2018-ci il dövlət büdcəsində neft gəlirlərinin PAYI ARTIB - SƏBƏB NƏ?!
Bu məsələyə ekspertlərin münasibəti də birmənalı deyil Gələn il üçün Azərbaycanın neft sektoru üzrə büdcə gəlirlərinin məcmu büdcə mədaxilində xüsusi çəkisi 55,1% və ya 11,096 mlrd. manat səviyyəsində nəzərdə tutulur. Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7% çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1%-ni və ya 9,216 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,9%-ni və ya 1,880 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1,380 mlrd. manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500 mln. manat nəzərdə tutulur. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 73,4% və 26,6%-ni təşkil etməklə cari ilin analoji proqnozu ilə müqayisədə SOCAR üzrə 15 mln. manat, ABƏŞ üzrə isə 25 mln. manat çoxdur. Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinin ümumi gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu məsələyə ekspertlərin münasibəti də birmənalı deyil. Çünki son illərdə aparılan islahatlar büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılmasına yönəlmişdi.
İqtisadçı ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra növbəti ilin büdcəsinin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildi: “Ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə aparacağına heç kim təminatçı ola bilməz. Necə ki, 2014-cü ildə onun birdən-birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. Növbəti ildə neftin qiymətləri özünü necə aparacaq? Bura dünyanın siyasi müstəvisində baş verən prosesləri və həm də alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun”. Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var? Ekspert hesab edir ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür: “Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xərclər onsuz da Neft Fondundan dövlət büdcəsinə ayrılacaq transfertlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Daha doğrusu, bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbində bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir - biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, neft gəlirləri artdıqca hökumət xərcləməyə yönümlü siyasət həyata keçirir: “2017-ci ilin dövlət büdcəsinə, o cümlədən Dövlət Neft Fondunun büdcəsinə edilən dəyişikliklər də onu göstərdi ki, neft gəlirləri artdıqca hökumət xərcləməyə meylli siyasət həyata keçirir. Bu, eyni zamanda 2018-ci ilin dövlət büdcəsində də özünü göstərdi. Büdcənin gəlirləri təxminən 20,3 faiz artıb. Gəlirlərin artımında əsas pay neft sektorunun üzərinə düşür. Belə ki, təxminən 3,4 milyard manat həcmində artım var ki, bunun da 3,2 milyardı neft sektorundan daxilolmalar hesabına təmin olunur. Burada digər məqam isə ondan ibarətdir ki, hökumət gələn il neftin bir barelinin qiymətinin təxminən 45 ABŞ dolları ətrafında olacağına ümid edir. Dövlət büdcəsi də bu cür proqnozlaşdırılıb. Nəticədə Dövlət Neft Fondundan daxilolmaların həcmi artacaq. Son nəticədə dövlət büdcəsinin 55 faizi yenə də neft sektorunun üzərində formalaşır. Neft Fondundan transfertlərin həcmi 2018-ci il üçün yenidən artırılır. Bu da onu deməyə əsas verir ki, hökumət siyasətini neft gəlirlərinin xərclənməsi istiqamətində qurmaqla iqtisadiyyatı dövlət xərcləmələri hesabına müəyyən qədər canlandırmağa çalışır”. İqtisadçının sözlərinə görə, büdcədə sosial xərclər faiz etibarilə geriləyib: “Büdcə xərcləri 16,5 faiz artırılıb, 20,9 milyarda çatdırılıb. Ötən illə müqayisədə 3 milyard manata yaxın artıq xərcləmə nəzərdə tutulub. Xərcləmənin təxminən 1 milyardı sosial istiqamətə hədəflənib. Belə ki, 2017-ci ildə büdcədə sosialyönümlü xərclərin həcmi 6.7 milyard idisə, 2018-ci ildə bu xərclər 7,7 milyard manata qalxıb. Bu artım büdcənin ümumi artım tempi ilə uzlaşmır, nəticədə sosial yönümlü xərclərin büdcənin ümumi strukturunda xüsusi çəkisi 36,6 faizə qədər azalıb. Cari ildə bu göstərici 40,2 faiz həcmində proqnozlaşdırılmışdı. Bu istiqamətdə təxminən 3,6 faiz geriləmə var. Xərcləmələr daha çox əsas vəsait qoyuluşlarına yönəldilib, investisiya qoyuluşlarının həcminin artırılması nəzərə tutulur. Əmək haqlarının artımı təxminən 104 milyon manat həcmində proqnozlaşdırılıb. Nəticədə 20218-ci ilin dövlət büdcəsinin 20 faizi əmək haqlarına yönəldiləcək ki, bu da 4,2 milyard manat deməkdir. Əməyin ödənişi üçün artım cəmi 2.5 faiz proqnozlaşdırılır. Halbuki dövlət büdcəsində ümumi xərc artımı 16,5 faizdir. Əmək haqlarının artım istiqaməti daha çox təhsil istiqaməti üzrə nəzərdə tutulub. 104 milyon manatlıq əmək haqqı artımının 70 milyonu 26 rayonda təhsil işçilərinin diaqnostik qiymətlərinin nəticələri üzrə əmək haqlarının maliyyələşdirilməsinə yönəldilə bilər. Bu isə onu deməyə əsas verir ki, 2018-ci ildə dövlət büdcəsində əmək haqqı ilə bağlı ciddi artım proqnozlaşdırılmır”.