Qızıl bazarındakı bahalaşma kimlərin üzünü güldürəcək? - ARAŞDIRMA
"Pulun batmaması üçün" vasitələrdən biri də həmişə olduğu kimi, qızıldır.
Azərbaycanda qızılın bahalaşdığı müşahidə olunur. Proses spontandır və idarəolunmaz təsir bağışlayır.
Bu mövzuda danışan tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu dünənki açıqlamasında bu cür artımın gözlənilən olduğunu deyib. “Azərbaycanda bu prosesin, qiymət dəyişikliklərinin səbəbini dəqiqliklə deməyə çətinlik çəkirəm. Fəqət dünya bazarlarında belə dəyişikliklər olur. Rusiya, Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar ucuzlaşdığından yaşananların Azərbaycanın daxili bazarına təsiri istisna olunmur. Məlumdur ki, vətəndaşlarımız banklara tam etibar etmədiklərindən pullarını hesablarda saxlamağa üstünlük vermirlər. Valyutalar ucuzlaşdığından insanlar bank hesablarına pul yatırmaqdansa əllərində olan vəsaiti qızıla və digər "etibarlı" nəsnələrə yatırırlar", - iqtisadçı ekspert bildirib.
Tanınmış, təcrübəli zərgər Dəyanət Zərbəliyev isə tam əksinə, qızılın bahalaşmadığını, iddiaların əslində şayiələr olduğunu söyləyib: “Qızılın qiyməti həftə ərzində tez-tez dəyişir, bu dəyişiklik isə cüzidir. 20%-30% dəyişiklik, demək olar, bu günəcən olmayıb. Dəyişəndə ən çoxu 1 dollar və yaxud da 1,5 dollar arasında olur, o da qızıl işi ilə məşğul olan şəxslər arasında. Ancaq alıcılar üçün bu dəyişiklik ciddi, nəzərəçarpacaq səviyyədə deyil".
Dünən günün ikinci yarısında Türkiyə daxil olmaqla, dünya bazarlarında da qızılın bahalaşdığı görülürdü. Prosesin Azərbaycanda müşahidə ediləcəyi artıq çoxlarında şübhə doğurmur. Hətta artıq açıq şəkildə ifnformasiyalar yayılmağa başlayıb ki, Azərbaycanda qızıl məmulatları bahalaşıb. Paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir. Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.
Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.
Qızıl və qızıl məmulatlarının qiymətindəki bahalaşma isə heç şübhəsiz, ilk növbədə Azərbaycanın “qızıl biznesi”ndə əsas pay sahibi olan məmurların üzünü güldürəcək, onların gəlirlərini artıracaq.
Məsələ burasındadır ki, ölkədəki “qızıl biznesi”ndə müəyyən məmurların da payının olması sirr deyil. İndiyədək KİV-in dəfələrlə yazmasına rəğmən nə təsdiq nə də təkzib edilməyən məlumatlardan belə görünür ki, Azərbaycanın qızıl bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl “polka”ları var.
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur.
Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - “Carrera y Carrera”, “Pasquale Bruni”, “Leo Pizzo”, “Antonini” və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Qeyd edək ki, Azərbaycana gətirilən, istər keyfiyyət və istərsə də qiymət sarıdan dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi kimi məhz gənclər və idman nazirinin adı çəkilir.
Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.
Bir sözlə, neftin ucuzlaşması, regional və qlobal iqtisadi proseslərdəki təlatümlər ölkənin bəzi oliqarxlarının biznesinə ciddi problemlər yaratdığı halda qarşıdakı periodda yuxarıda adını çəkdiyimiz və Azərbaycanın “qızıl bazarının” əsas oyunçuları sayılan məmurların üzü güləcək. Çünki proseslər onların ticarəti ilə məşğul olduqları qiymətli daş-qaşın dəyərinin çox yüksələcəyindən xəbər verməkdədir. (dia.az)