Qurbanlıq qoyunlar nə qədər bahalaşıb? - QİYMƏTLƏR
Sabah Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qurbanlıq heyvanların qiyməti əvvəlki illərlə müqayisədə baha, yoxsa ucuzdur? Yenisabah.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli cuzi qiymət artması müşahidə olunduğu qənaətindədir: “Düzdür, hələ monitorinq aparmamışam, amma əvvəlki qiymətlərdən xəbərim var. Məsələn, quzu əti 15 manat, qoyun əti 14 manat-13 manat 50 qəpik civarındadır. Ümumiyyətlə, Qurban həm fermerlər, həm də istehlakçılar üçün bayram olmalıdır. Ölkəmizdə heyvandarlığın inkişafı üçün geniş imkan yaradılıb. Amma bu sahədə digər lazımi işlər görülmür. Məsələn, örüş sahələrinin suvarılması, baxımlılıq və s. genişləndirilməlidir. Bu sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyi, təəssüf ki, ləng işləyir. Ona görə də məhsuldarlıq azdır, bahaçılıq hiss olunur”. Vahid Məhərrəmlidən fərqli olaraq, iqtisadçı Natiq Cəfərlinin fikrincə, keçən ilki qiymətlərlə müqayisədə builki qiymətlərdə 20-25% artım var: “Qiymətlər kəskin artıb, ölkədə ərzaq inflyasiyası 20%-dirsə, Qurban bayramında bu işlə məşğul olan və müəyyən vəsait qazanmağı planlaşdıran fermerin, iş adamlarının qiymət artırması normaldır. Bu, əslində, nə fürsətçilik, nə də süni qiymət artımıdır. Normal bazar iqtisadiyyatında süni qiymət artımı mümkün deyil. Onsuz da ölkədə alıcılıq qabiliyyəti azalıb, qiyməti də müəyyən həddə qədər qaldırmaq mümkündür”. Hər iki ekspert pandemiyadan öncəki bayram ajiotajı ilə indiki vəziyyətin fərqləndiyini, konkret olaraq bayram qələbəliyinin demək olar ki, yox olduğunu vurğulayıb. Vaqif Məhərrəmli hesab edir ki, bu azalma imkansızlıqdan qaynaqlanır: “Bu il heyvan alıb qurban kəsənlərin sayı hiss olunacaq dərəcədə azalacaq. Bunu əyani görmək üçün yaxın ərazidəki 2 qəssab dükanının yanından keçmək kifayətdir”. Natiq Cəfərli bu mövzuya daha nikbindir: “İnsanlar təkbaşına qurban kəsə bilmədiyi üçün bir neçə ailə eyni niyyətlə birləşir. Əksər ailələrin təkbaşına qurban kəsmək imkanı məhduddur. Buna əvvəlki illərdə də rast gəlmək olardı, amma indi bu hal çoxalıb. Həm qiymətlə kifayət qədər artıb, həm də alıcılıq qabiliyyəti 25-30% aşağı düşüb. Fikir verirmisinizsə, bu il səyyar qurbanlıq satışları da yoxa çıxıb. Bu da tələbatın azalmasına görədir. Gələcək illərdə də bu davam edəcək. Məsələn, keçən il 150-160 manata olan quzunu indi 200-250 manat arası almaq mümkündür. Bu da kifayət qədər ciddi qiymət artımıdır”.