Cahangir Hacıyev restorana və bazarlığa 1 milyondan çox pul xərcləyib
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş prezidenti Cahangir Hacıyevin fəaliyyətinin yoxlanması zamanı ABB-də həyata keçirilən daxili audit bankda daha bir ciddi qanun pozuntusunu üzə çıxarıb.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən informasiya daxil olub.
Məlumata görə, Cahangir Hacıyevin kredit kartından şəxsi ehtiyaclarına 1 milyon dollardan çox vəsait xərclənib. Həmin kredit borcu bu günə qədər də ödənilməyib.
ABB-dən də bu informasiyanı virtualaz.org saytına təsdiq ediblər.
Yada salaq ki, ABB-nin sabiq prezidenti C.Hacıyev əksəriyyəti məqsədi üzrə xərclənməyən çoxmilyardlıq kreditlərin verilməsində ittiham olunur. C.Hacıyevin ABB-ə rəhbərlik etdiyi dövrdə bankın 7 milyard dollara yaxın vəsaiti sözün əsl mənasında hərraca çıxarılıb. Bundan sonra hüquq-mühafizə orqanları “kredit oliqarxları işi” üzrə xeyli sahibkarı, habelə C.Hacıyevin yaxın adamlarını saxlayıblar.
C.Hacıyevin özü isə hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sorğu-sual olunur.