NEFTDƏN İLLİK QAZANÇIMIZ 1,5 MİLYARDA DÜŞÜR - Sosial fəlakətin astanasında…
“CNN Money” ən çox neft istehsal edən ölkələrin bir barrelə çəkdiyi xərcləri araşdırıb.
Ən böyük əmmalardan biri hasilatımızın 20 faizini həyata keçirən SOCAR-ın təkbaşına çıxartdığı “qara qızılımızın” rentabelliyi ilə bağlıdır. Məlumatlara görə, dünya bazarlarına Bakı-Novorossiysk kəməriylə çıxarılan bu neftimiz rus neftiylə qarışdığından “Uralsk” markasının qiymətinə satılır. “Uralsk”in qiyməti isə, adətən, “Brent” markasından 1 dollar aşağı olur. 80-82%-lik neftimiz də problemlərdən xali deyil. Xatırlayırsınızsa, hələ bir neçə il bundan əvvəl ölkə başçımız İlham Əliyev “BP-Azərbaycan” şirkətini bərk tənqid atəşinə tutmuşdu. Prezidentimizin sözlərindən belə çıxmışdı ki, bu şirkət bizə fırıldaq gəlirmiş. O, öz proqnozlarında boynuna götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmir, 2008-ci ildən bu yana hasilatı get-gedə azaldırmış. Sən demə, 2008-ci ildən 2013-cü ilə qədər öhdəlikdən aşağı hasilat nəticəsində ölkəmiz 8 milyard dollardan çox vəsait itirib. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neftin hər il ən azı 1 milyon ton azaldığını və 2014-cü ildə cəmi 31 milyon ton çıxarıldığını nəzərə alsaq, 2016-cı ildə, yenə ən yaxşı halda, 29 milyon tona ümid bağlaya bilərik.
Araşdırmaya görə, dünyanın ən rentabelsiz neftini İngiltərə çıxarır. “Brent” markalı neftin bir barreli hazırda 28 dollara satıldığı halda, Böyük Britaniya onu çıxartmaq üçün 52 dollarından keçməlidir.
Ən ucuz nefti isə Küveyt çıxarır: bir barreli 8.50 dollara. Küveyti təqib edənSəudiyyə Ərəbistanı eyni miqdarda “qara qızıla” 9.90 dollar xərcləyir.
Özünə qarşı tədbiq olunan sanksiyaların ləğvindən sonra dünya neft bazarında rəqabəti artıraraq, qiymətləri daha da aşağı salacağı güman olunan İran isə ən ucuz hasilatçılar sırasında 5-ci yerdədir. Bir barrel neft cənub qonşumuza 12.6 dollara başa gəlir. İrandan sonra “ucuzlar” siyahısında Rusiyagəlir ki, şimal qonşumuz 1 barrel neft üçün 17.20 dollar xərcləməlidir. Rusiyadan sonrakı hasilatçıların hamısı üçün neft 20 dollardan yuxarı başa gəlir.
Ekspertlərin proqnozlarına uyğun olaraq, neftin qiymətinin 25, daha sonra isə hətta 20 dollara düşəcəyini nəzərə alsaq, yaxın zamanlarda həmin “bahalı”ların rentabelliyini itirəcəyi qaçılmazdır və yəqin ki,iqtisadiyyatının önəmli hissəsi neftdən asılı olan bu dövlətlərin əksəriyyətində sosial fəlakət başlayacaq.
Bizim də ixracatımızın 90%-i neftdən asılıdır. Elə bu səbəbdən də dünya bazarında neftin qiymətinin düşməsi son zamanlar Azərbaycanın ictimai həyatında ciddi çalxanmalara səbəb olub.
Yəqin ki, bu sətirləri oxuyan hər kəsi bir sual maraqlandırır: Əcəba, Azərbaycan neftinin bir barreli neçə dollara başa gəlir?
“CNN Money”in araşdırması ən çox neft hasil edən ölkələri əhatə etdiyindən, nə yazıq ki, ölkəmizin adını öz siyahısına salmayıb. Görünür, səbəb bizim az hasilatçı olmağımızdır.
Bununla belə, öz yerli ekspertlərimizin bu məsələ ilə bağlı apardığı araşdırmalar var və həmin araşdırmalara görə, Azərbaycan heç də “bahalılar” qrupuna aid deyil. Neftimizin 80%-nin hasilatı ilə məşğul olan “BP-Azərbaycan” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxartdığı “qara qızılı”mızın maya dəyəri və tranzit xərcləri bir yerdə 15 dollara düşür. Deməli, biz ən ucuz neft hasilatçıları siyahısında cənub qonşumuz İrandan sonra, Rusiyadan isə əvvəlik. Di gəl ki, burda da bir neçə əmma var.
Məsələ təkcə 1 dollarlıq qiymət fərqi olsaydı, bunu dilə gətirmək bizim kimi ucuz söhbətlərdən xoşlanmayan azərbaycanlılara qətiyyən yaraşmazdı. İntəhası, problem bununla bitmir. Sən demə, SOCAR-ın neft çıxartdığı quyular “qoca” olduğundan onun nazıyla daha çox oynamalı oluruq və bunun üçün də həmin “kaftar” quyulardan çıxarılan bir barrel neft bizə 25 dollara başa gəlir.Onu “Uralsk”ın qiymətinə satanda isə əlimizə heç nə keçmir. Hətta əksinə, bu gün 27-28 dollara gedən “Brent” markalı neftin yaxın günlərdə 25 dollara düşəcəyi gözlənilir. “Uralsk” ondan ən azı 1 dollar aşağı olduğundan, belə çıxır ki, biz 20% neftimizin hər barrelinin üstünə 1 dollar da qoyub əcnəbilərə peşkəş edəcəyik. Lap Molla Nəsrəddinsayağı “aldım qoz, satdım fındıq” ticarəti kimi.
Ölkə başçımız bunu 2008-ci ildən sonra dəyişilən neft maraqlarıyla əsaslandırmışdı. Yəni, müqaviləyə əsasən, bu müddətə qədər hasilatdan əldə edilən gəlirlərin 75%-nə sahiblənən “BP-Azərbaycan” şirkəti, məşhur bir lətifədə deyildiyi kimi, “ətdən-mətdən yediyi üçün çəkicini də bərkdən-bərkdən vururmuş”. 2008-ci ildən sonra isə gəlirin 75%-ı bizə, 25%-ı “BP-Azərbaycan”a qaldığından, şirkət bu payı “şordan-mordan” hesab etdiyindən, “çəkicini də ordan-burdan vurmaq” xəyallarına düşüb.
Düzdür, o zaman həmin şirkət səhvini düzəldəcəyini bildirmiş və öhdəliyi yerinə yetirəcəyinə söz vermişdir. Bununla belə, “Azəri-Çıraq-Günəşli” yataqlarının qocaldığını da etiraf etmişdi. Sözügedən etiraf isə çıxarılacaq neftin maya dəyərinin yüksələcəyinə işarə idi. Maya dəyəri yüksələn neftin, təbii ki, gəlirləri də azalacaq. Üstəlik, bu gəlirlərin 25%-nin də hasilatçı şirkətə çatacağını nəzərə alsaq, ən rentabelli yataqlarımıza belə ümidlə baxmağa dəyməz. Belə çıxır ki, biz sabah barrelini 25 dollara satacağımız neftdən, ən yaxşı halda, 6-7 dollar qazana biləcəyik. Ən pis halı isə yataqların qocalıq dərəcəsi müəyyənləşdirəcək.
Xatırladaq ki, bir barrel 159 litrdir. Bu hesabla bir ton 6.2 barrelə bərabərdir. Neftin sudan yüngül olduğunu nəzərə alıb bunu 7 barreldən götürsək, bu hesabla, 29 milyon ton – 203 milyon barrel neft edər. Onu da 7 dollara vursaq, cəmi 1 milyard 421 milyon dollar alınar.
Belə çıxır ki, 2016-cı ildə biz neftimizdən cəmi 1,5 milyard dollar pul qazana biləcəyik. Bu isə heç bir nazirliyə ayrılan vəsait etmir.
Bir daha xatırladaq ki, bu, hələ ən yaxşı halımızın proqnozudur.(Strateq.az)