5 milyon manatı yağmalayan “Koroğlu” heykəli
Modern.az saytı özünün “Yeni Bakının heykəlləri” layihəsində onların bir qismi barədə məlumat verib. Elə həmin layihə çərçivəsində bu dəfə Azərbaycan folklorunun qəhrəmanlıq simvolu olan Koroğlunun şərəfinə ucaldılmış “Koroğlu heykəli”ndən söhbət açılacaq.
Heykəlin açılışı 21 fevral 2011-ci il tarixində olub. Müəllifi xalq rəssamı Tokay Məmmədovdur.
Tokay Məmmədovun emalatxanası
2009-cu ili dekabrın 3-də ölkə prezidenti İlham Əliyev Koroğlu abidəsinin də yer aldığı heykəl kompleksinin hazırlanması üçün müvafiq sərəncam imzalayır. Kompleksi üçün zəruri yer seçilir və bu Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılır. Müəllifi isə yenə də qocaman heykəltəraş Tokay Məmmədov olaraq qalır. Həmin vaxt heykəltəraşın 82 yaşı var idi və o artıq bir çox əsərlərə öz möhürünü vurmuşdu. Bu dəfə də iş ona həvalə olunmaqla Koroğlu həşəmətinə layiq bir əsər yaradacağına inanırdılar. Həm də heykəlin maketi uzun müddət idi ki, xalq rəssamının emalatxanasında qalırdı. Zaman isə indi qoca sənətkara fürsət verdi. Məmmədov dastan qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. Bir çox variantda yaradılan abidənin bir modeli hələ lap əvvəl Bakı şəhərində ucaldılmalı idi. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadır təsviri bağışlamalı idi. Prezidentin sərəncamı isə bu işi daha da tezləşdirir. 2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltəraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olur.
Maket daha sonradan Bakı Şəhər İcra Hakimiyyətinə də təqdim olunur. Hələ maket halında olarkən T. Məmmədovun bir çox heykəltəraş dostları bu işə narazılığını bildirir. Emalatxanaları yanbayan olan mərhum heykəltəraş Cəlal Qaryağdı bir dost kimi heykəlin at hissəsinə narazılığını bildirir. Bunu dəfələrlə müəllifin özünə də deyir. Amma nə at böyüdülür, nə də digər düzəlişlər edilir. Nəticədə isə, Azərbaycan heykəltəraşlıq sənətinin səviyyəsini aşağı sala biləcək bir əsər ortaya qoyulur.
Dastan qəhrəmanından “multik” qəhrəmanına
Layihəyə əsasən Koroğlu heykəli özü-özlüyündə Azərbaycan qəhrəmanlıq tarixinin daş üzərindəki həkk olunmuş forması olmalı idi. Şəhərin görkəmli yerində ucaldılması və görüm nöqtəsinin uzaq məsafəyə hesablanması abidənin insanlara bir görk olma məramını daşıyırdı.
Postamentin hündürlüyü məntiqə uyğun şəkildə hazırlansa da heykəlin özü o hündürlüyə tam olaraq cavab vermir. Hündür postamentin üzərində ahəngi qorumaq üçün nəhəng bir atın hörülməsi daha cəlbedici olardı. Onu da qeyd edək ki, heykəlin postamentlə birlikdə hündürlüyü 23 metrdi. Postamentin bitib atın başladığı hissədə tarazlığın pozulması abidəni gülüş obyektinə çevirir. Kiçik atdan sonra iri cüssəli Koroğlu isə bir növ “prikol” mahiyyəti daşıyır. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb. Ən maraqlı məqam isə heykəl kompleksinə ayrılan pullarla bağlıdır.
Koroğlu heykəltəraşlıq tariximizdə ən çox pul ayrılan heykəl kimi birinci yerdədir. Amma keyfiyyət təbii ki, bu pullara görə deyil. Belə ki, ölkə prezidentinin 24 dekabr 2010-cu il sərəncamına əsasən abidənin inşası üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat pul ayrılır və işlər Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilir.
Ayrılan vəsait həm də heykəlin yerləşdiyi parka da şamil olunurdu. 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib.
Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb. Amma bütün bu amillər də abidənin estetikasına o qədər də müsbət təsir etmir. Çünki parkdakı abadlığın özü belə ahəngin pozulması demək idi. Burada harmoniyasını itirmiş heykəl İtaliya işıqlarına yamaq kimi görsənir.
“Ayıb deyil, o nə işdi görmüsüz?!”
Heykəltəraş Tokay Məmmədov sovet dövründə müəllifi olduğu Əzizibəyov heykəlinə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülür. Heykəl həqiqətən də sənətkarlıq prizmasından baxanda çox böyük ustalıqla hazırlanmışdı. Hündür qranit özül üstünə qaldırılan abidədə heykəltəraş inqilabçını emosional, siluet ifadəliyi, bütün kompozisiyanın dinamikliyi və psixoloji keyfiyyətində yaradıb. Bu yaradıcılıq texnikası onun digər əsərlərində də özünü əks etdirib. Amma deyəsən sənətkarın da payız dövrü olarmış. Nə yazıq ki, bizim üçün “Əzizbəyov” heykəlindən daha vacib fakt olan “Koroğlu” heykəltəraşın payız dövrünə düşüb. İntellektual cəmiyyətdən tutmuş sadə xalq kütləsinə qədər hər bir şəxs sanki abidədə böyük bir qüsuru həmən hiss edir. “Qıratın poni ilə əvəzlənməsi” qəhrəmanlıq dastanına təhqir kimi anlaşılır. Adını çəkmək istəməyən heykəltəraşlardan biri heykəllə bağlı öz fikrini bu cür izah edir: “Məhz, Koroğlu heykəlinə görə mən heykəltəraş olmağımdan utanıram. Heykəltəraş olduğumu bilən kimi hamı birinci “Koroğlu”nu deyir. Soruşurlar ki, bəs ayıb deyil, o nə işdi görmüsüz?!”
P. S. Bu gün Tokay Məmmədov ömrünün 87-ci ilinə qədəm qoymaqdadır. Amma bu ömür pillələrində Əzizbəyov Koroğludan daha yaxşı hətta on dəfə, yüz dəfə yaxşı hazırlanıb…
Görünür sənətdə nəyi duyur və nəyi özündən keçirirsənsə? onu o səviyyədə yaxşı hazırlayırsan. Deməli əsas problem Koroğlu heykəlində deyil. Problem Koroğlunu hələ də içindən keçirməyən cəmiyyətdə və bu cəmiyyətin sənətkarındadı…