1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi, parlamentli respublikanın qəbul etdiyi "İstiqlal Bəyannaməsi”nə görə Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi.
1918-1920 illərdə mövcud olduğu qısa zaman ərzində Azərbaycan iqtisadiyyatının bərpası yönümündə çox iş görüb. Azərbaycan iqtisadiyyatı öz növbəsində imperiyada çarizmin devrilməsindən sonra böyük zərər çəkib. Qeyd etmək lazımdır ki, ADR-in iqtisadi fəaliyyəti 1919-cu ildə xüsusi məna kəsb edib. Bu il tamamən demokratik hakimiyyət dövrü ilə üst-üstə düşdü, tamamən dövlət strukturunun formalaşmasına, bəzi islahatların həyata keçməsinə imkan yaratdı.
Qeyd edək ki, 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Onun əsas hissəsi neft satışı və gəlirə görə vergilər hesabına artırdı, o illər üçün bu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki, neft üçün olan aksiz vergiləri idi.
O illərdə yaradılmış gömrük xidməti xəzinəyə 100 milyon manat yatırmışdı. Daha 15 milyon manat isə azad ticarət, eləcə də yük və sərnişin daşımaları üçün alınan rüsumlar hesabına əlavə edilmişdi.
Məhdud büdcə əsasən vətəndaşlara, xüsusilə sənaye fəhlələrinə əməkhaqqı ödənilməsi üçün istifadə edilirdi. Təhsilə 30 milyon manat, hərbi tələbata isə 80 milyon manat sərf edilirdi. ADR yaradılana qədər bir çox yaşayış yerləri erməni daşnaqlarının aqressiyası nəticəsində dağıdılmışdı. Təxminən 130 milyon manat büdcə vəsaiti bu problemlərin aradan qaldırılmasına sərf edilmişdi.
İqtisadiyyatda neft sektorunun aparıcı roluna baxmayaraq, o illərdə Azərbaycan daha çox aqrar, xüsusilə də heyvandarlığa istiqamətlənmiş ölkə kimi tanınırdı. Bu dövrdə iribuynuzlu heyvanların sayı 1 milyon baş, at 150 min baş, camış 300 min baş, dəvə 12 min baş, qoyun və keçi isə 1,5 milyon başa çatırdı.
Eyni zamanda əsas strateji mallara tələbat idxal hesabına ödənilirdi. Buğdaya olan tələbatın ödənməsi üçün Azərbaycan 7 milyon pud (112 milyon ton) buğda və 16 ton şəkər almalı oldu.
Ölkənin enerji potensialı artırdı. Bu dövrdə elektrik stansiyalarının gücü 63,7 min kilovata çatırdı, ondan 56 min kVt "Ağ şəhər” və "Bibiheybət” stansiyalarının payına düşürdü.
Qeyd edək ki, bütünlükdə ADR-in ticarət və iqtisadi əlaqələrində barter üsulundan istifadə edilirdi: gətirilən malların əvəzinə neft verilirdi. Belə ki, Amerika, Fransa, İtaliya və digər dövlətlərin istehsalı olan hərbi mallar, telefon aparatları, minik avtomobilləri, 100 paravoz, 2 min sisterna, 5 min qapalı vaqon ərzaq məhsulları üçün Azərbaycan əsasən neft, pambıq, yun, ipək və gön ilə ödəmə edirdi.
Azərbaycan neftinin alıcısı ilk illərdə Rusiya idi, sonra isə Avropa ölkələri də qoşuldu.
Rusiyada inqilab nəticəsində Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu.
Neft ixracının artması ölkəmizdə bütün istehsalat sahələrinin inkişafına təkan verdi. Demokratik respublikanın mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə isə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.
Neft istiqamətindən başqa hökumətin diqqəti həmçinin, respublikada maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılması və stabilləşdirilməsinə, (bu isə böhranın qarşısını almaq demək idi) pul sisteminin unifikasiyasına və bank sektorunun bərpasına yönəlmişdi. Amma respublikada pul dəyərlərinin nizamlanması heç də asan olmadı. Xatırladaq ki, 1918-ci ildə Cənubi Qafqazda üç valyutadan istifadə edilirdi: çar rublu, kerenka (müvəqqəti hökumət tərəfindən buraxılmış rubl) və Zaqafqaziya hökumətinin Tiflisdə çap etdirdiyi bon.
1918-ci ilin sentyabr ayında dördüncü valyuta meydana gəldi – Azərbaycan bonları və ya manat, bu ADR-in şəxsi valyutası idi. Qeyd edək ki, bu pullar Bakıda çap edilirdi.
Manatın türk lirəsinə nisbətdə nominal dəyəri tənzimləndi, belə ki, türk lirəsinə 40 manat verirdilər. Oktyabrda manatın ucuz tutulduğunu anlayan Xoyski hakimiyyəti milli valyutanın məzənnəsini qaldırmaq qərarına gələrək, 1 lirə üçün 40 yox, 20 manat təyin etdilər.
İstifadədə əsasən 10 və 25 manatlıq əsginazlar, eləcə də 50 manatlıq əsginazlar idi. Amma 1919-cu ildə artan böhranla bacarmayan hökumət məcburən 100 manatlıq və daha yüksək nominalı olan əsginazlar buraxmağa başladı. 1919-cu ilin iyun ayı üçün manatın xarici valyutalara görə məzənnəsinə baxmaq maraqlı olardı: 1000 keren rublu – 1850 manat; 500 nikolay rublu – 1600 manat; Rusiya qızıl pulu – 420 manat; türk altını – 390 manat; ingilis funt sterlinqi – 310-315 manat; Amerika dolları – 250 manat; İran tüməni – 125-130 manat; fransız frankı – 8-10 manat; italyan lirası – 7 manat olub.
Amma ən çox populyar və inam doğuran 16,5 min manata olan nobel səhmləri idi.
Əsas Avropa valyutası ilə müqayisədə böhranın sürəti aydın görünür: belə ki, artıq 1919-cu ilin oktyabrında 525 manat olan funt sterlinq, noyabrda 730 manat idi.
ADR-in pul emissiyasına nəzarət və maliyyə situasiyasının normallaşdırılması üçün 1919-cu ilin 25 oktyabr tarixində Azərbaycan Dövlət Bankı, onun ardınca isə əmanət kassaları şəbəkəsi və kiçik məbləğli kredit şöbələri açıldı. Respublikada özəl bankçılıq sektorunun inkişafına da dəstək verilirdi. Azərbaycan ərazisində Bakı tacir bankı, Bakı İran bankı, Tiflis tacir və Birləşmiş bankların filialları fəaliyyət göstərirdi.
Amma o dövrdə maliyyə-kredit siyasətinin möhkəmləndirilməsi faktını qeyd etmək mümkün deyil. Hökumət müntəzəm pul emissiyası ilə meydana gələn böhranın qarşısını ala bilmədi. Bundan başqa ölkədə ərzaq çatışmazlığı və yenidən emal böhranı yaşanırdı, bu isə dərin sənaye böhranı yaradırdı.
Bununla yanaşı respublikada qısa zaman ərzində neft sənayesi, aqrar və milli məsələlər barədə, seçkilərin demokratikləşdirilməsi haqqında, maarif və vətəndaşlığa dair bir sıra dekret və qanunlar qəbul edildi. Bütün bu qanunlar istənilən dövlətin inkişafı üçün əsas şəraitin – iqtisadi-siyasi stabilliyin yaradılmasına yönəlmişdi.
Amma heyif ki, bütün bunlar üçün hökumətin vaxtı çox az idi – gənc Azərbaycan Demokratik Respublikası çox az bir müddət ərzində, cəmi 23 ay fəaliyyət göstərib. (Fed.az)
Fikirlər