AZƏRBAYCAN-Böyük Britaniya Hökumətlərarası Komissiyasının ilk İCLASI keçirilib
Londonda Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər. İclasda çıxış edən Ş.Mustafayev Azərbaycan və B.Britaniya arasında əlaqələrin inkişaf etdiyini, indiyədək iki ölkə arasında iqtisadi sahə də daxil olmaqla 24 sənədin imzalandığını bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir: "Azərbaycanda həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb". Azərbaycan və B.Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən nazir bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirib. Humanitar sahədə əməkdaşlığa gəlincə qeyd edilib ki, Azərbaycan və B.Britaniyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 569 azərbaycanlı tələbə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər) çərçivəsində B.Britaniyanın 38 universitetində, britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Londona səfər etdiyini vurğulayıb. Əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir Azərbaycan və B.Britaniya arasında yaradılmış Hökumətlərarası Komissiyanın ölkələr arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətini qeyd edib. Nazir investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının B.Britaniyaya ixracının, Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının, birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini, Azərbaycan İnvestisiya Şirkəti və Azpromo ilə əməkdaşlıq imkanlarını qeyd edib. Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Komissiyanın iclasında aparılan müzakirələrin ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb. İclasın sonunda Hökumətlərarası Komissiyanın ilk iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Ş.Mustafayev və F.Mod imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, B.Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır. Eyni zamanda, Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının iclasları və Təhsil Forumu keçirilib. Ticarət və İnvestisiyalar üzrə işçi qrupunun iclasına Azərbaycan tərəfdən rəhbərlik edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın investisiya və biznes mühiti, tranzit imkanları, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib, Azpromo və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini diqqətə çatdırıb. Azərbaycan və B.Britaniya arasında ticarət və investisiyalar sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu iclasda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli imkanların olduğu vurğulanıb. SOCAR-ın viste-prezidenti Elşad Nəsirovun həmsədrliyi ilə keçirilmiş Neft və Qaz birgə işçi qrupunun iclasında zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın bu sahədə B.Britaniya ilə uğurlu əməkdaşlıq etdiyi, ölkəmizdə enerji sahəsində bir sıra Britaniya şirkətlərinin fəaliyyət göstərdiyi qeyd edilib, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayevin həmsədrlik etdiyi Maliyyə və Peşəkar Xidmətlər üzrə işçi qrupunun iclasında korporativ idarəetmə standartlarının əhəmiyyəti və bu sahədə Azərbaycanda qanunvericilik, şirkətlərdə şəffaflıq və məlumatların açıqlanması məsələləri, ictimai xidmətlərin effektiv təmin edilməsi mexanizmləri, o cümlədən Azərbaycanda “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti, Azərbaycan şirkətlərinin optimal maliyyə bazarlarına çıxış imkanları, daxili kapital bazarlarının mövcud infrastrukturu və bu bazarlardan vəsaitlərin cəlb olunması imkanları, qlobal investorlara Azərbaycanın tanıdılması məsələləri əsas müzakirə mövzuları olub. Azərbaycan tərəfindən təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilmiş B.Britaniya-Azərbaycan Universitetlərarası Forumunda Azərbaycanın təhsil sahəsində islahatlara xüsusi əhəmiyyət verdiyi, ölkələr arasında təhsil sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin artırılması üçün böyük potensialın olduğu qeyd edilib. Forumda professor-müəllim və tələbə mübadiləsinin, ikili diplom proqramlarının, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, ali təhsilin idarə olunmasında təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.