Zahid Oruc: “Vətəndaşlara saxta statistikalar təqdim olunur”
Millət vəkili Zahid Oruc Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında prezidentin imzaladığı fərmanı şərh edib. AzerTaym.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Oruc açıqlamasında qeyd edib ki, “ABAD” adlı publik hüquqi şəxsin yaradılması ilk növbədə kiçik və orta sahibkarlığa yardım edilməsi ilə bağlıdır: “Bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə müxtəlif layihələr həyata keçirilməkdədir. Lakin məsələ odur ki, biz bu gün neftə alternativ olan iqtisadiyyat yaratmaq istəyiriksə, mütləq ailələri müxtəlif formada sahibkarlıq fəaliyyətinə cəlb etməliyik. Dünya təcrübəsində bu sahənin inkişafı əhalinin 100 min nəfərinə düşən kiçik və orta sahibkarların sayının nə qədər ölçülməsi ilə müəyyən olunur. Bizdə bu rəqəm çox aşağıdır. Ölkə başçısı bölgələrə son səfərində xaricə məhsul ixrac etmək üçün bölgələrdə potensialın yaradılmasını xüsusi vurğulayır. Bilirik ki, ötən müddət ərzində əhalinin əsas hissəsi Bakıya axışıb, yaxud da bir qismi ölkədən kənara gedib. Rayonlarda bəlli şəkildə təsərrüfat ənənələrini qoruyub saxlaya, həmçinin əhalinin məşğulluğu ilə bağlı geniş tədbirlər həyata keçirə bilməmişik. Bu reallıqdır”. Millət vəkili xatırladıb ki, ölkə prezidenti bu günlərdə dövlət qurumlarının, şirkətlərin, həmçinin komitələrin, nazirliklərin xaricdən mal və məhsulların alınmasını qadağa edən yeni bir fərmanla çıxış edib: “Bunun nəticəsi olaraq ordu qüvvələrindən tutmuş penitensiar sistemə qədər lazım olan təlabatı kiçik və orta sahibkarlar yaratmalıdırlar. Bunu da həyata keçirəcək ən başlıca norma şəffaf bir qurumun yaradılmasındadır. İlkin dövrdə 1 milyon manat vəsait yalnız bu işin formalaşdırılması və pilot layihələrin həyata keçirilməsi üçün ayrılıb. Çox ümidvaram ki, “ABAD” dövlət qurumu da ASAN simvolu kimi cəmiyyətdə özünə yeni dayaqlar müxtəlif nazirliklərin, qurumların səlahiyyətini əldə etmək imkanı olacaq. Ölkə prezidenti özünün etibar etdiyi bir qurum vasitəsilə bölgələrdə bu işləri reallaşdırmaq istəyir. Açıq demək lazımdır ki, bu qədər layihələr vətəndaşlara ya pis formada çatdırılır, ya da saxta statistikalar təqdim olunur. O cümlədən başqa problemlər vasitəsilə dövlət başçısının verdiyi qərar və sərəncamlar öz gözlənilən yüksək nəticələrini ortaya qoya bilmir. Ona görə də hesab edirəm ki, ölkə başçısı bundan sonrakı dövrdə “ABAD” qurumunun daha da genişlənməsi və onun ölkə içərisində mühüm səlahiyyətlər əldə etməsi üçün hansı addımlar atacağını həmin fərmanda da göstərib. Fərmanda qeyd olunur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həm də Kənd Təsəsrrüfatı Nazirliyinə bilavasitə tapşırıqlar verilib ki, onlar bu qurumun fəaliyyətinin genişlənməsinə təsir göstərsinlər. Bu o deməkdir ki, həmin qurumlar səlahiyyətlərini getdikcə “ABAD” publik hüquqi şəxsə təhvil verəcəklər”.