Hər üç nəfərdən birinin KREDİT BORCU VAR
İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda əhalinin 38 faizinin banklara kredit borcunun olduğunu bildirib. İqtisadçı Facebook səhifəsində yazır ki, Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var.
«Əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin 38 faizindən varlısınız».
Qubad İbadoğlu yazır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi var.
«Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir».