“Gedin özünüzü yandırın, istəyirsiniz öldürün” - “Nikoilbankdan” ŞİKAYƏT

“Gedin özünüzü yandırın, istəyirsiniz öldürün” - “Nikoilbankdan” ŞİKAYƏT

Sahibkarlar "Nikoilbankdan” şikayətçidir: bizi soyur, əlavə xərclər alırlar

Orucağa Əhmədov: "Bizdən faizlərdən əlavə 20 manat da alınır”
"Ümidimiz Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlıyadır. "Nikoylbank”da bizləri rəsmən soyurlar, faiz almaqla yanaşı, əlavə ödənşlər etməyimizi tələb edirlər. Elə belə də devalvasiya belimizi qırıb, bu tərəfdən də bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Fərhad Hacinski başımıza oyun açır”. 
Bunu Masallı şəhər sakini Orucağa Əhədov deyir. Onun sözlərinə görə bankdakı üzləşdikləri qanunsuz yığımlarla bağlı Fərhad Hacınskinin qəbuluna düşmək istəyiblər: "Bütün nazirlərimiz şəhər və kəndlərə gedir, camaatı qəbul edib dinləyir. On gündür ki, banka ayaq döyürük, amma Fərhad Hacınskinin qəbuluna düşmək olmur. Bankdan 8 dekabr 2015-ci ildə kredit götürmüşəm. Qızıl girov qoymuşam. Razılaşmamız olub ki, qızılları dəyişə-dəyişə hər ay ana məbləğdən və faizdən azaldacağam. "Nikoylbank”ın İdarə Heyətinin sədr müavini Vasiliy Xamaza devalivasiyaya qədər bizdən girovları dəyişəndə 20 manat haqq alırdı. Amma devalivasiyadan sonra bu qaydanı ləğv etdi. Üstəlik faizləri dolları 1.05 manat olmaqla hesablanmasına göstəriş vermişdi. Onun yerinə Fərhad Hacınski təyin edildikdən sonra bizdən faizlər də, əlavə 20 manat da alınır, üstəlik dolları da 1 manat 75 qəpik hesabı ilə götürürlər”.
Gedin özünüzü yandırın, istəyirsiniz öldürün
Orucağa Əhədov deyir ki, Fərhad Hacınskinin sahibkarlara qarşı yeritdiyi siyasət ümumilikdə ölkə rəhbərliyinin apardığı siyasətə ziddir: "Bu adam devalvasiya dövründə nə fikirləşib mənim kimi kiçik sahibkarları soyur bilmirəm. Banka gedirik, departament rəhbəri var, Elnur Vəliyev dinləyir, bizə açıq-aydın deyir ki, gedin özünüzü yandırın, istəyirsiz öldürün. Ona deyirəm ki, Masallıdanam, orada əkin-biçinlə məşğulam. Banka xeyli xeyir vermişəm. Elnur Vəliyev deyir ki, get nə bilirsən elə. Girov qoyduğumuz malı da vermirlər. Hegemonluq edirlər. Rüfət Aslanlıya da müracət ünvanlamışıq.  Xahiş edirik ki, Fərhad Hacınski və Elnur Vəliyev haqda tədbir görülsün”.
"Nikoilbankla” bağlı şikayətlər niyə çoxalır? 
Qeyd edək ki, son günlər "Nikolbank”la bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu bankdan daha çox kiçik sahibkarlar şikayət edirlər. Onların sözlərin belə çıxır ki, bank sahibkarlara açıq-aydın "müharibə” elan edib. Bankın apardığı xətt bilavasitə sahibkarların müflisləşməsinə gətirib çıxarır.  
Məlumat üçün deyək ki, dünyada, eləcədə Azərbaycanda müşahidə olunan maliyyə böhranı onsuz da ölkəmizdə iş adamlarının, orta və kiçik biznes strukturlarının fəaliyyətinə təsirsiz ötüşmür. Məhz bu səbəbdəndir ki, son bir ildə çoxlu sayda biznes və sahibkarlıq subyektləri fəaliyyətini dayandırıb. Bu isə faktiki iş yerlərinin bağlanması, vəziyyətin pisləşməsi deməkdir. Ölkə rəhbərliyi isə belə durumda maksimum biznes və sahibkarlıq subyektlərinə dəstək verir, onlar üçün hər cür şəraitin yaradılmasının vacibliyini ifadə edir. Ancaq görünən budur ki, belə çağırışlar "Nikoilbank” üçün əhəmiyyətli deyil...
II qrup Qarabağ əlili və kiçik sahibkar Elşad İsayev də, "Nikoilbankdan” şikayətçidir. Sahibkar deyir ki, bank onun əl-qolunu bağlayıb və işləməyə faktiki imkan vermir. Üstəlik devalvasiyadan sonra bankla aralarında əldə olunan razılığı qarşı tərəf pozub. 
Elşad İsayev də 2015-ci ilin sentyabrında "Nikoilbankdan” 10 min ABŞ dolları kredit götürüb. Elşad Bakıda sahibkarlıqla, kiçik qızıl alqı-satqısı ilə məşğul olur. Sahibkar bankdan kredit götürərkən girov kimi qızıl-zinət əşyaları qoyub. Bank rəhbərliyi ilə razılaşma belə olub ki, mütəmadi olaraq girov qoyduğu qızılları dəyişdirəcək. Krediti verən "Nikoilbank” isə bununla razılaşıb və heç bir problem görməyib. Beləcə sahibkar krediti götürdükdən sonra hər ay ödənişlər edib.
Bank sahibkarlardan hər ay 20 manat əlavə pul alır
2015-ci ilin sonlarında isə ölkədə devalvasiya baş verib. Bundan sonra vəziyyətin kəskin pisləşdiyini görən Elşad İsayev "Nikoilbankın” rəhbərliyi ilə görüşüb, real durumu onlara anladıb. Tərəflər arasında razılıq əldə edilib ki, Elşad İsayevin krediti manata çevriləcək və sahibkar onu 1 manat 5 qəpik ABŞ dolları kursu ilə ödəyəcək. Bu razılaşmadan sonra sahibkar hər ay banka 400 manat AZN ödəyib. Bununla paralel olaraq hər dəfə banka qoyduğu qızıl-zinət əşyalarını dəyişərkən ondan əlavə 20 manat pul  tutulur. Bu pul bank xərcləri səbəbilə tutulub. 
Araşdırmalar isə göstərir ki, "Nikoilbank” əksər sahibkarlardan bank "xərcləri” adı altında ayda 20 manat tutur. Ən azından 60-70 nəfər banka beləcə "xərac” ödəyir. Bu isə ayda minlərlə manat havayı qazanc deməkdir. Sözsüz ki, bu xərac sahibkarların və ya sadə vətəndaşlardan əsassız alınan 20 manatlar hesabına əldə olunur. Görünən budur ki, bu durumdan sonra daha çox sahibkar və bank müştərisi danışmağa başlayacaq.   
II qrup Qarabağ əlili, şəhid qardaşı necə aldadılıb?
Sahibkar bir il müddətində kreditlərinin əsas hissəsini ödəyib, daha sonra bir qədər pul toplayaraq banka gəlib və kreditini tam bağlamaq istəyib. Lakin bankda eşitdikləri sahibkarda şok effekti yaradıb. Kreditini tam ödəmək istəyən sahibkara deyilib ki, onun ödədiyi dolların gündəlik kursuna uyğun olaraq hesablanıb, 1 manat 05 qəpikdən hesablanmayıb. Odur ki, onun hələ banka çox borcu var. Beləcə məlum olub ki, bank II qrup Qarabağ əlilini, şəhid qardaşını aldadıb, tərəflər arasında razılığı pozub və ona bildirilib ki, ödədiyi məbləğ qalıqların üzərinə gəlir. 
Bundan dəhşətə gələn sahibkar "Nikoilbankın” baş ofisinə gedib, vəziyyəti burada müzakirə etmək qərarına gəlib. Burada sahibkar bankın idarə heyətinin sədrinin müavini Fərhad Hacınskinin qəbuluna düşmək istəyib. Lakin bank rəhbərliyi II qrup Qarabağ əlilini qəbul etməyib. Sahibkar bundan sonra rəsmi teleqram vuraraq Hacinskinin qəbuluna düşmək istədiyini ifadə edib, amma bunun da nəticəsi olmayıb. 
Növbəti dəfə "Nikoilbankın” baş ofisinə gələn Elşad İsayevi özünü bankın filiallarına nəzarət departamentinin müdiri kimi təqdim edən Elnur Vəliyev qəbul edir. Sahibkarın dediklərinə qulaq asdıqdan sonra bank nümayəndəsi ona heç bir kömək edə bilməyəcəyini bildirib. Hətta çıxılmaz durumda olan sahibkara, "get özünü öldür” deməkdən çəkinməyib.   
Yeri gəlmişkən, qeyd edək ki, Elşad İsayev də artıq mövcud durumdan bezərək Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlıya müraciət edib. Müraciətində sahibkar bankda başına gətirilən olaylardan danışıb, qardaşının şəhid olduğunu, özünün isə Qarabağ döyüşlərdə qan tökdüyünü xüsusilə vurğulayıb. O, Maliyyə Bazarlarına Nəzarət Palatasından kömək istəyib. 
Verdikləri krediti bizə 1 manat 75 qəpiklə ödətdirirlər
Elşad İsayev deyir ki, bankın belə siyaəti sahibkar kimi onu pis vəziyyətə qoyur və müflis həddə çatdırır. Onun sözlərinə görə, bu vəziyyət faktiki olaraq sahibkarlara qarşı tələdir və sonda sahibkarların məhv olmasına gətirib çıxaracaq: "Azərbaycan prezidenti daima sahibkarlığa dəstək olmağı vacib sayıb, bu haqda dəfələrlə çıxışlar edib. Deyib ki, sahibkarlara fəaliyyət üçün hər cür şərait yaradılmalıdır. Ancaq bankın atdığı addımlar bu mövqeyə ziddir. Biz faktiki olaraq pis duruma düşmüşük. Devalvasiyadan sonra bankla belə razılığa gəlmişdik ki, kreditləri bundan sonra 1manat 05 qəpik məzənnə ilə ödəyəcəyik. İndi isə biz krediti 1 manat 75 qəpiklə ödətdirirlər. Əlavə 20 manatda xərc tuturlar. Bunun heç bir əsası yoxdur”.
Qeyd edək ki, "Nikoilbankın” səhmlərinin yarıdan çoxu "Topaz İnvestments” QSC-yə, bir faizi İsgəndər Xəlilovun sahib olduğu "İSR Holding” MMC-yə, yerdə qalan hissəsi isə  Rusiyada yaşayan azərbaycanlı biznesmen Vahid  Ələkbərova məxsusdur./Gundemxeber.az/

 






Fikirlər