Yüz minlərlə vətəndaş pensiyadan məhrum ola bilər - EKSPERT
"Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Belə ki, hazırda güzəştli qruplar istisna olmaqla, pensiyaya çıxmaq istəyən şəxsin ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır".
Reyting.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, əgər vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə o zaman pensiya hüququ əldə edə bilmir. Onun fikrincə, belə olduqda həmin vətəndaşa pensiya təyin edilmir:
"Minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir. Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği üçün 200 manat olduğundan 200 manat X 144 = 28 800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya məbləği artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43 200 manat təşkil edəcək. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa, yalnız 43 200 manat və daha çox pensiya kapitalı toplayanlar pensiyaya çıxa biləcəklər.
Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı azala bilər. Aydındır ki, nə 28 800 manatı, nə də gələcəkdə 43 200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə, yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhvəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizmin dəyişdirilməsinə ehtiyac var".
Ekspert təklif edir ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün: "Yəni, əgər vətəndaş 17 280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11 600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklər olacaq".