Azərbaycanın neft yataqlarında hasilatın zirvə səviyyəsi arxada qaldığından neft hasilatının azalması davam edir.
Son 150 ildə ölkə daim yenilənən neft ehtiyatlarının təxminən 77 faizini artıq çıxarıb. Bundan sonra enerji sahəsindəki gəlirlər necə olacaq?
Hazırda, neft istehsalının ildən-ilə azalma tempinə baxmayaraq, emal məhsulları sənayesi daxil olmaqla, nəhəng qaz layihələrinə başlanıb və bir çox layihələrin cari ildə istismara verilməsi gözlənir.
Azərbaycan keçən ilin 8 noyabrında nəzəri olaraq çıxardıla bilən 2,6 mlrd. ton neft ehtiyatından 2 milyardıncı tonun çıxarılmasını qeyd etdi. BP-nin operatoru olduğu Azəri-Çıraq-Günəşli müqaviləsinin yenilənməsi ilə layihəyə daha 40 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulacaq və bununla da, 2050-ci ilə qədər daha 500 mln ton neftin hasilatı mümkün olacaq, yerdə qalan 100 mln ton neft isə SOCAR-ın operatoru olduğu yataqlardan çıxarılacaq. Beləliklə, biz artıq məlum olan neft ehtiyatlarımızın 77 faizini yerin təkindəki laylardan çıxarmağa müvəffəq olmuşuq.
2018-ci ildə Azərbaycanın neft hasilatının 2017-cı ildən 2,2% azalaraq 37,534 mln. tona düşəcəyi ehtimal edilir, 2017-ci ilin göstəricisi isə öz növbəsində 2016-cı ildən 6,5% az olmuşdur. Bununla belə, 2018-ci il ölkə üçün qaz və neft sənayesində “dönüş nöqtəsi” olacaq: 100%-i SOCAR-a məxsus, 6,1 mlrd. ABŞ dollarına başa gələn, illik istehsal gücü 10 mln. ton olan Türkiyədəki Star Neft Emalı zavodu işə düşəcək.
SOCAR həmçinin Türkiyədəki Petkim Petrokimya Holdinqində 51% səhmə sahibdir. Petkim Türkiyədəki yeganə petrokimya kompleksidir və Ege bölgəsinin ən böyük ixracatçısıdır. Kompleksdə etilen, polietilen, polivinil, xlorid turşusu, polipropilen və digər kimya məhsulları istehsal olunur.
Azərbaycanın həmiçinin Maltanın və Afrikanın Kot d'İvuardakı maye təbii qaz (LNG) layihələrində payı var.
Eyni zamanda Şah Dəniz 2 yatağından ilk qaz 58% səhmi Azərbaycanın olan Trans Anadolu Boru Kəmərinə (TANAP) iyun ayının 30-da vurulacaq.
Əlavə dəyər gətirən qaz layihələri
SOCAR 2016-cı ilin noyabrında müflis olan AzMeCo methanol zavodunu 510 mln. ABŞ dollarına satın aldı, SOCAR Methanol MMC-ni təsis etdi və zovudu yeniləyərək 2017-ci ildə istehsalı bərpa etdi. Bu il isə yeni 2 zavod işə salınacaq: SOCAR Karbamid (gübrə) və SOCAR Polymer zavodları. Bu iki layihədə illik 1,3 və 1,5 mlrd. m3 təbii qaz xammalından istifadə olunacaq. Yəni xam mal yerinə, artıq əlavə dəyərə malik məhsullar istehsal və ixrac olunacaq.
750 mln. ABŞ dolları məbləğində Polymer zavodu illik olaraq, 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək, zavodun gücü 2021-ci ilə qədər ümumilikdə 570 min tona çatdırılacaq. 500 mln. dollarlıq SOCAR karbamid zavodu da bu il işə düşəcək. Zavod ildə 438 min ton ammonyak və 730 min ton azot gübrəsi istehsal edəcək.
Zavodlarda istehsal olunan malların cüzi miqdarı ölkədə satılacaq və qalan hissəsi ixrac olunacaq. Ötən ilin oktyabrın 30-da Bakı-Tblisi-Qars dəmiryolunun açılışı oldu, dəmiryolu Gürcüstan və Türkiyəyə tranzit xərclərinin azaldılmasına xidmət edir. SOCAR-ın Gürcüstandakı Kulevi terminalı illik olaraq 800 min ton methanolu keçid etmək gücündədir.
Məhsullara dünya bazarında tələbat da yüksəkdir. Azərbaycanın bu bazarnda payı 2017-ci ildə 0,7% olmuşdur və növbəti illərdə artacaq.
Nəhəng upstream layihələr
Bu il, iyunun 30-da ilk Şah Dəniz yatağının ikinci fazasının qazı Türkiyəyə çatdırılacaq və 2020-ci ilədən etibarən, Azərbaycan ildə 22,5 mlrd kubmet qazı Türkiyə ilə Avropaya satacaq ki, bunun 16 mlrd kubmetri Şah Dənizin ikinci fazasından olacaq. Bundan əlavə, Azərbaycan bir neçə böyük qaz yatağının inkişafına da hazırlaşır.
Azərbaycanın qaz layihələri, cari və perspektiv:
Gaz alanları
|
Ehtiyatlar (mlrd m3)
|
Başlama tarixi
|
İstehsal (mlrd m³/il)
|
Operator və ya partner
|
Abşeron 1. Faz
|
350
|
2019
|
1.5
|
Total
|
Abşeron 2. Faz
|
|
2026-2027
|
5
|
Total
|
Şah Dəniz 2
|
400
|
2018
|
16 (2021'de)
|
BP
|
Şah Dəniz 3
|
500
|
2030'larda
|
Araşdırılır
|
BP
|
Qarabağ, Əşrəfi, Dan Ulduzu
|
35-40
|
2021
|
1.5 (birlikdə)
|
Statoil
|
Babək
|
400
|
2020
|
3-5
|
SOCAR Ümid/Babək
|
Ümid
|
200
|
2020
|
1.5
|
SOCAR Ümid
|
AÇG quru qaz layı
|
500
|
2025
|
2-3
|
BP
|
Qoşadaş
|
Araşdırılır
|
2020
|
0.5
|
Petronas
|
Şəfəq, Asiman
|
500
|
2030
|
8
|
BP
|
2017-ci ildə Ümid və Bulla-Dəniz yataqlarından hasilat bərpa edilib, Fransanın Total şirkəti isə Abşeron yatağında qazmaya bu ilin mart ayının 1-də başladı və yataqdan illik olaraq 1,5 mlrd. m3 qaz hasilatı gözlənilir.
Azərbaycan həmçinin Azəri-Çıraq-Günəşli yatağında hasilatın pay bölgüsü sazişini yenilədi, hansı ki ümumiliklə 42 mlrd. m3 qazın SOCAR-a pulsuz olaraq verilməsini özündə ehtiva edir.
Azərbaycanda 1928-ci ildən 2017-nin noyabrın 1-nə qədər 600 mlrd. m3 qaz hasil olunub. Ölkədəki qaz yataqlarının 2,6 trln m3 ehtiyatı olması zənn edilir və bu ehtiyat potensial olaraq 3,45 trln-a çatdırıla bilər.
SOCAR-ın 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ötən il noyabrın 9-da müsahibəsində bildirmişdi ki, Azərbaycanda hasil edilən qazın məcmu həcmi ümumilikdə 2055-ci ilə kimi 2 trln m3-ə çatacaq.
Şah Dəniz - 2
Ölkə 2018-ci ilin ortasında Şah Dənizin 2-ci fazasını başlatmağa hazırlaşır, hasil olunan qaz 2021-ci ilə qədər 16,18 mlrd. m3-ə çatdırılacaq, bu qazın 10 mlrd. m3-i Avropa İttifaqına ixrac olunacaq.
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə indiyə kimi xarici kreditlərlə birlikdə 9 mlrd. ABŞ dolları xərcləmişdir və növbəti olaraq 2.5 mlrd investisiya edəcək.
Şah Dəniz - 2 qazının alıcıları
Şah Dəniz - 2 qazının alıcıları
|
Alış həcmi (mlrd. m3/illik)
|
Shell Energy Europe Limited
|
0,95
|
ENGIE S.A. (GDF SUEZ S.A.)
|
2,64
|
Uniper Global Commodities SE (E.ON Global Commodities SE)
|
1,45
|
Edison
|
0,99
|
Hera Trading Srl
|
0,3
|
Enel Trade SpA
|
0,48
|
BOTAS
|
6
|
Public Gas Corporation of Greece (DEPA) S.A.
|
1
|
Bulgargaz EAD
|
0,94
|
AXPO Trading AG
|
1,43
|
Cəmi
|
16,18
|
Qaz gəlirləri neft gəlirlərini əvəzləyə bilərmi?
Azərbaycan 2018-ci il 1 aprelin tarixinə qədər Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $130 mlrd. 551 mln. məbləğində vəsait qazanıb. Və bu o vəsaitdir ki, Azərbaycan Dövlət Neft Fondunun hesabına daxil olub. Azərbaycan özünün ilk mənfəət neftini 1999-cu ilin dekabrında qazanıb. Ancaq Azərbaycanın qazancı təkcə mənfəət nefti ilə məhdudlaşmır. Belə ki, konsorsium 1995-ci ilin yanvarından fəaliyyətə başlayandan dövlət büdcəsi, o cümlədən Dövlət Sosial Müdafiə Fondu köçürmələr əldə etməyə başlayıb. Düzdür, bunlarla bağlı ayrı-ayrılıqda dəqiq məlumatlar olmasa da, 2017-ci ilə qədər Azərbaycan vergilər şəklində 15 milyard dollardan çox vəsait qazanmasına dair məlumat ictimailəşdirilmişdi.
Bundan əlavə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” layihəsindəki payına görə indiyə qədər 5 milyard dollar mənfəət əldə edib.
Yəni ümumiləşdirsək, qeyd edə bilərik ki, Azərbaycanın xarici şirkətlərlə özünün ən böyük neft bloku olan “Azəri-Çıraq-Günəşli” layihəsindən ümumi gəliri 150,5 milyard dollardan çox olub.
Neft gəlirlərinin zirvə dövrü 2011-ci ilə təsadüf edib – Neft Fondunun ümumi gəlirlərinin 19,9 milyard dollar olduğu zaman, neftin satışından əldə edilən gəlirlər 19,4 milyard dollara qədər yüksəlib.
Ancaq sonrakı illər həm neft həcmlərinin azalması, həm də neftin ixrac qiymətlərinin azalması hesabına gəlirlər də azalmağa başlayıb. Neft gəlirləri ən az 2016-cı ildə qeydə alınıb – 5,1 mlrd dollar. Keçən il isə dünya bazarlarındakı qiymət artımı hesabına 6,41 milyard dollara qədər yüksəlib.
Bəs qaz gəlirlərin neft gəlirlərini üstələmək şansı varmı?
Bu suala cavab veməzdən öncə qeyd etmək lazımdır ki, eyni həcmdə (ekvivalentdə) təbii qazın dünya bazarındakı qiyməti adətən neftin qiymətinin heç yarısını belə təşkil etmir. Azərbaycan 2011-ci ildə neftdən əldə etdiyi gəlirin maksimal həddi zamanı dünya bazarlarına 37,5 milyon ton neft çıxartmışdı. Yəni bunun qaz qarşılığı 37,5 mlrd kub metr qazdır. Azərbaycan bu qədər qaz ixrac edə bilərmi? Bizim perspektivdə layihə gücü etibarı ilə 4 marşrut üzrə (Rusiya, İran, Gürcüstan və Cənub Qaz Dəhlizi) 40 milyard kub metrdən bir qədər artıq qaz ixrac etmək imkanımız yaranmalıdır. Ancaq praktikada nə qədər realizə etmək mümkün olacaq, bu artıq gələcək potensial alıcılarla imzalanacaq müqavilələrdən asılıdır. Bəli, artıq təqribən 4 ildən az müddət sonra Azərbaycan real olaraq bazarlara 24-24,5 milyard kub metr qaz çıxartmaq imkanı olacaq. Təqribən gələn onilliyin ortasına bu həcmlərin 27 milyard kub metrədək artımı proqnoz edilir, 2030-cu ilə qədər isə 31-33 milyard kub metr real bir göstəricidir.
O zaman qazın 1000 kub metrnin qiymətinin optimist ssenaridə 400 dollardan götürsək, illik gəlir kimi 12,3-13,2 milyard dollara ümid bəsləmək olar. Ancaq bu ümumi gəlirdir. Burada qazın hasilat, dünya bazarına çıxarılması xərcləri, xarici şirkətlərə çatan pay və sair xərclər çıxandan sonra ölkəyə çatan mənfəətdən söhbət gedə bilər. Göründüyü kimi, ilk baxışda xərclər çıxıldıqdan sonra onun yarısından da az bir hissənin bizə çatacağı qənaətinə gəlmək olar, ancaq bu heç də belə deyil. Çünki qaz layihələrində həm də kondensat hasil edilir, onu da nəzərə almaq lazımdır və ondan gələn gəlirlər qaz gəlirlərinin təqribən 1/3-ə bərabər olur ki, bu da kifayət qədər yüksək vəsaitdir. Ancaq qaz layihələri mürəkkəbliyinə və rentabelliyinə görə kəskin fərqlənir, ona görə də birinin gəlirini digəri ilə eyniləşdirmək düzgün olmaz (məsələn, Ümid layihəsini Abşeronla, onu isə Şahdəniz ilə).
Ümumilikdə hansı nəticəyə gəlmək olar. Azərbaycanın növbəti onilliklərdə qazın xammal şəklində Hasilatın Pay Bölgüsü sazişlərindən ixracından əldə etdiyi gəlir neftin aşağı qiymətlərində ölkənin neft gəlirləri səviyyəsinə yaxın bir məbləğ olacaq. SOCAR-ın operatorluğu ilə həyata keçirdiyi layihələrdən aldığı qazın bir qismi isə neft-kimya sənayesinə yönəldilməklə əlavə dəyər yaratmaq gücündə olacaq. Yəni qazın dəyərdəki multieffektiv xarakterini nəzərə almaqla deyə bilərik ki, onun ümumilikdə sənayedə, qeyri-neft sektorunda, kənd təsərrüfatında (məsələn, 2017-ci ildə ölkəmiz təkcə azot gübrələrinin idxalına 53 milyon dollar xərcləyib. Bundan sonra isə SOCAR Karbamid-in fəaliyyəti genişləndikcə, nəinki idxal gübrələrindən tam azad olacağıq, həmçinin ixrac hesabına ildə 200 milyon dollar qazanmaq şansımız yaranacaq) ölkə iqtisadiyyatına gətirəcəyi mənfəət neftdən heç də geri qalmayacaq.
Müəlliflər:
Dalğa Xatınoğlu, Londonda yayımlanan Natural Gas World (NGW) jurnalın region ölkələr (Qafqaz, Mərkəzi Asiya, İran və Rusiya) üzrə sorumlusu
İlham Şaban, Neft Araşdırmalar Mərkəzinin rəhbəri və NGW-un eksperti
Göynur Şükurova, enerji məsələləri üzrə ixtisaslanmış jurnalist