BAKININ KİRAYƏ bazarında BÖYÜK BAHALAŞMA

Nüsrət İbrahimov: “Proses hələ davam edəcək”

Paytaxtın kirayə mənzil bazarında kəskin bahalaşma və təklifin azalması müşahidə edilir. Bu günlərdə  bu bazarda apardığımız müşahidələr göstərir ki, 1-2 otaqlı mənzillərin kirayə qiymətində 20 faizdən yuxarı artım qeydə alınıb. Son bir ayda qiymətlər belə mənzillər üçün 300 manatdan 350-400 manatadək yüksəlib.

Kirayə haqlarının bahalaşması xüsusilə metro stansiyalarına yaxın ərazillərdə həm də qıtlıqla müşayiət olunur. Belə ki, Qara Qarayev-Neftçilər-Xalqlar Dostluğu-Əhmədli-Həzi Aslanov ərazisində kirayə mənzil tapmaq müşkülə dönüb. Bu ərazilərdə nəinki köhnə, heç yeni binalarda da kirayə verilən mənzilləri boş tapmaq olmur.

Qeyd olunan ərazilərlə yanaşı, Bakının ətraf qəsəbələrində də kirayə haqlarında ciddi artım var. Məsələn, Buzovna qəsəbəsində orta təmirli 1-2 otaqlı mənzillərin kirayə haqqı 200-250 manatdan 300 manata yüksəlib. Eyni hal digər ətraf qəsəbələrdə də müşahidə olunur.

Mənzil bazarı iştirakçılarının verdiyi məlumata görə, kirayə haqlarının artması bazardakı qıtlıqla bağlıdır. Belə ki, hökumətin həyata keçirməkdə olduğu pilot layihələr çərçivəsində 50-dən çox bina sökülüb: “Bu binaların özlərində kirayə evlər vardı. Bundan əlavə, şəhərin kirayə bazarının aktiv olduğu ərazilərində söküntülər aparılır. Bu, kirayə verilən mənzillərin sayında azalmaya səbəb olub. Digər tərəfdən, sökülən mənzillərdə yaşayan əhalinin böyük hissəsi müəyyən bir dövr üçün də olsa kirayə ev tutmalı olur. Bu isə kirayə bazarında tələbatı artırıb”.

Bəzi bazar iştirakçıları son vaxtlar Rusiyadan Bakıya gəzməyə gələnlərin sayının çoxalmasının da kirayə bazarına təsir etdiyini deyirlər. Onların sözlərinə görə, xeyli sayda Rusiya vətəndaşının Bakıda tanışları, dostları yaşayır və onlar həmin şəxslərin yardımı ilə kirayə ev tuturlar: “Bildiyiniz kimi, Bakıda hotellərdə qiymətlər xeyli yüksəkdir. On gün hoteldə qalmaq xərcinin yarısına normal ev tutmaq olur. Buna görə də ruslar Bakıya gələndə ev tutmağa üstünlük verirlər”.

Nüsrət İbrahimov ile ilgili görsel sonucu

 “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, kirayə bazarındakı bahalaşmanın birinci səbəbi mövsümi amildir: “Payız ayları adətən mövsümi aylar sayılır: tələbələr gəlir, bazarda aktivlik yaranır. Sentyabrın sonlarında isə yerdəyişmələr başlayır, oktyabrın sonunadək davam edir. İkinci səbəb təklif portfelinin azalması ilə bağlıdır. Məsələn, əgər əvvəllər biz ay ərzində 1300-1400 təklif yığa bilirdiksə, indi onların sayı 800-900-ə düşüb. Bu da həm xruşşovkaların, həm Sovetski, həm Alatava, həm də Xutorda aparılan söküntülərlə bağlıdır. Üçüncü faktor isə budur ki, 2015-ci ildə devalvasiyadan sonra satış qiymətləri yerində qalsa da, kirayə haqları azalmışdı. İndi kirayə haqları əvvəlki mövqeyini bərpa edir”.

Ekspert hesab edir ki, turistlərin kirayə ev tutması faktoru kirayə haqlarına təsir edəcək qədər böyük deyil: “Burada elə bir kütləvilik yoxdur”.

N.İbrahimovun sözlərinə görə, kirayə bazarında artım davam edəcək: “Mənzilin satış qiyməti ilə onun illik gəlirliliyi arasında müəyyən balans olmalıdır. Bu balans haradasa 5,7-6 faiz təşkil edir. Bu gün bu gəlirlilik hələ təmin olunmayıb - təxminən 5,3-5,4 faiz civarındadır. Buna görə də kirayə haqlarının bir qədər də bahalaşması ehtimalı var”.






Fikirlər