KƏRƏ YAĞININ BAHALAŞMASININ SİRRİ - Kütləvi xaricə daşınır...
Ərzaq təhlükəsizliyimiz nə yerdədir; Rusiyaya qarşı sanksiyalar işbazları hərəkətə gətirib Azərbaycanda kərə yağının qiyməti sürətlə artır. Son həftələr ərzində bir sıra kərə yağı markaları piştaxtalardan itib, digərlərinin qiymətində 3-4 manata yaxın bahalaşma müşahidə olunur. Bir sıra kərə yağı növləri var ki, qiyməti 28-29 manata qədər yüksəlib. Piştaxtalardan yox olan kərə yağları əsasən Rusiyada istehsal olunan yağlardır: Valio, Fino və sair. Bunun əsas səbəbi Rusiyada kərə yağı qıtlığı və bahalaşmadır. “İzvestiya” qəzetinin yazdığına görə, oktyabrın əvvəlində bir neçə iri istehsalçı pərakəndə satış şəbəkələrinə istehsalı və ya məhsulların tədarükünü dayandırdıqlarını elan ediblər. Bunlara “Prostokvashino”, “Selo Zelenoe”, “Kənd yağı” kimi markalar daxildir. İstehsalçılar həmçinin kərə yağının bahalaşdığını bildiriblər. Bahalaşmanın və qıtlığın əsas səbəbləri ehtiyatların səviyyəsinin aşağı olması, dünya bazarında kərə yağının qiymətinin artması, eləcə də alınan çiy südün tərkibində az yağ olması və süd emalı müəssisələrindən tələbatın artmasıdır. Nəşrin məlumatına görə, Rusiyada kərə yağının pərakəndə satış qiyməti avqust və sentyabr aylarında demək olar ki, 8 faiz, ilin əvvəlindən isə 18 faiz artıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, ölkədə kərə yağı ilə təminat sahəsində problem yoxdur. Yanvar-avqust aylarında yerli istehsalçılar 221,2 min ton kərə yağı istehsal ediblər ki, bu da ötən illə müqayisədə təxminən eynidir. Lakin nazirliyin açıqlaması real vəziyyətlə uyğunlaşmır. Belə ki, Rusiyada müşahidə olunan kərə yağı çatışmazlığı, qiymətlərin sürətlə bahalaşması əhalinin mağazalardan bu məhsulu oğurlaması hallarını kütləviləşdirib. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq supermarketlər kərə yağının oğurlanmasının qarşısını almaq üçün piştaxtalardan yığmağa və qoruyucu örtüklərdən istifadə etməyə başlayıblar. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarıma əsasən sentyabr ayında Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri 136,3 bənd təşkil edib ki, bu da avqust göstəricisindən 5,0 bənd (3,8 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 24,3 bənd (21,7 faiz) çoxdur. İndeksin yüksəlməsinə bütün süd məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub, Okeaniyada süd istehsalında mövsümi artımlara baxmayaraq, bütün süd tozu qiymətləri Asiyada güclü idxal tələbi ilə ən çox yüksəlib. Qərbi Avropada süd tədarükünün azalması və aktiv daxili alışlar fonunda məhdud ixrac imkanları səbəbindən yağsız süd tozu qiymətləri artıb. Eyni zamanda Qərbi Avropada yüksək idxal və daxili tələbat, məhdud tədarük və süd tədarükünün azalması səbəbindən kərə yağının dünya qiymətləri ardıcıl olaraq on birinci aydır ki, yüksəlir. Qlobal pendir qiymətləri də güclü qlobal idxal tələbi və süd istehsalının mövsümi olaraq azaldığı Qərbi Avropada məhdud ixrac imkanları səbəbindən artıb. Rəsmi statistika kərə yağını Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları sırasında qeydə alıb. Maraqlıdır ki, Rusiyada kərə yağı çatışmazlığı ənənəvi olaraq bu ölkədən yağ idxalçısı olan Azərbaycandan şimal qonşuya ixracın kəskin artımına səbəb olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında Azərbaycandan Rusiyaya 45 milyon 738,68 min dollar dəyərində 7 386,49 ton kərə yağı ixrac olunub (ümumi ixrac 7392,02 ton). Ötən ilin eyni dövründə ixrac 5 milyon 11,54 min dollar dəyərlə 800 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, Azərbaycandan Rusiyaya kərə yağı ixracı həm çəki, həm də dəyər baxımından 9 dəfədən çox artıb. Azərbaycandan Rusiyaya yerli istehsal məhsulunun, yoxsa digər ölkələrdən idxal edilən kərə yağının ixrac olunduğuna rəsmi statistika aydınlıq gətirmir. Amma nəzərə alsaq ki, Azərbaycana kərə yağının idxalı gömrük rüsumundan azaddır (2023-cü ilin dekabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən kərə yağının idxalının gömrük rüsumlarından azad olunması müddəti 2025-ci ilin 31 dekabrına qədər uzadılıb. Bundan əvvəl də bu azadolma bir neçə dəfə uzadılmışdı -red.), onda idxal edilən məhsulun bir qisminin Rusiyaya satılması ehtimalının az olmadığını söyləmək olar. Doqquz ayda 1 ton kərə yağı Rusiyaya 6192 dollara ixrac olunub. Eyni dövrdə Azərbaycana idxalın xərci 5583 dollar təşkil edib. Bu isə 1 tonda 500 dollardan yuxarı fərq deməkdir və Azərbaycanda bu fərqdən qazanc götürmək istəyənlərin olması kifayət qədər realdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Ötən ilin eyni dövründə ölkəyə 67 milyon 194 min dollar dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edildiyini nəzərə alsaq, bu məhsulların idxalının miqdar ifadəsində 10 min 155 ton və ya 84,2 faiz, dəyər ifadəsilə 56 milyon 778 min dollar və ya 84,5 faiz artdığını görərik. Ötən ilin yanvar-sentyabrında kərə yağının 1 tonu Azərbaycana 5577 dollara idxal edilib. Bu isə o deməkdir ki, son bir ildə kərə yağının idxal qiyməti 1 ton üçün cəmi 6 dollar bahalaşıb. Halbuki dünya bazarında bu məhsulun qiymətində 22 faizə yaxın bahalaşma qeydə alınıb. Bu fərqin Azərbaycana idxalda çox zəif hiss olunmasının səbəbi ucuz İran məhsulunun idxalının sürətlə artmasıdır. Rəsmi statistikadan aydın olur ki, bu ilin yanvar-avqustunda idxal olunan 18 165,64 ton kərə yağının 11 569,6 tonu İrandan alınıb, buna 54 milyon 15,11 min dollar xərc çəkilib. Yəni İrandan alınan kərə yağının 1 tonu 4755 dollara başa gəlib. Bu dövrdə Yeni Zelandiyadan 25 milyon 916,98 min dollar dəyərində 4065,17 ton kərə yağı alınıb. Bu idxalın 1 tonu 6375,4 dollara başa gəlib. Qeyd edək ki, İranda istehsal olunan süd və süd məhsullarının tərkibində xarici ölkələrdə tez-tez zərərli maddələr, xüsusilə insan orqanizmi üçün təhlükəli hesab olunan antibiotiklər aşkarlanır. Məhz bu amilə görə Rusiya 2018-ci ildən İrandan kərə yağı da daxil olmaqla, süd məhsullarının idxalını qadağan edib, hələ də bu qadağa qaldırılmayıb. 2023-2024-cü illərdə bir neçə dəfə “Rosselxoznadzor” tərəfindən İrandan alınan kərə yağını başqa qablaşdırmaya yerləşdirib yerli istehsal adı ilə Rusiyaya satan Ermənistan şirkətlərinin saxtakarlığı üzə çıxarılıb və onların məhsullarının idxalına qadağa tətbiq edilib. Bu baxımdan, Azərbaycandan kimlərsə İran yağlarını alıb başqa ad altında Rusiyaya satırsa, tezliklə eyni aqibətlə üzləşəcəklərini gözləmək olar. Başqa bir maraqlı məqam budur ki, Azərbaycandan kərə yağı ixracı 2022-ci ildən - Rusiyaya qarşı sanksiyaların kütləvi xarakter almağa başladığı dövrdən vüsət alıb. 2021-ci ildə 256 ton olan ixrac 2022-ci ildə 1433 tona, 2023-cü ildə isə 1232 tona çatıb. Bu ilin 9 ayında isə ötən ildəki bütün ixracdan 6 dəfəyə yaxın çox ixrac qeydə alınıb. İxracla yanaşı ölkədə kərə yağı istehsalında da ciddi artım var. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 345,4 ton kərə yağı istehsal olunub ki, bu də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Oktyabrın 1-nə anbarlarda 64,5 ton kərə yağı olub. Ən maraqlısı budur ki, yerli süd istehsalının artım sürəti kərə yağının artım sürətindən 10 dəfədən çox geri qalır. Belə ki, rəsmi statistikaya əsasən, doqquz ayda Azərbaycanda 1 milyon 694,2 min ton süd istehsal olunub və bu, əvvəlki ilin eyni dövründən cəmi 0,7 faiz çoxdur. Bu halda sual yaranır: kərə yağı istehsalında əsas xammal olan südün istehsalı 1 faiz artmadığı halda kərə yağının özünün istehsalı necə 10 faizdən çox artıb? Digər bir məsələ budur ki, Azərbaycanda əhali sayının artması kərə yağı istehlakının da artmasına səbəb olub. Ərzaq balansına əsasən əhalinin şəxsi istehlak həcmi 2021-ci ildəki 37 844 tondan 2023-cü ildə 39715 tona çatıb. Bu zaman yerli istehsal hesabına özünü təmin etmə səviyyəsi 2021-ci ildəki 66,7 faizdən 2023-cü ildə 64,7 faizə düşüb. Beləliklə, aydın görünür ki, Azərbaycanın öz-özünü təmin edə bilmədiyi kərə yağının Rusiyaya ixracı kütləvi xarakter alıb. Daxili bazarda qiymətlərin sürətlə artması belə bu ixracın qarşısını ala bilmir. Kimlərinsə daha yüksək gəlir əldə etmək üçün Azərbaycan əhalisinin cibinə girmək həvəsi gün-gündən artır. Hökumətin ən qısa müddətdə bu prosesi dayandırmaq üçün addımlar atmasına ehtiyac var. Xatırladaq ki, 2022-ci ildə qlobal ərzaq bazarında qiymətlərin sürətli artımı zamanı Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ixracı üçün İqtisadiyyat Nazirliyindən xüsusi icazə alınmasını nəzərdə tutan qərar imzalamışdı. Qərarın müddəti 2023-cü ilin dekabrında bitib. Belə görünür ki, analoji addımın yenidən atılmasına ehtiyac var... /“Yeni Müsavat”