26.09.2014 - İnam Kərimov: “ASAN xidmətin məqsədi korrupsiyanı tam aradan qaldırmaqdır”

26.09.2014 - İnam Kərimov: “ASAN xidmətin məqsədi korrupsiyanı tam aradan qaldırmaqdır”Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilatçılığı ilə Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

ASAN xidmətin sədri İnam Kərimov virtualaz.org saytına eksklüziv açıqlamasında konfransın məqsədi və xarici qonaqların ASAN xidmətin təcrübəsini öyrənməsinə göstərdiyi böyük maraqdan danışıb.

Tədbirin Azərbaycannın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində ASAN xidmət tərəfindən keçirildiyini deyən İnam Kərimov bildirdi ki, konfrans mövzu etibarilə çox maraqlı və unikal idi.

Onun sözlərinə görə, konfransın əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə edilmiş ən yaxşı nailiyyətləri bölüşmək idi.

ASAN xidmətin sədri qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil: “Çünki ən yaxşı təcrübə elə Azərbaycandadır. ASAN xidmət dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brenddir və tədbirdə iştirak etmiş xarici qonaqlar da bunu bilir. Bu konfrans ekspertlər çərçivəsində təşkil olunmuşdu. Bu sahənin ekspertləri konfransda iştirak edir və onların da məqsədi ən yaxşı təcrübələri, xüsusilə də ASAN xidmətin təcrübəsini öyrənməkdir”.

Konfransda iştirak edən digər ölkələrin də ASAN xidmət kimi modelinin olduğunu diqqətə çatdıran İ.Kərimov bildirdi ki, xarici qonaqlar da konfransda öz modellərini təqdim etdilər: “Onların da müəyyən sahələrdə əldə etdikləri meyarları, yaxşı təcrübələrini bu konfransda açıqlayıb paylaşdılar”.

Konfrans iştirakçılarının ASAN xidmət mərkəzi ilə də tanış olduğunu bildirən İ.Kərimov avropalıların göstərilən xidmətlərdən təəccübləndiklərini söylədi: “Qonaqlar ASAN xidmətin fəaliyyəti ilə bağlı təəccüblərini gizlədə bilmədilər. Onlar bizə bildirdilər ki, bu cür işlər əksər iştirakçı ölkələrdə təşkil olunmalıdır”.

İ.Kərimov dedi ki, konfransda həmçinin dövlət xidmətlərinin təşkilində yeni innovativ həll yolları, elektron hökumətin dövlət xidmətlərinin təşkilindəki rolu və s. məsələlər də müzakirə olunub.

ASAN xidmətin göstərdiyi xidmətin miqyasının və əhatə dairəsinin genişləndirilməsindən də danışan İ.Kərimov söylədi ki, bütün bunlar dövlət başçısının sərəncamı ilə həyata keçirilir: “ASAN xidmətin xidmətlərinin çərçivəsi cənab prezidentin sərəncamı ilə müəyyənləşdirilir. Hazırda 10 dövlət qurumu tərəfindən 30 qrup xidmət göstərilir. Mərkəzlərdə həmçinin funksional yardımçı xidmətlər var. O cümlədən bəzi dövlət şirkətləri tərəfindən də xidmətlər göstərilir. Biz bunları alt qruplaşdırsaq, 230-a yaxın xidmət göstərilir. Bu xidmətlərin artırılması cənab prezidentin sərəncamı ilə həyata keçirilir. Əgər sərəncamla bu xidmətlər artırılarsa, biz bunları icra edəcəyik”.

İ.Kərimov bildirdi ki, ASAN xidmətin fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən qeydə alınır: “Biz bu konfransda da bəyan etdik ki, ASAN xidmət korrupsiya ilə mübarizədə effektiv bir vasitədir. Bu xidmət korrupsiyanın tamamilə aradan qaldırılmasına xidmət edir”.

ASAN xidmətin fəaliyyətinin təkcə korrupsiyanın qarşısının alınması ilə bitmədiyini deyən İ.Kərimov qeyd etdi ki, ASAN xidmət dövlət xidmətlərinin səmərəliliyinin, sürətinin və keyfiyyətinin artırılmasına da xidmət edir: “Konfrans zamanı aparılan müzakirələrdə məlum oldu ki, bəzi ölkələrdə bu məsələlər ciddi problem olaraq qalır. Bəzi Avropa və inkişaf etmiş ölkələrdə sənədlərin alınması üçün insanlar həftələrlə gözləməli olurlar. Ancaq ASAN xidmətdə qanunvericilik əsasında aparılan proseslər çərçivəsində sənədlərin verilməsi günlər, saatlar və hətta dəqiqələrlə ölçülür”.

İ.Kərimov sonda onu da vurğuladı ki, konfransda iştirak edən bir çox ölkələrin nümayəndələri ASAN xidmətin təcrübəsini yaxından öyrənməkdə maraqlı olduqlarını bildiriblər.

İlkin Muradov






Fikirlər