E.Rüstəmov xalqa müraciət elədi: "Sakit olun..."
Virtualaz.org saytının məlumatına görə, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, AMB-yə daha çevik məzənnə siyasəti həyata keçirək imkanı verib: “Lakin o zaman neftin qiymətini çox yüksək səviyyədə olduğu üçün Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Digər tərəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq. Bunu üstün tərəfləri var təbii ki... Məsələn, inflyasiyanın azaldılması və sair.
Lakin bunu mənfi tərəfləri də var, bu da ixracatçıların mənafeyinin qorunması, iqtisadiyyatın diversifikasiyasına mənfi təsir və sair.
Bütün bunları nəzərə alaraq biz o zaman bivalyutalı səbətdən imtina etdik. Bu gün isə biz tam başqa bir mənzərə ilə rastlaşırıq. Bilirik ki, davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Bizim məzənnəmizin sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük.
Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə bərpa etdik. Demək istərdim ki, bu bərpa (avronun səbətdə payı-red.) o qədər də əhəmiyyətli deyil. Bu isə bizə imkan verir ki, avronun dollara qarşı gözlənilən əlavə zəifləməsi manata ötürülməsin”.
Baş bankir deyib ki, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək.
“Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmamasıdır. Lakin Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur” - deyə E. Rüstəmov bildirib.
Bununla belə, AMB rəhbəri qeyd edib ki, “bütövlükdə qlobal səviyyədə gedən proseslərə biz reaksiya verməliyik”.
“Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur” deyən E.Rüstəmov daha sonra bildirib: “Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq biz bu addımı atmadıq. Birmənalı olaraq deyirəm ki, bu addım barədə heç düşünülmür.
Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”.
E.Rüstəmov bildirib ki, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. “Məhz buna görə biz Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur”.
Bununla belə, baş bankir qeyd edib ki, Azərbaycanda artıq iki aydır dollarlaşma prosesi gedir və bu proses davam edəcək: “Burada qəribə heç bir şey görmürəm. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir”.
Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri deyib ki, cari ildə də ölkədə inflyasiya birrəqəmli olacaq: “Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə buna nail olmağa çalışacağıq”.
"AMB kommersiya banklarına göstəriş verib ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın" - bunu da E.Rüstəmov deyib.
“Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu, cəmi 4% artımdır. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. İstənilən vətəndaş bunu (əmanətini xarici valyutaya çevirmək-red.) etmək istəyirsə, onun buna tam hüququ var. Bu gün banklar bunu edir...
Bu gün biz müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşır. Yaranmış vəziyyətdə bu, doğrudur” - deyə E.Rüstəmov bildirib.
AMB rəhbəri banklara müraciət edərək əhalinin əmanətlərinə qarşı maksimum həssas olmağı tövsiyə edib: “Banklar əmanətlərin konvertasiyasını təmin etməlidir. Biz bu prosesi çox ciddi izləyirik. Çox sevindirici haldır ki, banklardan əhalinin əmanətlərinin qaçışının şahidi olmuruq”.
Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan baş bankir qeyd edib ki, bu gün nağd valyutaya tələbat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunduğunu deyən E.Rüstəmov bildirib ki, valyutanın hansı formada saxlanılması “əhalinin şəxsi seçimidir”.
Qeyd edək ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.
Xatırladaq ki, dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da AMB ötən 7 ayda manatı sabit saxlayıb. Rəsmi məlumatlara görə, ötən iki ayda AMB manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu isə AMB-nin 13 milyardlıq ümumi ehtiyatının cəmi 15 faizi qədərdir.
Onu da deyək ki, bu gün Bakının maliyyə bazarında dolların bahalaşması ilə bağlı ciddi ajiotaj yaşanıb. Əhali "manat ölür" deyə panikaya düşərək əlindəki manatdan xilas olmağa çalışıb və valyutadəyişmə məntəqələrinə axışıb. Banklar isə dollar satışını məhdudlaşdırmağa çalışıb.