Kəskin hava şəraitinə baxmayaraq “Azərişıq” əməkdaşları iş başındadır - VİDEO
"Azərişıq" ASC əməkdaşları ən ucqar dağ kəndlərində belə kəskin hava şəraitində 24 saat iş başındadır. Bu barədə "AzerTaym.az"-a qurumun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Azərbaycanın bir sıra regionlarında havaların qarlı və kəskin şaxtalı keçməsi istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatında üzərimizə düşən məsuliyyəti daha da artırır. “Azərişıq” ASC-nin əməkdaşları abunəçilərin 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün var gücü ilə çalışır. Müxtəlif dağlıq və dağətəyi regionlarda qarın yağmasına və havaların şaxtalı keçməsinə baxmayaraq əməkdaşlarımız elektrik enerjisi xəttlərində qəzaların baş verməməsi üçün səfərbər olunublar. “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrinin əməkdaşlarının ekstremal hava şəraitinə baxmayaraq gecə-gündüz çalışması nəticəsində istehlakçılarımızın dayanıqlı və keyfiyyətli elektrik enerjisinə əlçatanlığı daha da artıb. Hər il olduğu kimi bu il də payız-qış fəsli ilə əlaqədar olaraq regionlar zəruri avadanlıqlar, mal-materiallarla öncədən təmin edilib, kəsinti və qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək kəsilmələrin qarşısını almaq üçün əməkdaşlarımız daim hazır vəziyyətdədir. "İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar", - deyə ASC-dən bildiriblər.