Ekspert: Ekspert: "Azərbaycan Dəmir Yolları"nın İtaliya şirkəti ilə əməkdaşlığı tranzit yüklərin həcmini artıracaq"

Ekspert:

"Azərbaycan Dəmir Yolları” QSC-nin İtaliyanın "I.M.A. Project Financing S.R.L.” şirkəti ilə bağladığı müqavilə Azərbaycan ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmini artıracaq". 
Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov müqavilənin əhəmiyyətini şərh edərkən deyib. 
Onun sözlərinə görə, Azərbaycan İtaliya ilə təkcə neft deyil, həm də qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır: "Çünki İtaliya bir sıra sahələrdə, o cümlədən texnologiyalar üzrə müqayisəli üstünlüyə malikdir. Bu ölkədə dəmir yolu nəqliyyatı daxil olmaqla, logistik və nəqliyyat xidmətləri kifayət qədər inkişaf edib. Bu baxımdan Azərbaycan və İtaliya şirkətləri arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlığının satın alınması barədə müqavilə İtaliya texnologiyasının, innovasiyasının Azərbaycanın dəmir yollarına ötürülməsi deməkdir. Yəni, İtaliya təcrübəsi əsasında dəmir yolu təsərrüfatının, parkının yenilənməsi nəzərdə tutulur, bu isə dolayısı ilə ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına xidmət edir". 
V.Bayramov qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildikdən sonra regionda yükdaşımalar üçün əhəmiyyətli nəqliyyat növlərindən birinə çevrilib: "İtaliya həm də  Azərbaycanla logistik sahədə əməkdaşlığı gücləndirmək, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmini artırmaq niyyətindədir. Azərbaycanda dəmir yolu sisteminin beynəlxalq standartlara uyğun olaraq formalaşması buna imkan verir və ölkəmizin yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxa bilər". 
Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-İtaliya sənədləri mübadilə edilib. Bunlardan birini də "Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və İtaliyanın "I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli həyata keçirib. 
2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1%, o cümlədən BTQ ilə daşımalar 42% artıb. 

 






Fikirlər