“QƏNAƏT MƏHZ BU QURUMLARIN ləğvindən başlamalıdır”

 

iqtisadcidan-diplomatik-korpuslarla-bagli-teklifQaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, 4 illik qənaət rejimi sosial statusu heç də yaxşı olmayan məcburi köçkünlərin vəziyyətinə neqativ təsir edə bilər.
“Öz ev-eşiyini itirmiş məcburi köçkünlərin aldığı istənilən yardımın nəinki ləğvi, hətta azaldılması belə heç bir halda bu gün müzakirə mövzusu olmamalıdır. Qənaət sosial yardımların ixtisarı kimi başa düşülməməlidir. Qənaət struktur islahatları hesabına büdcədən ayrılan vəsaitlərin optimallaşdırılması hədəflənməlidir. Komitə 40 milyon manat qənaət ilə bağlı təkliflər hazırlayıb. Halbuki, yalnız bir lazımsız və iqtisadiyyatın inkişafına maneə olan dövlət qurumun ləğv edilməsi ildə bundan ən azı 4 dəfə çox qənaətə imkan yarada bilər”.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumunun sayının ən azı 2 dəfə azaldılması mümkündür.
“Regional inkişafa heç də xeyir gətirməyən rayonların birləşdirilməsi yolu ilə saylarının azaldılması da qənaətə imkan verə bilər. Bunlar həm dövlət vəsaitlərinə qənaət və həm də çevik idarəetmə sistemi əldə etmək imkanı demək olacaq. Əksər sektorlarda bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır, məcburi köçkünlərin pullarının kəsilməsindən yox”,-deyə V.Bayramov vurğulayıb.

 






Fikirlər