Paytaxtla bağlı inanılmaz açıqlama: Vəziyyət ağırlaşır... - BAKINI GÖZLƏYƏN TƏHLÜKƏ
İstirahət mövsümü olmasına rəğmən, paytaxt insanla dolub-daşır. Məzuniyyətlərin başlaması, məktəb və ali təhsil ocaqlarında tədrisə fasilə verilməsi Bakıda əhali sayına demək olar ki, təsir etməyib. Bəs ötən illərə nisbətən, bu qədər insanın Bakıda qalmasının səbəbi nədir? Paytaxtda izdiham yaşanmasının səbəbini “Yeni Sabah”a açıqlayan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı vəziyyətin gərgin olduğunu bildirib: “Yay tətilinin başlamasına baxmayaraq, Bakıda əhalinin, avtomobillərin sayı, o cümlədən sıxlıq azalmayıb. Maksimum 10 faiz azalma müşahidə olunur ki, bu da tələbələrlə bağlıdır. Tələbələrin isə böyük əksəriyyəti Bakı-Abşeron zonasının payına düşür. Çünki ümumilikdə ölkə əhalisinin yarıdan çoxu sözügedən zonada yaşayır. Ona görə də yay mövsümi olsa belə, paytaxtda gərginlik azalmır. Üstəlik, quru sərhədlərinin bağlı olması və yerli turizm mərkəzlərindəki qiymətlərin bahalığı insanları istirahətə getməkdən məhrum edir. Böyük əksəriyyət Bakıda qalır, yaxud bir neçə günlük güclə rayona gedir. Bu səbəbdən əvvəlki illərə nisbətən paytaxtda sıxlıq azalmır. Halbuki əvvəllər yay tətilində şəhərdə əməlli-başlı rahatlıq yaranır, nəqliyyatın hərəkətində, metroda, avtobusda insanların sayında azalma nəzərə çarpırdı. Ancaq hazırda bunu müşahidə edə bilmirik. Səbəb əhalinin sosial-iqtisadi durumu, quru sərhədlərin qapalı olması, regionlarda fəaliyyət göstərən istirahət mərkəzlərindəki qiymətlərdə bahalıqdır. Əhalinin böyük əksəriyyətinin paytaxtda məskunlaşması da sosial-iqtisadi vəziyyətlə bağlıdır. Çünki regionlarda işləmək üçün şərait yoxdur. Elə ona görə də ölkə əhalisinin 70 faizi Bakıya üz tutub”. E.Bayramlı tezliklə məsələ ilə bağlı tədbir görülməsinin əhəmiyyətini diqqətə çatdırıb: “Təkcə şəhər mərkəzində deyil, ətraf kənd və qəsəbələrdə də çox böyük sıxlıq var. Regionlarda əhali sayı getdikcə azalır. Bu isə olduqca ciddi məsələdir. Həm kommunal sistemlər, həm ev-əhali sayı baxımından artıq şəhər bu yükü götürmür. Aktiv əməliyyatların, iş yerləri, iqtisadi sahələr, təhsil müəssisələri və s. Bakıda cəmləşməsi vəziyyəti getdikcə ağırlaşdırır. Problemin qarşısını almaq üçün müəyyən proqramlar tərtib olunmalıdır. Uzun illərdir ki, həmin məsələ ətrafında müzakirələr aparılır. Ancaq ortada heç nə yoxdur. Hesab edirəm ki, paytaxtda getdikcə yaşamaq çətinləşəcək. Problemin həll yolu ölkənin balansı inkişafında, əhalinin regionlarda yerləşməsi, çalışması ilə bağlı müəyyən addımlar atılmasıdır. Bunlar reallaşarsa, ölkənin bütün əhalisi bir zonada cəmləşməz. Belə davam edərsə, əhalinin hamısı bu zonaya cəmləşəcək. Bu yaxınlarda bir neçə rayonda oldum. Vəziyyət çox sönükdür, insan azdır, iqtisadi aktivlik isə yoxdur. Məsələ barədə kompleks tədbirlər görülməli, dövlət proqramları qəbul edilməlidir. Əhalinin regionlara qaytarılması, bölgələrdə sosial-iqtisadi inkişafın təmin olunması üzrə işlər aparılmalıdır. Belə tədbirlər həyata keçirilərsə, bəlkə 5-10 il ərzində Bakıda mövcud vəziyyətə normala qayıda bilər. Əks halda hazırkı durum getdikcə daha da ağırlaşacaq”.