HACIYEV YENİ SƏNƏDLƏR ÜZƏ ÇIXARDI – “Borc 1,1 milyard dollardı, 3,3 MİLYARD OLDU”

cahangir-haciyev

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birlikdə həbs edilənlərin apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sabiq bankir və onunla birlikdə mühakimə olunanların işinə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb.

 C.Hacıyev son günlər Beynəlxalq Bankın müflisləşmə həddinə çatmasına münasibət bildirib.
Cahangir Hacıyev deyib ki, xarici borclar 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda bu rəqəm 3,3 milyard dollardan çoxdur: “Bankın belə aşağı səviyyəyə düşməsinə cavabdeh olan şəxslər izahat verməlidir”.

Sabiq bankir çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bir daha vurğulayıb:”Bu iş başdan-ayağa saxtadır. Səksən nəfərdən çox adam dindirilib. Nəinki bir, heç yarım nəfər də mənimsəmə ilə bağlı fakt ortaya qoymayıb. Məni kredit verməyə görə ittiham edirlər. Kredit vermək nə vaxtdan cinayət olub? Beynəlxalq Bankın 6 milyard kredit portfeli olub, onun cəmi 30 faizi həcmində – 2 milyard kredit verilib. Hazırda isə Beynəlxalq Bankın təkcə problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər?

2010-2014-cü illərdə Vergilər Nazirliyi yoxlama aparıb, 80-ə qədər cinayət işi başlanıb. Amma sonradan onların hamısına xitam verilib. Prokurorluq xitam verib. İndi həmin prokurorluq zəhmət çəkib araşdırsaydı, görərdi ki, mən cinayət eləmişəm, yoxsa yox. Mən iyirmi il Beynəlxalq Bankda işləmişəm, bu müddətdə bankın reytinqi həmişə yüksək olub”.

Cahangir Hacıyevin vəkilli Aqil Layıcov məhkəməyə bir sıra sənədlər təqdim edib.

Vəkil bildirib ki, bu sənədlərin bir qismi işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də təqdim olunmuşdu, qalanı isə yenidir: “Sual oluna bilər ki, qalan sənədləri niyə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim eləməmişdik? O vaxt bu sənədləri ittiham tərəfi ortaya qoymalı idi. Amma təəssüf ki, ittiham tərəfi heç bir iş görmədi. Sonradan biz özümüz onları əldə etdik. Ona görə də indi təqdim edirik. Sənədlərin bir hissəsi xarici ölkələrdən – Lüksemburqdan, Almaniyadan göndərilib. Arasında “AMİKA” layihəsinə aid sənədlər də var. Bu layihə ilə Albaniyada iki neftayırma zavodu alınmışdı. Bu layihə çərçivəsində zavodlara 40 milyon kredit ayrılıb. Bu kredit dövlət zəmanəti ilə ayrılıb. Zavodların səhmlərinin alınması üçün girov qoyulub. Həmin səhmlər indi də girovdur. İkinci layihə Dubayda həyata keçirilib. Orada tekstil fabriki və metal zavoduna xeyli vəsait ayrılıb. Ofşor şirkətlərin sənədlərində də bu məsələlər öz əksini tapıb”.

Vəkil əlavə edib ki. Maliyyə Bazarlarına Nəzarət Palatasının ekspertlərinin rəyi obyektiv olmayıb: “Onlar ittiham mövqeyindən çıxış edib. Cahangir Hacıyevə CM-nin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə irəli sürülən ittihamlara xitam verilməlidir”.

Sabiq bankirin digər vəkili Fəxrəddin Mehdiyev bildirib ki, müdafiə etdiyi şəxsin rəhbərliyi dövründə Beynəlxalq Bank gəlirlə işləyib: “Bu işə birinci instansiya məhkəməsində baxılarkən obyektiv araşdırma üçün xeyli vəsatət qaldırdıq. Ancaq heç biri təmin olunmadı. Vəsatətlərdən biri də Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin dindirilməsi haqda idi. Mais Piriyev bir sıra açıqlamalar verib Cahangir Hacıyevin təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdu. Ona görə də onun dindirilməsini istəmişdik. Əgər o dindirilsəydi, bir çox məsələlərə aydınlıq gələrdi. Biz həmçinin maliyyə nazirinin də əlavə şahid qismində dindirilməsini istəmişdik. Bu vəsatət də təmin olunmadı. Əgər vəsatətlərimiz təmin olunsaydı, həqiqətlər üzə çıxardı”.

Vəkilləri C.Hacıyev barəsindəki cinayət işinə xitam verilməsini istəyiblər.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.

 






Fikirlər