Belə olduğu halda təbii ki, büdcə planlaması zamanı qeyd edilən istiqamətə xərclərin artırılması, xüsusilə də gəlirlərin kəskin azaldığı dövrdə sosial xərclərin həcminə mənfi təsir göstərir. Bundan əlavə, əsaslı investisiya qoyuluşlarının həcmi azalır. Son nəticədə dövlətin borc öhdəliklərinə görə, vətəndaşlara ayrılacaq sosial xərcləmələr azalır. Birbaş təsir bundan ibarət olsa da, dolayısı təsirlər daha çoxdur. Belə ki, qeyd edilən borc öhdəliklərinin yerinə yetirilməsi son nəticədə iqtisadiyyata da ziyan vurur. Bir var ki, həmin vəsaitlər əlavə dəyər yaradan bir sahəyə yönəldilsin, bir də var ki, heç bir əlavə dəyər yaratmayan istiqamətdi. Bu da büdcədən yararlanmayan seqmentin də xarici borclardan zərər çəkməsinə gətirib çıxarır”.

Dünyanın digər ölkələri ilə Azərbaycanın xarici borcunun durumunu dəyərləndirən Rəşad Həsənov bu rəqəmin elə də böyük olmadığını vurğuladı: “Mən deməzdim ki, bu çox böyük rəqəmdir. Bu rəqəmin ciddi şəkildə böyük olduğu ölkələr var. Yunanıstanın xarici borcu ÜDM-dən 1,4 dəfə artıqdır. ABŞ dünyanın ən gülçü iqtisadiyyata malik olan dövlətlərindən sayılır. Lakin dövlət borcu kifayət qədər yüksəkdir...”






Fikirlər