Azərbaycan 30 milyon dollar qazandı



"Azerspace-1" peyki kommersiya fəaliyyətinə başlayandan indiyədək peyk tutumlarından istifadəyə görə “Azərkosmos” ASC-yə təxminən 30 milyon ABŞ dollarına yaxın vəsait daxil olub. 

Bu barədə ANS PRESS-ə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos” ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. Kommersiya fəaliyyətinə başladıqdan etibarən bu günədək hazırda "Azerspace-1" peykinin resurslarının 66%-i kommersiya yönümlü istifadədədir. 

"Azərspace-1" peyki vasitəsilə ilə 2014-cü ildə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Ümumilikdə, "Azerspace-1" peykinin göstərdiyi teleradio və telekommunikasiya xidmətlərindən 25 ölkədə istifadə olunur. 

Peykimizin resurslarından istifadə üçün yeni müraciətlər də var. Hal-hazırda "EuroAz", "Doktor TV", "A Sinema TV", "Star Shopping TV", "Sineklasik TV", "Zahra TV", "Kanal Z" kanalları "Azerspace-1" peykinə yeni qoşulanlar sırasındadır.


"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti

Artıq "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb ki, 2014-cü ildə bir çox baxımlıTürkiyə kanalları "Azerspace-1" peykinə keçidi. 2015-ci ilin iyunun 7-də Türkiyədə keçirilən Böyük Millət Məclisinə millət vəkili seçkiləri "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb. 

Lakin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yenilikləri bununla da bitmir, yer səthinin məsafədən müşahidəsi ölkəmiz üçün yeni bir sahədir. Bu baxımdan "Azersky" peykindən istifadə ediləcək. Onun köməkliyi ilə kənd təsərrüfatı, kadastr, müdafiə və təhlükəsizlik məqsədlərində istifadə olunacaq. Bununla bağlı ölkə başçısının aidiyyəti orqanlara verdiyi tapşırıqlara müvafiq olaraq, "Azərkosmos" ASC "Azersky" peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoyub.


"Azərsky" peyki


Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. "Azerspace-2" regionda hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Bu ilin əvvəli “Azerspace-2" peykinə dair açıq tender elan olundu və dünyanın aparıcı peyk istehsalçıları tərəfindən tenderə böyük maraq var idi. Bunlar sırasında ABŞ-ın Orbital ATKvə Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir.






Fikirlər