İlham Əliyevin Səudiyyə Ərəbistanına gözlənilməz səfəri
Prezidentin rəsmi saytı xəbər verir ki, İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud qarşılayıb.
Prezident İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun görüşü olub.
Kral Salman bin Əbdüləziz əl-Səud prezident İlham Əliyevi ölkəsində salamlayıb və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Səudiyyə Ərəbistanının Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.
Aprelin 5-də Ər-Riyadda prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman əl-Zamil ilə görüşü olub. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.
Aprelin 5-də Ər-Riyadda prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli əl-Naiminin də görüşü olub.
Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulanıb, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.
Aprelin 5-də Ər-Riyadda prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına bu səfəri tamamilə gözlənilməz olub. Çünki dövlət başçısının bu ölkəyə səfərə gedəcəyi haqda rəsmi mətbuatda əvvəlcədən hər hansı məlumat verilməmişdi.