Dolların məzənnəsi 1,80 AZN/USD-yə çatacaq - iqtisadiyyata yeni nəfəs gələcək

image here

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi bu ilin sonuna kimi 1,80 AZN/USD səviyyəsini keçə bilər. "Report"un analitik qrupu hesab edir ki, valyuta bazarında cari vəziyyət dəyişməzsə, dolların məzənnəsi yumşaq artımını davam etdirəcək. 
Qeyd edək ki, ilin sonuna qədər təxminən 18 həftə qalıb. Son ayların təcrübəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hər həftə dolların rəsmi məzənnəsini təxminən 0,01 manat artırır. Bu da onu deməyə əsas verir ki, ilin sonuna qədər qlobal iqtisadi konyunkturda ciddi dəyişikliklər fonunda AMB-nin valyuta siyasətində dəyişiklik olmasa, rəsmi məzənnə ən azı 1,80 AZN/USD səviyyəsinə qədər yüksələ bilər. Belə olarsa, ilin sonunda nağd dolların kommersiya banklarında maksimal satış səviyyəsi (4%-lik marja nəzərə alınmaqla) 1,87 AZN/USD-yə çata bilər. 
Xatırladaq ki, 2015-ci ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra, bu il yanvarın 8-də dolların məzənnəsi valyutadəyişmə məntəqələrində 1,87 AZN/USD-yə qədər yüksəldikdən sonra AMB banklara və həmçinin mübadilə məntəqələrinə valyuta satışının maksimal və minimal həddini 4%-lik marja ilə məhdudlaşdırıb (əvvəl - 2% olub).
"Report"un analitikləri hesab edirlər ki, manatın daha da ucuzlaşması ixracat və turizm sektorunu dəstəkləsə də, idxal mallarının qiymətini artıracaq. Digər tərəfdən bu, yerli istehsal üçün əlavə stimul yaradacaq. Manat/dollar məzənnəsi balansı təmin etdikdən sonra valyuta bazarı da ortamüddətli perspektivdə sabitləşəcək və qıtlıq aradan qalxacaq. Bunun üçün tədiyyə balansının mənfi saldosu azalmalı və büdcəyə transferlərin həcmi xarici ticarətə uyğunlaşdırılmalıdır. Təbii ki, bu proses yumşaq həyata keçirilməli olduğu üçün manatın məzənnəsinin də uyğun olaraq zəiflədilməsi baş verir. Manatın yumşaq devalvasiyası əhalinin yeni qlobal iqtisadi reallıqlara uyğunlaşmasını təmin edə biləcək.
"Report"un analitik qrupu manatın yumşaq devalvasiyası prosesinin mövcud şərtlər fonunda gələn il də davam edəcəyini proqnozlaşdırır. Qeyd edək ki, qonşu ölkələrdən Rusiyada son 18 ildə milli valyuta - rubl dollarla müqayisədə 11 dəfə, Türkiyədə - lirə 11 dəfə dəyərdən düşüb. Bu ölkələrdə devalvasiyaya bir neçə dəfə ağır maliyyə böhranlarının baş verməsi amili səbəb olub.
"Qlobal iqtisadi artımın, eləcə də Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyatların "dib" nöqtəsinə çatması, yerli valyutaların bu səviyyədə sabitləşməsi tələb olunur və yalnız bundan sonra yeni iqtisadi reallıqlar çərçivəsində iqtisadi inkişafa nail olmaq mümkündür. Bu prosesin isə 3-5 il ərzində həyata keçməsi proqnozlaşdırılır", - deyə "Report"un analitiklər qeyd ediblər.






Fikirlər