SAHİBKARLIĞIN İNKİŞAFI VERGİ GƏLİRLƏRİNİN ARTMASINA DA SƏBƏB OLUB...
Son illər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər daha da sürətləndirilib. Dövlət səviyyəsində azad sahibkarlığın inkişafı, fermerlərin, iş adamlarının daha rahat və güvənli fəaliyyət göstərməsi üçün müxtəlif bürokratik əngəllər, yoxlamalar aradan qaldırılıb, güzəştli kreditlər verilir, sahibkarlarla maarifləndirici tədbirlər, görüşlər təşkil olunur, onların fikir və təklifləri dinlənilir, bir sözlə, ölkə iqtisadiyyatının daha da dirçəldilməsi uğrunda çalışan zəhmət adamlarına yaşıl işıq yandırılır. Yetər ki, sahibkarlar ölkə iqtisadiyyatına xeyir versinlər və özləri də mənfəət götürsünlər. Bununla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu da Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmışdır. İndiyədək 42800 sahibkarın ümumi dəyəri 6,7 milyard manat olan layihələrinin həyata keçirilməs üçün dövlət tərəfindən 2,8 milyard manat güzəştli kredit verilib.
Ötən il isə Sahibkarlığın İnkişafı Fondu 2726 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 145,9 milyon manat güzəştli kredit verib, hansı ki, bu layihələrin ümumi dəyəri 399,4 milyon manat olub. Onu da qeyd edək ki, ayrılmış həmin güzəştli kreditin 13,9 milyon manatı 218 qadın sahibkarın layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Rəqəmlərdən də göründüyü kimi, dövlət tərəfindən sahibkarlara heç də kiçik məbləğdə güzəştli kreditlər ayrılmayıb. Bu isə həm azad sahibkarlığın, həm iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, həm də yeni iş yerlərinin yaradılmasına verilən təkandır, stimuldur. Məhz ayrılmış bu kreditlər hesabına ölkədə 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Sahibkarlara verilmiş güzəştli kreditlərin böyük bir hissəsi – 59,8%-i kənd təsərrüfatı – aqrar sahənin payına düşüb. Məlum olduğu kimi, ölkədə əsas ərzaq məhsullarının istehsalını artırmaq və bunun sayəsində də ixrac asılılığından qurtarmaq dövlətin iqtisadi siyasətində əsas prioritetlərindən biridir. Bununla yanaşı, sənaye məhsullarının istehsalı və emalı üzrə güzəştli kreditlə təmin olunmuş layihələr də az deyil - 23,9%. Azərbaycanda turizmin inkişafı və ölkəyə xarici turistlərin cəlb edilməsi də ən vacib istiqamətlərdən biridir və son illər bu sahədə də irəliləyiş əldə olunmaqdadır. Lakin hələ ki, istənilən nəticə əldə olunmayıb. Bunun bir çox səbəbləri var: quru yollarının bağlı olmasından turizm xidmətlərinin bahalığınadək... HAŞİYƏ: Heç də uzağa getməyək - qonşu Gürcüstanda turizm sürətlə inkişaf etməkdədir. Əhalisi 4 milyondan az olan ölkədə turizmdən böyük məbləğdə gəlir əldə olunur. Gürcüstanın Milli Turizm Agentliyi 2022-ci ildə ölkənin turizmdən əldə etdiyi gəlirin miqdarının 3 milyard 500 milyon dollar təşkil etdiyini açıqlayıb. 2023-cü ilin birinci rübündə isə turistlər Gürcüstana 795,4 milyon dollar gəlir qazandırıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102% çoxdur. *** Ölkəmizdə SİF-u tərəfindən güzəştli kredit verilən layihələrin 6,5-%-i də məhz turizmin payına düşüb. Güzəştli kreditin 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Həmçinin sahibkarlığın inkişafı məqsədilə Azərbaycan Prezidentinin imzaladığı fərmanla “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” da təsdiqlənib. Kreditlər ən aşağı faizlə və subsidiyalaşdırılmış şərtlərlə veriləcək. İşğaldan azad olunmuş ərazilərdə rezidentlər 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib, onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılır. Özəl təşəbbüslərin stimullaşdırılması məqsədilə həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri də müəyyən edilib, idxal isə düz 10 il müddətinə ƏDV-dən azad edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Belə ki, ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Göründüyü kimi, ölkəmizdə biznes və investisiya mühiti yaxşılaşmaqdadır. Artıq özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılacağı gözlənilir. Belə ki, 2023-cü ildən etibarən vergi qanunvericiliyində qüvvəyə minmiş dəyişikliklər də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə stimul verir. Bu dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi həcmində gəlir vergisindən, fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən də azad ediliblər. Onu da diqqətə çatdıraq ki, ölkədə özəl sektorun inkişafı günü-gündən yüksəlir. Artıq Azərbaycanda yığılan vergilərin 80%-dən çoxu özəl sektor hesabına formalaşır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov da ictimaiyyətə bəyan edib. “Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82% artıb və 15,5 milyard manat təşkil edib”, - deyə nazir bildirib. Ölkədə azad sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması yolunda atılan addımlar, uğurlu islahatlar, güvənli investisiya mühitinin yaradılması, lisenziya və icazələrin alınması prosedurunun, biznes mühitinin asanlaşması, bank sektorundakı maliyyə sabitliyi nəinki yerli iş adamları, həmçinin xarici investorlar üçün də cəlbedicidir. Artıq Azərbaycan investisiya yatırılması baxımından, ən arzulanan ölkələrdən birinə çevrilib. Hansı ki, iqtisadiyyatın inkişafında xarici investisiya yatırımları önəmli rol oynayır. LƏTİFƏ ƏHMƏDOVA. Sahibkar xanım,"Dünya" Ticarət Mərkəzinin rəhbəri.