Marketlərdə alıcıları narazı salan “qiymət oyunları”… - REPORTAJ, FOTOLAR
Son zamanlar insanlar sosial şəbəkələrdə iri marketlərdəki müxtəlif cür qiymət oyunları ilə bağlı şikayətlərini bildirirlər. Manatın devalvasiyasından sonra bir çox ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində kəskin artım, onsuz da insanları narahat edən amildir. Bir müddətdir ki, manatın dollara nisbətdə məzənnəsi sabit qalsa da, hələ də marketlərdə qiymət artımı davam edir. Lakin sahibkarlar insanlar üçün əlavə problemlər də yaradırlar. Belə ki, qiymətlər artırılmaqla bərbər, müxtəlif oyunlar vasitəsilə alıcıların ciblərinə girilir. Musavat.com-un əməkdaşı olaraq iri ticarət mərkəzlərində olub, alıcıların şikayətləndiyi arqumentləri araşdırdıq. Müşahidə etdik ki, doğrudan da əksər məhsulların qiymətini bir neçə qəpik azaltmaqla, əslində insanları aldadırlar. Məsələn, marketlərdə 63 qəpik, 56 qəpik, 1 manat 12 qəpik, 27 qəpik və sairə bu kimi qiymətlərə rast gəlmək mümkündür. Məsələ burasındadır ki, mağazalarda əksər hallarda bu qədər xırda əsginas olmur. Ona görə də tutalım 56 qəpik qiymətləndirdikləri məhsulu 60, 63 qəpik yazdıqları məhsulu 70 qəpiyə sata bilirlər. Xüsusilə də əgər alıcı bir-iki məhsul alıbsa, kassir açıq şəkildə bildirir ki, xırda qəpik yoxdur. Bəzən xırda qəpiklərin yerinə bir ədəd atma çay verilir, bəzən isə ümumiyyətlə, heç nə vermirlər. Alıcılar bildirirlər ki, hər hansı malı almaq istəyən zaman 3 qəpikləri çatmırsa, kassir bu pulu onlardan tələb edir. Lakin 3 qəpik artıq pul verdiklərində isə qaytarmaq istəmir. Yəni dolayısı ilə 3 qəpiyindən keçməyən mağaza, bu jesti müştəridən gözləyir. Burada isə marketoloqların sevimli cümlələri olan “müştəri hər zaman haqlıdır” aksiomu unudulur... Mağazalarla yanaşı apteklərdə də oxşar vəziyyət yaşanır. Xüsusilə də qrip əleyhinə olan toz şəkilində dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərlə satıldığı kimi, əksər hallarda məsələn 83 qəpik qiymətləndirib, 90 qəpik alırlar. Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadçı Rəşad Həsənov isə bildirib ki, əslində burada iqtisadi faktorlar var və bunu da oyun adlandırmaq doğru olmaz: “Dünyanın hər yerində marketinq siyasəti buna bənzər formada aparılır və məhsulların qiymətləndirilməsi zamanı orada ən müxtəlif faktorlar var. Güzəştlərin tətbiq olunmasından başqa eyni zamanda burada əlavə psixoloji faktorlar yer alır ki, bu, marketinq siyasətində tətbiq olunan metoddur. Məsələ ondadır ki, əgər mağazadan bir ədəd məhsul alırsansa və onun qiyməti 96 qəpikdirsə, ola bilsin ki, burada hansısa formada güzəştdən yararlana bilmirsən. Yaxud da qiymət ucuzluğundan istifadə etmirsən. Lakin irihəcmli alış-veriş edən insanlar bu metoddan faydalana bilirlər. Belə ki, güzəştlər qəpik-qəpik üst-üstə yığılır və əhəmiyyətli bir rəqəm alınır. Bu isə alıcının büdcəsinə müsbət təsir göstərir. Sadəcə, son göstərici məsələn 53 manat 92 qəpik yaranıbsa, ola bilər ki, onun 5 qəpiyini qaytarıb, 3 qəpiyi qaytara bilməsinlər. Ancaq nəzərə alaq ki, 53 manatın içərisində onlarla güzəştlər var ki, bu da alıcı üçün müsbət təsir göstərir. Bir məsələ də var ki, vətəndaşlar xırda qəpiklərini marketlərdə qoymaq istəmirlərsə, o zaman qəpiyə satılan nə isə ala bilər. Bəzən həqiqətən də marketlər xırda əsginasların əldə olunmasında çətinliklə üzləşirlər. Çünki onların dövriyyədə həcmi məsələsi var. Ola bilsin ki, marketlər zamanında onu təsbit etmədiyi üçün bu çətinliklərlə üzləşir. Digər məqam da ondan ibarətdir ki, sahibkarlar da yaranmış situasiyadan sui-istifadə etməməyə çalışmalı deyillər. Onların məqsədi müştəri məmnuniyyətini təmin etmək olmalıdır. Yaxşı olar ki, xırda qəpiklər marketlərdə hər zaman olsun ki, bu kimi narazılıqlar ortaya çıxmasın. Düşünürəm ki, bu, o qədər böyük problem deyil. Bu cür problemlər devalvasiyadan qabaq da vardı və müzakirə edilirdi”. Onu da qeyd edək ki, son zamanlar iri marketlərdə vaxtı keçmiş məhsullara da tez-tez rast gəlinir. Bundan əlavə məhsulun üzərinə bir qiymət vurulur, kassada isə alıcıya daha baha qiymət deyilir. Bu da insanlar tərəfindən xeyli müzakirə edilən və narazılıqlar yaradan arqumentdir. Kassaları xüsusi sistemlə idarə olunan iri marketlərdə bir məhsulu alıb, sonra geri qaytarmaq müəyyən müddətli proses olduğu üçün çox zaman alıcılar vaxt itirməmək üçün pullarından keçməyə məcbur olurlar. Nəticədə isə marketlər satıcını oyuna gətirərək istəklərinə nail olurlar.