Kənd Təsərrüfatı Nazirliyi Bakının mərkəzindən köçürülsün - TƏKLİF

Bakının tıxac probleminin həll olunması üçün illərdir irəli sürülən təkliflərin hələ ki, heç bir səmərəsi olmayıb. Xüsusilə, ali və orta məktəblərdə yeni tədris ilinin başlanması ilə problem daha da aktuallaşıb. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, tıxac vaxt itkisi ilə yanaşı, insan əsəbinin tarıma çəkilməsi, sağlamlığın itirilməsidir...

Bu baxımdan ənənəvi problemin həlli üçün hətta ölkə başçısı da çıxışlarında bəzi dövlət qurumlarının və ali məktəblərin şəhər ətrafına köçürülməsi təklifini irəli sürmüşdü.

Qeyd edək ki, məsələ “Böyük Bakının Regional İnkişaf Planı”nında öz əksini tapıb. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2030-cu ili hədəfləyən Planda Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölündə yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat yaymışdı.

Sıxlığı yaradan əsas səbəblərdən biri də dövlət qurumlarının düz Bakının mərkəzində cəmləşməsidir. Bu baxımdan  fəaliyyəti respublika ərazisini əhatə edən Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi böyük dövlət qurumlarının paytaxt ətrafına köçürülməsinin xeyrindən başqa ziyanı olmaz.

“Kənd Təsərrüfatı Nazirliyi şəhər ətrafına köçürülsün”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a nazirliklərin və komitələrin şəhərdən kənara çıxarılması məsələsilə tam razı olduğunu bildirib:

“Kənd Təsərrüfatı Nazirliyi respublikanı əhatə edən nazirliklərdən biridir. Regionlarda nazirliyin nümayəndəlikləri, səlahiyyətli şəxsləri var. Bu qurumu hansısa regionda deyil, heç olmasa Bakı ətrafı qəsəbələrdən birində, Qaradağda, Sabunçuda, Əzizbəyov rayonlarından birində yerləşdirmək olar. Bakı mərkəzdir. İstənilən istiqamətdən bura gəlmək rahatdır. Yəni, bu baxımdan nazirliyin hansısa ucqar rayona köçürülməsini deyil, elə Bakıda mərkəzdən kənara köçürülməsini məqbul sayıram.

Hətta cənab Prezident İlham Əliyev də Bakının yükünün azaldılması üçün bəzi qurumları və universitetləri şəhər kənarına çıxarmağı məsləhət gördü. Hesab edirəm ki, bu, Bakının tıxac probleminə böyük təsir edə bilər”.

“Əhali və avtomobillərin sayı durmadan artır”

E.Quliyev yeni tədris ilinin başlanmasının tıxaclara birbaşa təsir etdiyini vurğulayıb:

“Bu gün ali və orta məktəblərdə tədris başlanıb. Xüsusilə kiçik sinif şagirdlərinin məktəbə valideynləri tərəfindən avtomobillə aparılması zamanı da sıxlıq yaranır. Son iki ili nəzərə almasaq əhalinin vəziyyəti yaxşıdır. Yəni insanların avtomobilə əlçatanlığı asandır. Mən hesab edirəm ki, məhz yeni tədris ili başlayandan tıxaclar artmağa başlayıb. Yəqin bu yay, tıxacların azalması əksəriyyətin nəzərindən qaçmayıb. Bu yay çox rahat idi gediş-gəliş. İnsanların əksəriyyəti istirahətdə, ali və orta məktəblər də bağlı idi. Son zamanlar çox sayda körpülər açılıb, yollar genişləndirilib. Mənim millət vəkili olduğum Nardaran, Bilgəh, Maştağa yolları nəzərəçarpacaq dərəcədə genişlənib. Buna baxmayaraq əhali və avtomobillərin sayı durmadan artır. Buna görə də, tıxac probleminin həll etmək mütləqdir”.

“Universitetlər tıxac yaratmır”

 Milli Məclisin Təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevməsələ ilə bağlı Modern.az-a danışarkən universitetlərin şəhərdəki tıxaca səbəb olması fikrilə razılaşmayıb:

“Quraşdırılan parkomatlar yol hərəkəti qaydalarına uyğun yerləşdirilsə, heç bir problem qalmaz. O ki, qaldı universitetlər və tıxaclar məsələsinə, mən hesab edirəm ki, universitetlər heç bir tıxac yaratmır.

Regionlarda kifayət qədər universitetlər var. Əhalinin sıxlığı nəzərə alınaraq çox normal şəkildə paylanıb. Bakı şəhəri ətrafında yeni kampusların tikilməsinə, mən bu təklifi dəstəkləyirəm. Bizim müasir, tədqiqatçı universitetlər üçün kampuslar tikilməlidir. Universitetlərin hamısı o kampuslarla təmin olunmalıdır ki, orada yüksək keyfiyyətli təhsili tətbiq edə bilək”






Fikirlər