MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir...”
Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edib. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib. Milli Məclisdə zaman-zaman minimum əməkhaqqının artırılmasıyla bağlı bu cür qulağa xoş gələn təkliflər səsləndirilsə də, nəticə həmişə fərqli olub. Sonuncu belə təklif yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda səsləndirilmişdi. Həmin vaxt hökumət və parlamentdə bu təklifə o qədər də müsbət yanaşmamışdılar. Məlumat üçün qeyd edək ki, ölkədə minimum əməkhaqqı 2019-cu ildə 180 manatdan 250 manata, 2022-ci ildə isə 250 manatdan 300 manata qaldırılıb. Açıqlanan məlumatlara əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi inflyasiya 13,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 19,3 faiz olub. Ancaq müstəqil ekspertlər ölkədə inflyasiyanın qat-qat bundan artıq olduğunu dilə gətirirlər. Rəsmi məlumatda isə deyilir ki, yüksək inflyasiya fonunda əhalinin gəlirləri 20,2 faiz artıb. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 825,3 manat təşkil edib. Cari ilin iyun ayına olan statistikaya əsasən, Azərbaycan iqtisadiyyatında əmək müqaviləsi ilə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 faiz artaraq 1 milyon 706 min nəfərə çatıb. Onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, əmək müqaviləsi ilə çalışanların orta aylıq maaşı təxminən 405 manatdır. Təkcə bu göstərici onu deməyə əsas verir ki, ölkədə maaşlar olduqca aşağıdır. 405 manat və daha aşağı məbləğdə maaş alanların sayı isə təxminən 850 min nəfərdir... Qeyd olunur ki, cari il üzrə əməyin ödənişi xərclərinin 8 milyard 59 milyon manat olacağı gözlənilir. 2023-cü ilin dövlət büdcəsində isə əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 479 milyon manat (5,2 faiz artım-red.) olacağı proqnozlaşdırılır. Növbəti il üçün inflyasiya göstəricisinin 6,9 faiz olacağının proqnozlaşdırıldığını və artımın inflyasiya təzyiqinə əsaslandığını nəzərə alanda əməkhaqlarının müəyyən sahələr üzrə 10 faizə qədər artacağını təxmin etmək olar. Ölkədə yüksək inflyasiya fonunda, minumum əməkhaqqının 500 manata çatdırılması əhalinin güzəranına müsbət təsir edə bilərmi? Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində qeyd edib ki, deputat Vahid Əhmədov tez-tez bu cür populist təkliflərlə çıxış edir: “Təbii ki, minimum əməkhaqqının artırılması yaxşı bir haldır. Daha çox artırmaq isə ondan da yaxşıdır. Məsələn, 500 manatdansa, 700 manat olması daha yaxşı bir təklifdir. Gərək Vahid bəy 500 manat əvəzinə 700 manat deyərdi. Onda daha yaxşı olardı və insanlar da daha çox “bravo!” deyərdilər... Bunları bir kənara qoyub, sözügedən mövzu ətrafında daha ciddi düşünmək lazımdır. Öncə onu qeyd edək ki, minimum əməkhaqqı ölkədə gündəlik 8 saat olmaqla, 5 gün ərzində işçiyə ödənilən minimum məbləğdir. Yəni, dövlət və özəl sektorda çalışmasından asılı olmayaraq, həmin işçilərə minimum əməkhaqqından aşağı bir ödəniş verilə bilməz”. Ekspert qeyd edir ki, az maaş alan insanların inflyasiya dövründə əməkhaqqlarının artırılması arzuolunandır: “İstənilən insan bu artıma müsbət baxır. Həmçinin minimum əməkhaqqının artırılması həm də iqtisadiyyatdakı şəffaf mühitə müsbət təsir göstərir. Məsələn, faktiki olaraq minimum əməkhaqqından aşağı maaş təyin oluna bilmədiyindən, gizli paket şəklində verilən əməkhaqqlarının səviyyəsi də aşağı düşmüş olur. Amma burada bir sıra problemlər var. Problem ondan ibarətdir ki, minimum əməkhaqqı sadəcə deputat istədi deyə artırıla bilməz. Burada ciddi hesablamalara ehtiyac var. Çünki bu qərar əsasında həm də dövlət və özəl sektor üçün minimum standartlar müəyyənləşir, özəl sektorun xərcləri və ödənilən vergilərin həcmi artır. Həmçinin minimum əməkhaqqının 500 manat olması, mağazalardakı ərzaq qiymətlərinə də müəyyən qədər mənfi təsir göstərə bilər”. İqtisadçı bildirir ki, minimum əməkhaqqının birdən-birə bu qədər artırılması iqtisadiyyatda bir sıra problemlərə səbəb ola bilər: “Hazırda 500 manat maaşla bir ailənin normal dolanışığını təmin etmək mümkün deyil. Bu, olduqca aşağı bir məbləğdir. Ancaq minimum əməkhaqqının birdən-birə 300 manatdan 500 manata (67 faiz artım-red.) artırmaq ölkədə inflyasiya proseslərinə mənfi təsir göstərə bilər. Bu məsələyə orta aylıq əməkhaqqının artım faizinə uyğun və ya ölkədəki ərzaq inflyasiyası əsasında baxıla bilər. Tutaq ki, 20-25 faiz ərzaq inflyasiyası varsa, ona uyğun tədricən artımlar olmalıdır ki, cəmiyyət və biznes strukturları buna adaptasiya olsunlar. Bu səbəbdən də, mən Vahid bəyin təklifinin əksinə olaraq, minimum əməkhaqqının tədricən artırılmasının tərəfdarıyam”. Digər ölkələrdə vəziyyət necədir? Beynəlxalq Əmək Təşkilatı (BƏT) minimum əməkhaqqının müəyyən edilməsi zamanı mütəmadi olaraq məlumatların toplanmasının vacibliyini qeyd edir. BƏT-ə görə, minimum əməkhaqqının müəyyən edilməsində altı meyar üzrə toplanmış statistik məlumatlar üzrə təyin olunmalıdır: 1. İşçilərin və onların ailələrinin ehtiyacları; 2. Ölkədə əmək haqqının ümumi səviyyəsi; 3. Yaşayış şəraiti; 4. Sosial təminat şərtləri; 5. Digər sosial qruplarla müqayisədə yaşayış şəraiti; 6. Artım, məhsuldarlıq və məşğulluq kimi iqtisadi amillər. Bəzi ölkələrdə - ABŞ, Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya, İsveç və s. minimum əməkhaqqı yoxdur. Bu ölkələrdə minimum əməkhaqqı işçinin çalışdığı müddət əsasında hesablanır. Məsələn, ABŞ-da minimum əməkhaqqı olaraq saat başına 7,25 dollar (12 manat 33 qəpik) qazanmaq mümkündür. Bu hesabla iş saatından asılı olaraq minimum əməkhaqqı 1200-2400 dollar arasında dəyişir. Digər ölkələrdə olan minimum əməkhaqqı məbləğinə dair internet resusrlarından əldə etdiyimiz son məlumatları təqdim edirik: Lüksemburq - 4088 manat Belçika - 3256 manat İrlandiya - 3102 manat Hollandiya - 3104 manat Almaniya - 3083 manat Fransa - 2909 manat Yunanıstan - 1470 manat Portuqaliya - 1454 manat Polşa - 1134 manat Xorvatiya - 1099 manat Rumıniya - 912 manat Macarıstan - 890 manat Serbiya - 710 manat Bolqarıstan - 641 manat Türkiyə - 502 manat Ukrayna - 419 manat Gürcüstan - 401 manat Rusiya - 390 manat Ermənistan - 292 manat.