Bakının iri ticarət mərkəzləri terrordan necə qorunur? - Araşdırma
Fransada baş vermiş terror hadisəsindən sonra Azərbaycanda da təhlükəsizlik tədbirləri gücləndirilib. Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə sabitliyi ciddi nəzarətə götürüb. Ölkənin hava limanları, dəmiryol nəqliyyatı və Bakı Metropoliteninin mühafizə xidmətləri gücləndirilmiş iş rejimində çalışır. Trend xəbər verir ki, strateji obyektlərlə yanaşı, ölkədə, xüsusən də paytaxt Bakıda bütün ticarət və iaşə obyektlərində, insanların sıxlıq təşkil etdiyi yerlərdə mühafizənin gücləndirilməsi vacibdir. Mühafizənin gücləndirilməsi vacib olan əsas məkanlar, əsasən, Bakıda fəaliyyət göstərən iri ticarət obyektləridir. Bu gün paytaxtda əhalinin daha çox alış-veriş etdiyi iri ticarət obyektləri onlarladır. Azərbaycanın qonşuluğunda Ermənistan kimi terrorçu ölkə olmasını da nəzərə alsaq, bu cür obyektlər hər an terrorçuların hədəfinə çevrilə bilər. Əhalinin sıxlıq təşkil etdiyi yerlər, ticarət və iaşə obyektləri bu cür təhlükələrdən qorunmaq üçün ciddi mühafizə olunmalıdır. Bəs, görəsən, bu cür obyektlərdə mühafizə hansı səviyyədədir? “28 Mall”da mühafizə gücləndirilib Trend-in əməkdaşı Bakıda bir neçə ticarət obyektində mühafizənin necə və kimlər tərəfindən qorunduğunu araşdırıb. Məlum olub ki, Bakıda bəzi iri ticarət mərkəzlərində hələ də təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Bəzi obyektlər müştərilərin rahatlığı və təhlükəsizliyi üçün lazımi şərait yaratsa da, bəziləri bu barədə düşünməyib. Bakıda əhalinin ən sıx alver etdiyi iri ticarət məkanlarından biri də Bakının mərkəzi hissəsində yerləşən “28 Mall” ticarət mərkəzidir. Fransa olaylarından sonra bu ticarət obyektinin mühafizəsi gücləndirilib. Mərkəzin girişində mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, xüsusi mühafizə qurğuları da quraşdırılıb. Binanın girişində mühafizə xidmətinin əməkdaşları vətəndaşların təhlükəsizliyinə ciddi nəzarət edirlər. Bundan başqa, ticarət mərkəzinin hər mərtəbəsində bir neçə mühafizəçi əraziyə ciddi nəzarət edir, şübhələndikləri hər hansısa şəxs barədə maraqlanır, xüsusi rabitə qurğuları ilə mühafizə rəhbərinə məlumat verirlər. “28 Mall” ticarət mərkəzinin mühafizəsini mərkəzin xüsusi mühafizə xidməti qoruyur. Mərkəzdən bildiriblər ki, mühafizə xidməti binanı növbəlilik sistemi ilə mühafizə edir və müştərilərin təhlükəsizliyini maksimum qorumağa çalışır. “Park Bulvar”da mühafizə necədir? Bakıda daha bir iri ticarət mərkəzi Dənizkənarı Milli Parkda yerləşir. “Park Bulvar” ticarət mərkəzində də mühafizə xidməti var. Hər mərtəbədə iki mühafizəçi müşahidə olunur. Amma binanın girişində mərkəzə daxil olan şəxslərin təhlükəsizliyinə bir o qədər də ciddi diqqət yetirilmir. Mərkəzin təhlükəsizliyinin hansı səviyyədə olması barədə “Xəzər” Mühafizə Xidmətinin “Park Bulvar”dakı mühafizə hissəsinin rəhbərinə müraciət etsək də, bu barədə heç bir açıqlama ala bilmədik. Mühafizə rəisi ticarət mərkəzini neçə mühafizəçinin qoruduğu, mühafizənin necə təşkil edildiyi barədə də məlumat vermədi. Binada ticarət obyektləri, restoranlarla yanaşı, kinoteatr da fəaliyyət göstərir. Yəni bu binanın mühafizəsi daha güclü olmalıdır. Burada canlı mühafizə qüvvəsindən çox istifadə olunmaması nəzərə çarpsa da, bura gələnlərin təhlükəsizliyinə quraşdırımış kameralar vasitəsilə yüksək nəzarət oluduğuna ümid etmək qalır. Mərkəzi Univermaqda insanların təhlükəsizliyi məsələsi "qızıl" kimi qiymətlidir Bakıda əhalinin sıx alış-veriş etdiyi daha bir ticarət mərkəzi isə “Mərkəzi Univermaq” (MUM) ticarət mərkəzidir. Bu ticarət mərkəzində də mühafizə xidməti var. Amma Paris olaylarından sonra mərkəzdə mühafizəçilərin sayının daha çox olacağını düşünmək olardı. Qarşılaşdığımız mənzərə isə belə olmadı. “Mərkəzi Univermaq”a daxil olan şəxslər xüsusi qurğular vasitəsilə yoxlanılmırlar. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, ticarət mərkəzinin mühafizə xidməti mərkəzdə baş verəcək hər hansı terror hadisəsinin qarşısını almaq üçün hazır deyil. Mühafizəçilər yalnız mərkəzdə baş verən hansısa mübahisəyə, oğurluq və digər qarşıdurmalara müdaxilə etməyə köklənib. Lakin burada satılan qızıl və zinət əşyaları, hədiyyələr və geyim əşyaları bahalı olduğundan təhlükəsizliyin də "bahalı" təşkil olunmasına ümid etmək lazımdır. Yəni elmi-texniki tərəqqinin yüksək inkişaf dövründə yaşadığımızdan kamera mühafizə sistemi hazırda ən etibarlı təhlükəsizlik vasitəsi kimi çıxış edir. Bizə də həm "MUM"da, həm də digər ticarət obyetktlərində, bazar və küçələrdə, metroda və başqa iaşə obyektlərində bu işin kameralar vasitəsilə yüksək vasitədə həyata keçirildiyinə ümid etmək qalır. Ekspert Arzu Nağıyev bildirir ki, hər hansı bir obyektin qorunması həmin obyektin texniki xarakteristikasından başqa, mühafizə olunan həmin obyektin qiyməti ilə də əlaqəlidir. Yəni müxtəlif təhlükəsizlik formaları var: “Məsələn, Bakıda fəaliyyət göstərən “Park Bulvar” kimi iri ticarət mərkəzlərinin və digər obyektlərin zirzəmiləri də xüsusi mühafizə olunmalıdır. Əgər həmin obyektlərin zirzəmilərində avtomobil parklanması varsa, bura da güclü qorunmalıdır. Dünya təcrübəsində belədir ki, əgər həmin ticarət mərkəzlərinin zirzəmisinə daxil olan avtomobillərdə qaz qurğusu varsa, həmin avtomobillər binanın yeraltı qarajlarına buraxılmır. Əgər qaz balonları quraşdırılan avtomobillər zirzəmiyə daxil olursa, bunun özü də bina üçün ciddi təhlükədir. Əgər bina mühafizə kamerası və digər texniki vasitələrlə izlənilirsə, bu kamera və qurğulara nəzarət etmək üçün xüsusi şəxs ayrılmalıdır”. Ekspert qeyd etdi ki, mühafizə anlamı yalnız binanın qorunması ilə bitmir. Mühafizə zamanı binanın təkcə daxili deyil, ora gələn müştərilərin və digər insanların hamısı izlənməlidir. Əsas məqsəd bu binaya olan təhlükəsizlik təhdidlərinin qarşısını almaqdır: "Çox təəssüf ki, bəzi ticarət obyektlərində mühafizəçilər yalnız bahalı əşyaların oğurlanmasına yönəldilir. Əslində ticarət mərkəzinə daxil olan şəxs kimliyindən asılı olmayaraq əlindəki çanta və digər əşyaları mühafizə aparatlarına təhvil verib mühafizə zolağından yoxlanılaraq keçməlidir. Müştərilərin əlindəki böyük çantalar saxlanılan yerlərə xüsusi diqqət yetirilməlidir. Mühafizəçi hər hansı bir şübhəli əşya aşkar edərkən özünün səlahiyyətinə aid olmadığı halda həmin əşya barədə dərhal yaxınlıqdakı polis və ya digər hüquq-mühafizə obyektinə məlumat verməlidir. Bununla yanaşı, həmin ərazi üzrə polis şöbə və bölmələri ilə yanaşı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi müqavilə əsasında iş vaxtı bitəndən sonra həmin obyektləri mühafizəyə götürür və bu obyekti mühafizə etməyə başlayır". A.Nağıyev bir maraqlı faktı da diqqətə çatdırdı ki, bu gün bank sistemində mühafizəni iki mühafizə xidməti həyata keçirir. Bunlardan biri Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları, digəri isə bankın özünün mühafizə xidmət əməkdaşlarıdır: “Bu sistemdə hətta silahla mühafizə də var. Yəni, məqsəd bir olmalıdır. Obyektin və həmin obyektə gələn insanların təhlükəsizliyini tam təmin etmək. Son zamanlar baş verən hadisələr onu göstərir ki, terrorçular əsasən terror törətmək üçün əllərində və üzərində olan əşyalardan istifadə edirlər. Binaların mühafizəsində ilk öncə inanların həyatı təhlükəsizliyinə diqqət yetirilməlidir. Buna görə də, istər xüsusi, istərsə də dövlət təhlükəsizlik xidmətləri bir-biri ilə mütəşəkkil çalışmalıdır. Amma, təəssüflər olsun ki, heç bir səlahiyyəti olmayan şəxslər özəl qurumlar yaradaraq təhlükəsizlik xidməti həyata keçirirlər. Həmin xidmət əməkdaşlarının obyektlərdə işi siə oğurluğun qarşısını almaqdan başqa bir şey deyil”. Ekspertin dediyinə görə, əgər bu gün regionda terror aktları törədilirsə, bütün mühafizə strukturlar bir-biri ilə əlaqə saxlamalı, bu cür halların qarşısını almağa səy göstərməli, təhlükəsizlik tədbirlərini gücləndirməlidir: “Mən demirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Əgər bir binada əvvəllər 3 mühafizəçi işləyirdisə, bu gün onların sayı artırılmalı və sayıqlığa diqqət yetirilməlidir. Bu proseslərdə təkcə mühafizə xidmətləri deyil, insanların özləri də ayıq-sayıq olmalıdır”. Bəzi obyekt sahiblərinin obyektin mühafizəsi üçün təkcə müşahidə kameralarına güvənməsi məsələsinə toxunan ekspert bu vasitə ilə hər hansısa bir terror hadisəsinin qarşısının alınmasının mümkünsüzlüyünü bildirib. Onun sözlərinə görə, heç bir müşahidə kamerası hansısa bir təhlükə və terrorun qarşısını ala bilməz: “Müasir texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda bu cür halların qarşısını müşahidə kameraları almaq olmaz. Müşahidə kameraları ilə binada perimetr üzrə nəyisə görmək mümkündür, amma bu prosesdə canlı mühafizənin rolu daha vacibdir. Təbii ki, müşahidə kameraları da binanın mühafizəsində vacibdir, amma bu canlı qüvvənin yerini vermir”.