“HÖKUMƏTİN GƏNC KADRLARI “SOVETDƏN” QALIBLAR” – “Belə yanaşma heç feodalizmdə də olmayıb...”

“Sahibkara “yolunmalı qaz” kimi baxmağa davam edirlər...”

Azərbaycan ötən ilin bir çox iqtisadi göstəriciləri, o cümlədən ÜDM artımına görə MDB məkanında ən sonuncu yeri tutub. Bu vəziyyət hökumətin iqtisadi, vergi, gömrük, maliyyə siyasətinin qüsurlu olması, eləcə də sahibkarlığın inkişafı üçün münbit mühitin yaradılmaması ilə əlaqələndirilir.

“AzPolitika.info” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında hökumətin iqtisadi siyasətini tənqid edib: “Dövlət Vergi Xidməti mikro-sahibkarların vergisinin birdən-birə 5%-dən 20%-ə artırılmasına haqlı və əsaslı tənqidlərin çox olduğunu nəzərə alaraq, güya, öz aləmlərində, tənqidlərə cavab verən açıqlama yayıblar. Bu vergi artımını izah etmək üçün deyirlər ki, bunun məqsədi:

- Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir;

- Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikro sahibkarlar” destimullaşdırılır. Mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı alınır.

Bu mənasız qərar çıxarkən demişdik ki, əsas məqsədlərdən biri kağız üzərində “yeni iş yerləri” yaratmaqdır – DVX-i faktiki olaraq bunu etiraf edib deyir ki, əgər yenə 5% vergi vermək istəyirsinizsə, gedin 3 nəfər dost-tanışı işçi kimi rəsmiləşdirin, biz də İqtisadiyyat Nazirliyi olaraq çıxıb deyək ki, gördünüzmü ölkədə nə qədər yeni iş yerləri yaratdıq!

Bu qərar, güya, nağdlaşdırma ilə məşğul olan və süni xərc/gəlir ötürən sahibkarlarla mücadilə üçündür.

1) Nagdlaşma qeyri-qanunidirsə, ölkədə bununla mübaricə üçün bir dəstə orqan, bir yığın da qanun var – gedin mücadilə edin də, vergiləri niyə qaldırırsınız ki?!

2) Süni xərc/gəlir ötürən, real olmayan “yeni sahibkar" niyə yaranır?!

Hörmətli İqtisadiyyat Nazirliyi, 2015-ci ildə ölkədə 3 pilləli devalvasiya oldu, amma o günə qədər dövriyyəsi 200 min manat olan necə mikro-sahibkar sayılırdısa, o gündən sonra da 200 min manat dövriyyə yerindəcə qaldı. 2015-ci ilə qədər 200 min manat 256 min 400 dollar edirdi, bu gün həmin məbləğ cəmi 117647 dollar edir, yəni, dövriyyəni artırmadız, yuxarı çəkmədiz. Halbuki, bu məbləğ də dolların məzənnəsinə uyğun olaraq indekləşdirilməli, ən azı 430 min manat olmalı idi – etmədiz, əliniz gəlmədi, sahibkara “yolunmalı qaz” kimi baxmağa davam etdiniz.

Sahibkar da görəndə ki, dövriyyəsi 200 min manatı keçir, buna 18% ƏDV təhlükəsi yaranır, gedib başqa ada VÖEN açır, dövriyyəni bölür ki, qazandığının hamısını ƏDV adı ilə ondan almayasız. Yəni, siz sahibkara yardım etməkdənsə, ona çətinlik yaratmaqda davam edirsiz, o da sistemi öz bildiyi kimi aldatmağa məcbur olur, gedib paralel VÖEN-lər açır, sonra da siz çıxıb bunun adına, “xərc/gəlir ötürən, real olmayan sahibkar”, deyib onunla vergiləri artıraraq mübarizə aparmaq istəyirsiz?!

Belə yanaşma heç feodalizmdə də olmayıb, çözüm istəyirsinizsə, dövriyyəni 200 mindən 430 minə qaldırın, bu zaman heç kim də başqa yola əl atmağa səbıb görməsin, başqa adla VÖEN açmağa məcbur qalmasın – bu işin fəlsəfəsi stimullaşdırmadır, cəza deyil.

Hökumətin gənc kadrları belə düşüncə olaraq “sovetdən” qalıblar. Sovetlər daim insanın maraqlarını deyil də, insanın özünü idarə etməyə çalışıblar – nəticəni gördük, sistem yaşaya bilmədi. Ona görə insanı deyil də, maraqlarını idarə edən sistem qurmalıyıq!”

Doğrudan da, hökumətdə, ayrı-ayrı nazrliklərdə, xüsusilə də sosial-iqtisadi blokda xeyli sayda gənc kadrlar işə götürülüb, yüksək vəzifələrlə təmin olunub və s. Lakin bu sahədə dəyişən ciddi bir şey yoxdur...






Fikirlər