Bayram günlərində MANAT stabil qalacaq
Azər Mehtiyev: “Hər hansı narahatlıq doğuran məqam görünmür” Geridə qoyduğumuz 2017-ci ili manat üçün sabit bir il kimi xarakterizə etmək olar. Lakin müxtəlif dövrlərdə iqtisadçı ekspertlər ilin sonuna doğru manatın məzənnəsinin dollar qarşısında cüzi də olsa dəyərdən düşəcəyini bildirirdilər. Səbəb isə ilin sonu ilə bağlı xarici ödənişlərin artması , dövlət borclarının ödənilməsi və idxalın artması ilə bağlı dollara tələbin çoxalması idi ki, bunlar manata təzyiq yaradan amillər kimi qiymətləndirilirdi. Lakin hazırda neftin dünya bazarında qiymətinin manatın məzənnəsi üçün sərfəli həddə olması bu proqnozları ertələdi. Bəs görəsən , bayram günlərində manat necə davranacaq? Milli valyutamızın məzənnəsinə hər hansı dəyişiklik müşahidə oluna bilərmi? İqtisadçı ekspert Azər Mehtiyev “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirib ki, manatın taleyi ilə bağlı hər hansı narahatlıq doğuran məqam görünmür: “Düzdür, adətən ilin sonu ödəmələrin sürətləndiyi dövr olur. Ancaq bu dövr artıq geridə qalır. Biz artıq sabahdan bayram günlərinə qədəm qoyuruq və bu günlərdə də qeyri-adi bir dəyişiklik gözlənilmir. Ümumiyyətlə dünya bazarında neftin qiymətinin ölkəmizə sərfəli bir səviyyədə sabitləşməsi manatın da sabitləşməsinə imkan verdi. İndiki halda həm Mərkəzi Bankın ehtiyatları, həm də neftin mövcud qiyməti manatın məzənnəsində hər hansı kəskin dəyişikliklərə səbəb ola bilməz. Siyasi və iqtisadi durumu da nəzərə alsaq, bayram günlərində manatın məzənnəsində kəskin bir dəyişiklik gözlənilmir”.
İqtisadçının sözlərinə görə, neftin qiymətləri manatın məzənnəsini sabit saxlamaq üçün ölkəyə kifayət qədər vəsaitin daxil olmasına imkan verir: “O cümlədən ölkədən kapital ixracına nəzarət güclənib, məhudlaşdırma yaradılıb. Valyuta rejimi ölkədən valyuta axınına nəzarət etməyə imkan verir. Bu baxımdan siyasi bir gərginliyin olmayacağı təqdirdə manatın məzənnəsində dəyişikliklər elə də gözlənilən deyil. Əvvəlki illərdən fərqli olacaq ölkədən maliyyə axınına nəzarət gücləndirilib. 2018-ci ildə də manatın taleyi neftin qiymətindən birbaşa asılı olacaq. Neftin qiymətindəki mövcud durum hələ ki, manatın məzənnəsinin qeyri-neft sektorundan asılı olmasına imkan vermir, daha çox neft sektorundan asılı vəziyyətdədir. Növbəti ildə də manatın taleyi neft bazarında baş verən dəyişikliklərlə bağlı olacaq. 2013-2014-cü illərdəki qədər olmasa da, neft gəlirlərindən asılılıq həlledici rol oynayacaq. Əgər neft bazarına təsir edəcək hər hansı siyasi gərginlik baş verməsə, gələn il qiymətlər Azərbaycan üçün sərfəli həddə olacaq. Gələn il məzənnə ilə bağlı ciddi gərginlik gözlənilmir. Lakin bu ölkə iqtisadiyyatındakı sabitliklə bağlı deyil, neftin qiymətləri , ölkənin valyuta ehtiyatları baxımından belə qiymətləndirilir. 2018-ci il həm də seçki ildir, siyasi proseslər pik həddə olacaq. Yalnız bizdə deyil, Rusiyada da prezident seçkisi ili olacaq. Təbii ki, bu proseslər təsirsiz ötüşməyə bilər. İqtisadi baxımdan gələn il üçün manatın məzənnəsinin ən azı birinci yarımildə sabit olmasını söyləmək olar”.
İqtisadçı ekspert Pərviz Heydərov da bildirdi ki, yaxın və orta perspektivdə manatın məzənnəsi sabit qalacaq: “Artıq Mərkəzi Bankın (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilən cari ilin son valyuta hərracında məzənnə müəyyən edilib. Heç bir dəyişiklik yoxdur. Ümumiyyətlə, məzənnədə belə qısamüddətli vəziyyətdə hər hansı bir dəyişiklik gözləməyə dəyməz. Söhbət, yalnız qiymətlərin arta biləcəyindən gedə bilər ki, bu da mərhələli olaraq baş verir. Məlum olduğu kimi inflyasiya demək olar ki, 14% təşkil edir. Manatın xarici valyutalara, xüsusən də ABŞ dollarına münasibətdə isə nə indi, nə də yaxın və orta perspektivdə hər hansı bir dəyişiklik gözlənilmir”.