Salamat adama zamin durun

...

 

Banklarla kredit götürənlər arasında tez-tez problemlər yaranır. Hətta son zamanlar artan cinayətlər sırasında Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq əməlinə də tez-tez rast gəlinir ki, bu işlərin də bəziləri problemli kreditlərə gedib çıxır. 

Xoşagəlməz hallar, adətən, tərəflərin müqavilə şərtlərindən və qanunvericilikdən xəbərsiz olmaları səbəbindən ortaya çıxır.

Strategiya.az teleqraf.com-a istinadən bildirirk i Vəkillər Kollegiyasının üzvü Vüqar Babayevin sözlərinə görə, xüsusən pul borcu ilə kreditor və borclu arasında problemlərdən yaranmış mübahisələr dələduzluq kimi səciyyələndirilir: "Bir qayda olaraq mübahisələrin həll yeri kimi məhkəmələr göstərilir. Lakin bəzən cinayət işi qaldırılır, ittiham irəli sürülür və orada qeyd olunur ki, "zərərçəkmiş şəxsi qaytaracağı vədi ilə aldadaraq filan qədər pul alıb onun etibarından sui-istifadə etməklə dələduzluq edib". Sual olunur, hər hansı bir şəxs qaytarmayacağını bildirməklə borc alırmı?! 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 

Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yəni, borc müqaviləsinin əsas şərtlərindən biri də onun qaytarılması barədə borclunun öhdəlik götürməsidir. Yəni burada hər hansı bir aldadılma və ya etibardan sui-istifadədən söhbət gedə bilməz".

Zamin kredit götürənlə eyni öhdəliyi daşıyır

Oxşar vəziyyətdən biri də kredit götürən müştəri dünyasını dəyişdikdə zamin, yaxud mərhumun qohumları ilə bank arasında yaşanır. Mübahisə doğuran əsas məsələ kredit faizlərinin hesablanması və qalan borcun kim tərəfindən ödənilməsi ilə bağlı olur. 

Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, vətəndaş əmlakına görə cavabdeh olmalıdır. Yəni, onun maşını, evi və ya dəyərli zinət əşyası hesabına borcu bağlanmalıdır. Əgər həmin insanın əmlakı yoxdursa borc batır: "Vətəndaş vəfat edəndən sonra isə onun əmlakı varislərinə keçir. Vərəsələr əmlakı qəbul edəcəyi təqdirdə borcu da qəbul etmiş olur. Əgər borc əmlakın dəyərindən çoxdursa, o zaman vərəsə yalnız əmlakın dəyəri qədər borca cavabdeh olur. O, əlavə borcu ödəməyə məcbur deyil. 

Vətəndaş sağ olanda da, öləndə də zamin kredit götürənlə eyni öhdəliyi daşıyır. Vətəndaş ölsə, onun kreditini zamin ödəməlidir. Kredit sahibi banka girov qoyubsa, zamin sonradan həmin borcu əmlak hesabına bağlaya bilər. Əgər kredit təminatsızdırsa və krediti götürən şəxs vəfat edibsə, zamin bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməlidir".

Hüquqşünas belə vəziyyətin iki cür sonlandığını deyir: "Birinci halda krediti götürən şəxs dünyasını dəyişərsə, zamin pulu ödəmək məcburiyyətindədir. İkinci halda isə banklar kredit verərkən müştəri ilə sığorta müqaviləsi bağlayır. Həmin şəxs dünyasını dəyişərsə, pulu sığorta şirkəti ödəyir. Bu, bankın da mənafeyinə uyğundur".

"Yox" deyə bilməməyin fəsadları

Çox vaxt kredit götürən zaminliyin formal xarakter daşıdığını söyləyərək yaxınını zaminliyə cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminliklə bağlı müraciət ediləndə utanır və "yox" demir. Nəticədə krediti bir şəxs götürür, xərcləyir, qaytarmır, puldan xəbəri olmayan zamin isə çətinə düşür.

Hətta bəzi zamin şəxslər çox irəli gedərək bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem olduğu halda onun bankda olan kart hesabından pulun çıxılmasına da razılıq verirlər. Sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır. Məlum olur ki, əksər hallarda zamin olan şəxslər müqaviləni oxumadan imzalayıblar.

Ekspertlər də bu hallarla təcrübədə çox rastlaşdıqlarını deyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinə gələn müraciətlərdən biri ilə tanış olduqda oxşar vəziyyəti görmək olar. 

Mərkəzə müraciət edən vətəndaşlardan biri bildirib ki, onun kartla əməkhaqqı aldığı bankdan başqası kredit götürüb, o isə zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. 

Borc götürən pulu banka ödəməkdən imtina edibsə, bu o deməkdir ki, formal prosedura sandığı zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb.

Ölən müştəri üçün güzəşt

"Accessbank"ın əməkdaşı Nigar Qarayeva deyir ki, kredit götürən şəxs vəfat edərsə və ya borcu ödəməkdən boyun qaçırarsa, banka borcu birmənalı olaraq zamin ödəməlidir: "Kredit müqaviləsi bağlanan zaman hansı şəxs zamin kimi müqaviləni imzalayır, müştəri vəfat edərsə, kreditin qaytarılmasını həmin şəxs təmin edir. Zamin olmadığı təqdirdə isə (götürülən kreditin məbləğinə görə girov qismində çox vaxt daşınmaz əmlak qoyulur), girov qoyulan əmlakın satılması yolu ilə borcun ödənilməsi həyata keçirilir. 

Əgər zamin duranın şəxsin imkanı yoxdursa və kreditə görə girov qoyulmayıbsa, müqaviləyə baxılır. Ola bilər, vətəndaş arayış təqdim etməklə kreditə pul götürüb. Bu zaman həmin müqavilə "Problemli Kreditlər Şöbəsi"nə göndərilir və həmin şöbə məhkəmə yolu ilə vərəsəlik hüququ olan şəxsdən həmin borcu alır".

Bank əməkdaşı belə hallarda qarşı tərəfə müəyyən güzəştlər də edildiyini də dedi. Belə ki, kreditin faizi nəzərə alınmaya bilər: "Kredit götürən vəfat edirsə, faizlər ləğv edilir. Müştərinin dünyasını dəyişdiyini göstərən rəsmi sənəd - ölüm haqqında şəhadətnamə banka təqdim olunur və faizlərin hesablanması dayandırılır".

Xatırladaq ki, hazırda ölkədə 2 milyon 434 min 759 nəfər kredit götürən şəxs (borc alan) var. Bu, Mərkəzi Bankın sonuncu rəsmi məlumatıdır.






Fikirlər