“Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzində TƏMSİLÇİLİYİ TƏQDİRƏLAYİQ OLARDI”

Vahid Əhmədov: “Bu, yeni qurumun daha dolğun, daha şəffaf fəaliyyətinə təkan verər”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb

Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur. Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Moderator.az-a açıqlamasında məlum yeniliyi şərh edən millət vəkili Vahid Əhmədov ölkə başçısının bu fərmanının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

 “Təbii ki, ölkə başçısı tərəfindən verilən bu fərman tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, bu sahədə daha mükəmməl, daha çevik və optimal sistem formalaşdırmağa xidmət edir. Bu baxımdan məlum fərmanının sözügedən sahədə ciddi uğurlara yol açacağı şübhəsizdir.

TQDK-ya gəlincə, deməliyəm ki, bu qurum da fəaliyyət göstərdiyi müddət ərzində öz şəffaflığı ilə yadda qalıb. TQDK-nın vətəndaşların müraciətinə özünəməxsus həssaslıqla yanaşması, neqativ hallardan uzaq olması vətəndaşların bu quruma, onun rəhbərliyində təmsil olunan şəxslərə etimadını təmin edib.

Bu baxımdan hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasında Məleykə Abbaszadənin təmsilçiliyi  olduqca tədirəlayiq olardı. M.Abbaszadə bu sahədə zəngin təcrübəyə malik bir insandır. Onun yeni qurumda iştirakı bu qurumun daha dolğun fəaliyyətinə yardım edə , eyniylə TQDK-da olduğu kimi şəffaflığın təmin olunmasına, vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə təkan verər”.

 






Fikirlər