SAATLIQ MİNİMUM ƏMƏKHAQQINA KEÇİD MAAŞLARA NECƏ TƏSİR EDƏCƏK?
Son günlər ölkədə gündəmin əsas aktual mövzularından biri də aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsidir. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun birinədək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Hələlik təklif kimi ortaya atılan saatlıq minimum əməkhaqqı rejiminə nə zaman keçiləcəyi ilə bağlı rəsmi məlumat olmasa da, artıq bu mövzu ətrafında qızğın müzakirələrin getdiyini, cəmiyyəti düşündürən və cavabsız qalan xeyli sualların olduğunu görürük. Başlıca suallardan biri saatlıq minimum əməkhaqqına keçid olunacağı təqdirdə maaşların artıb-artmayacağı ilə bağlıdır. Digər tərəfdən, bunun işəgötürən tərəf və işçi üçün hansı müsbət və mənfi nəticələrinin olacağı da maraq doğuran məqamlardandır. Mövzunun aktuallığını nəzərə alaraq, müstəqil ekspertlərin bu barədə fikirlərini öyrənməyə çalışdıq. İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirdi ki, Azərbaycanda minimum əməkhaqqı məbləği o qədər də yüksək səviyyədə deyil:“Hətta ölkə başçısı da inaqurasiya mərasimində bu məsələyə toxundu və qeyd etdi ki, “hazırkı minimum əməkhaqqı məbləği hökuməti qane etmir”. 2024-cü ildə minimal əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunmadı. Görünür iqtisadi sahədə müəyyən çətinliklər var. Amma nəzərə almalıyıq ki, minimum əməkhaqqının artırılması büdcəyə əlavə yük gətirməklə bərabər, həm də özəl sektorun maliyyə vəziyyətinə təsir edir və vergi yükünü də artırır. Minumum əməkhaqqı artırsa, özəl sektorda da işçiyə ödənən minimal məbləğ artmalıdır. Özəl sektorda məhsuldarlıq, mənfəətlik o qədər də yaxşı vəziyyətdə olmadığı üçün mövcud artım onların maliyyə vəziyyətinə təsir göstərir. Minimal əməkhaqqından aşağı məbləğ təyin olunmadığına görə, 345 manatlıq məbləğ iki hissəyə bölünərək işçiyə ödənilir. Minimum əməkhaqqının artması şəffaflıq yaratsa da, nəticədə özəl sektordakı işçinin daha az əməkhaqqı almasına gətirib çıxarır. Həmin məbləğin rəsmiləşmə hissəsi artıb, ümumi dəyər artırılmadıqda da vergi yükü artmış olur. Düşünürəm ki, minumum əməkhaqqının vergidən azad olunması məsələsi də gündəmə gətirilməlidir”. “Avropada və ABŞ-də saatlıq əməkhaqqı anlayışı var. Ancaq burada da işçilərlə müqavilələr həftədə 5 gün, ya da ayda 50 saat olmaqla bağlanılmır. Daha çox müddətə bağlanır ki, bu, həm işləyən şəxsin xeyrinədir, həm də əmək müfəttişliyinin yoxlamalar aparmasına yardımçı olacaq qanuni standartarın müəyyənləşməsi deməkdir. Tutaq ki, hansısa şirkət işçi ilə 37 saatlıq müqavilə bağlayır və orada vurğulanır ki, bu işin saatlıq qiyməti 70-80 manatdan aşağı ola bilməz. Bu, hökumət üçün daha vacibdir. Çünki burada həm vergidən yayınmanın qarşısı alınır, həm də hökumət yoxlama arealını artırır və proseduru qanuniləşdirir. İşçi hüquqları baxımından da müsbət tərəfləri var. Doğrudur, daimi iş yeri olan, həftədə 40 saat işləyən bir işçi üçün saatlıq rejimə keçid nəisə dəyişməyəcək. Amma 40 saatdan çox və ya az işləyən işçilər üçün bu standartların müəyyənləşməsinə yardımçı olacaq”,-deyə ekspert qeyd edib. X. Kərimli əlavə edib ki, saatlıq rejimə keçid aylıq minimum əməkhaqqı məbləğinin artılacağı anlamına gəlmir:“Bu istiqamətdə mətbuata məlumat ötürülür ki, guya bu, hansısa formada minimum əməkhaqqını artıracaq. Qətiyyən belə deyil. Bunun minimum əməkhaqqının artmasına heç bir təsiri yoxdur. Minimum əməkhaqqı ayrı bir məsələdir. Qeyd etdiyim kimi, bu, hesablamaların daha da təkmilləşməsinə yönəlib”. İqtisadçı Natiq Cəfərli isə “AzPolitika”-ya şərhində bildirdi ki, hələlik bu barədə sadəcə təklifin özü səsləndirilib və rəsmi məlumatlar, hesablamalar ictimaiyyətə təqdim olunmayıb: “Bu, qanunverici hakimiyyətin işi olduğuna görə, təkliflər hazırlandıqdan sonra parlamentə təqdim ediləcək. Bizdə hazırda aylıq minimum əməkhaqqı sistemi mövcuddur və bu səbəbdən də bir çox qanunlarda “aylıq minumum əməkhaqqı” ifadəsi keçir. Belə çıxır ki, saatlıq rejimə keçid etsək, bir çox qanunlara dəyişiklik və əlavələr edilməli olacaq. Hazırda əhalinin 700-800 min nəfəri VÖEN-lə çalışır. Minimum əməkhaqqı məbləği artan kimi avtomatik olaraq onların DSMF xərcləri də artır. Onlar da narahtdılar ki, belə bir qərar qəbul olunsa, hesablamalar hansı formada aparılacaq?”. N. Cəfərli qeyd edib ki, saatlıq minimal əməkhaqqı məbləği hesablanarkən aylıq minimum əməkhaqqı nəzərə alınmayacaq: “Aylıq minimum əməkhaqqını işçinin çalışdığı saatlara bölsək görərik ki, biz də bu məbləğ kifayət qədər aşağıdır. Çox güman ki, minimum əməkhaqqını saatlıq hesablayarkən indiki minimum aylıq əməkhaqqı nəzərə alınmayacaq. Hesablamalar başqa qaydalar əsasında aparılacaq. Tutaq ki, şirkətlər və ya dövlət qurumlarının vətəndaşla gündəlik 3-4 saatlıq müqavilə bağlamaq imkanı olacaqsa, bu məntiqlə onların maaşı 200 manatdan da aşağı olacaq. Ona görə də belə bir yanaşmanın olacağını düşünmürəm”. Ekspert qeyd edib ki, saatlıq rejimin işçiyə bir neçə şirkətdə əmək müqaviləsi əsasında çalışmaq şəraiti yaratmasına baxmayaraq, burada da bir sıra qaranlıq məqamlar var:“Nəzəri olaraq bu mümkündür. Amma praktiki baxımdan bunun həyata keçirilməsi çətin məsələdir. Əgər bu qədər boş iş yerləri varsa, o zaman işləyən insanları niyə qəbul etsinlər? İşləməyənlər də var və onlar da iş üçün müraciət edirlər. Həm də bizdə bu qədər bol iş yeri də yoxdur. Məsələn, Yaponiyada bu qanun qəbul olunanda işsizlik səviyyəsi 2,1 faizə düşmüşdü. Hökumət dedi ki, boş vakansiyalar var və insanlar çalışmaq istəyirlərsə, belə bir mexanizm tətbiq olunsun. Bizdə bu təkliflə bərabər onun tətbiq qaydaları da çox maraqlıdır. Rəsmi qurumlar məlumatları açıqlasalar, mütəxəsis olaraq biz də daha dəqiq və dərin analiz edib, əks arqumentlə və ya başqa təkliflərlə çıxış edə bilərik. Hazırda təklif olsa da, bunun hansı formada və necə reallaşacağı, Azərbaycan iqtsiadiyyatına, ölkənin iş bazarına necə təsir edəcəyi kimi suallar açıq olaraq qalır”. Məlumat üçün qeyd edək ki, hazırda Azərbayacanda ixtisassız əməyə və xidmətə görə işçiyə minimum əməkhaqqı mexanizmi üzrə maaş ödənilir. Başqa sözlə, minimum əməkhaqqı işçiyə ödənilən əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Hazırda Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manatdır. Bu məbləğ sonuncu dəfə 1 yanvar 2023-cü il tarixdə 15 faiz artırılıb ki, bu da cəmi 700 min nəfəri əhatə edib. Cari ildə də minimum əməkhaqqının artırılacağına dair fikirlər səsləndirilir. Hazırkı rəqəmlərlə aylıq minumum əməkhaqqını saatlıq mexanizmlə əvəz etdikdə işçiyə saatbaşı ödənən minumum məbləği hesablaya bilərik. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Belə olan halda 8 saatlıq iş günü və 5 günlük iş həftəsini nəzərə alsaq, deməli həmin işçi həftəlik 40, aylıq 160 saatdan artıq çalışır. Aylıq minmium əməkhaqqını orta ümumi aylıq iş saatına bölsək, (345 manat:160 saat) bu zaman həmin işçinin saatlıq məvacibi təxminən 2 manat 15 qəpik edir. Təbii ki, dünya praktikasına nəzər saldıqda bu məbləğ olduqca aşağıdır. Məsələn, hazırda Avropa ölkələrində saatlıq minumum əməkhaqqı mexanizmi əsas götürülür. Avropada saatbaşına minimal əməkhaqqı 11 avrodur. Lakin əksər ölkələrdə bu məbləğ 11 avronun üzərindədir və hər il artırılır. Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əməkhaqqı məbləğini təqdim edirik: - Almaniya 12,41 avro (22 manat 83 qəpik); - İrlandiya 12,70 avro (23 manat 36 qəpik); - Fransa 11,65 avro (21 manat 43 qəpik); - Böyük Britaniya 13,23 dollar (24 manat 34 qəpik); - Belçika 12,70 avro (23 manat 36 qəpik); - Hollandiya 13,68 avro (25 manat 16 qəpik); - Kanada 15 dollar (25 manat 50 qəpik); - Avstraliya 15,23 dollar (25 manat 90 qəpik); - Yeni Zellandiya 13,90 dollar (23 manat 64 qəpik); - ABŞ 7,25 dollar (12 manat 32 qəpikdir); - İsrail 8,41 dollar (14 manat 49 qəpik).