Davos Forumu nədir? - Videocavab
Yanvarın 21-dən 24-nə qədər İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası keçiriləcək. Forumda dünyanın nüfuzlu şəxsləri – siyasətçilər, biznesmenlər, ictimai xadimlər və jurnalistlər olmaqla 3 minə qədər şəxs iştirak edəcək. Forumun təhlükəsizliyini təmin etmək üçün 5 min hərbçi cəlb olunub. Bu il forumda dəvətlilər arasında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp, iqlim fəalı 17 yaşlı Greta Tumberq və dünyanın ən gənc hökumət rəhbəri Finlandiyanın 34 yaşlı baş naziri Sanna Marin də olacaq. Davos Forumu hər il keçirilən və iqtisadi məsələlərin müzakirə olunduğu beynəlxalq forumdur. 2020-ci ildə forumun başlıca mövzusu “maraqlı tərəflərin kapitalizmi”dir. Forumda “planeti necə xilas edək”, “ədalətli iqtisadiyyat”, “daha yaxşı biznes”, “sağlam gələcək”, “geosiyasətdən başqa, daha yaxşı texnologiya” adlı mövzular da müzakirə olunacaq. 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu professor Klaus Şvab tərəfindən biznesdəki bütün maraqlı tərəflərə - müştərilərə, işçilərə, səhmdarlara xidmət etmək məqsədilə yaradılıb. Azərbaycan ilk dəfə forumda 1995-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə təmsil olunub. Hazırkı dövlət başçısı İlham Əliyev də Davos Forumunda aktiv iştirak edir. Prezident 2007-ci ildən bəri hər il foruma qonaq kimi qatılır. Öz tarixi ərzində bu tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilib. Qürurverici haldır ki, Davosdan kənar forumlardan biri ABŞ-da keçirilibsə, digərinə Azərbaycan ev sahibliyi edib. 2013-cü ildə Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verdiyi dəyər kimi qiymətləndirilə bilər.