Hansı sahələrdə qiymətlər artacaq? – TƏHLİL

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətində artım qərarı ölkədə başqa sahələrdə qiymət artımına səbəb olmayacaq.

Axar.az xəbər verir ki, ekspertlərin qənaətinə görə, Aİ-92 markalı avtomobil benzininin qiymətinin tənzimlənməsi iqtisadiyyatın əsas sahələri, kənd təsərrüfatı və digər istiqamətlər də daxil olmaqla, ölkədə qiymət artımına heç bir təsir etməyəcək.

Xüsusən ictimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna görə bu sahədə qiymətlər sabit qalacaq. Bakı Nəqliyyat Agentliyi artıq bununla bağlı rəsmi açıqlama da verdi və sərnişindaşımada heç bir artım olmayacağını elan etdi.

O cümlədən Bakı Metropolitenində də elektrik enerjisindən istifadə edildiyi üçün hər hansı artım olmayacaq.

Kənd təsərrüfatında, kənd təsərrüfatı məhsullarının daşınmasında Aİ-92 markalı benzin istifadə olunmadığına görə bu sahədə də qiymət dəyişikliyinin baş verməyəcəyi şübhəsizdir.

Ekspertlər bildirir ki, Aİ-92-nin qiymətinin qalxması yalnız fərdi avtomobilə malik olan şəxslərə təsir edəcək. Bu da həmin şəxslərin daha qənaətcil olmasını, nəqliyyat sıxlığının qismən aradan qalxmasını şərtləndirəcək.






Fikirlər