Əhali banklardakı əmanətlərini geri çəkib: Bir aya 200 MİLYON MANAT - RƏSMİ

 

Əhali banklardakı əmanətlərini geri çəkib: Bir aya 200 milyon manat - RƏSMİ

2021-ci ilin iyul ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 24 156 600 000 manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin iyul ayının əvvəli ilə müqayisədə depozit və əmanətlərin həcmi 7,1 faiz artıb.

Belə ki, vəsaitlərdən 8 435 400 000 manatı fiziki şəxslərin əmanətlərini, 1 775 300 000 manatı maliyyə təşkilatlarının, 13 945 800 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 9,5 faiz artıb. Buna baxmayaraq, iyun ayı ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 199 800 000 manat azalıb. Onların əmanətlərinin 54,3 faizi milli valyutada (4 581 800 000 manat), 45,7 faizi isə xarici valyutada (3 853 700 000 manat ekvivalentində) olub.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (8 140 000 000 manat) təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi ötən ilin iyul ayının 1-i ilə müqayisədə 10,7 faiz artıb.

Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 295 400 000 manatı təşkil edib və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,8 faiz azalıb.

 

Ötən ilin iyul ayının əvvəlinə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 15,2 faiz azalsa da, qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi 9,2 faiz artıb.






Fikirlər