SAMİR ŞƏRİFOVUN LAYİHƏSİ NAZİRLƏRİ ÜZ-ÜZƏ QOYUB – Xidmət müddəti 10 il yoxsa, 5 il artırılacaq?
Hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin artırılması ilə bağlı Maliyyə Nazirliyində gərgin müzakirələr aparılıb. Hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin artırılması ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Əvvəlcə xatırladaq ki, “Azadlıq” bu barədə bir ay əvvəl məlumat yayıb. Həmin məlumatda deyilirdi ki, maliyyə böhranına görə hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin 5-10 il civarında artırılması nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də bu xəbəri təsdiqləmişdi. O, xidmət müddətinin 30 ilə qaldırılmasının ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri olduğunu deyib. Onun sözlərinə görə, hazırda bu müzakirə olunmasa da, xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir.
Redaksiyamıza daxil olan yeni məlumatlarda isə bildirilir ki, bu layihə hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə ciddi narazılığa səbəb olub. Çünki pensiyaya çıxmağa sayılı günlər qalmış hərbçilər və polislər var. Digər tərəfdən bu layihə qəbul olunarsa, xüsusilə hüquq-mühafizə orqanlarında işəgötürmədə problemlər yarana bilər.
Məlumatlarda deyilir ki, bu baxımdan hüquq-mühafizə orqanlarının rəhbərləri məsələ ilə bağlı maliyyə naziri Samir Şərifovla görüşüblər. Bu məsələ ətrafında 4 saat müzakirə aparılıb. Daha sonra müzakirələrə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də qatılıb. Müzakirələrin sonunda Samir Şərifov xidmət müddətinin 10 il yox, 5 il artırılacağını deyib. Bu da təbii ki, hüquq-mühafizə orqanlarının rəhbərləri qane etməyib. Bu məsələdə tərəflərin hansının qalib gələcəyini zaman göstərəcək