"Cənub Qaz Dəhlizi" beynəlxalq proseslərə təsir göstərən xüsusi bir layihədir"
Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası xüsusi təhlilə və xüsusi qiymətə layiqdir. Bu hadisəni təkcə Azərbaycan çərçivəsində təhlil etmək qəti düzgün deyil. Bu, Azərbaycan siyasətinin Avropada və dünyada gedən proseslərə birbaşa təsiridir. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, bu proseslər Azərbaycanın, ilk növbədə, Avropa üçün və ümumilikdə dünya üçün strateji əhəmiyyət daşıyan və strateji layihələri həyata keçirmək iqtidarında olan bir ölkə olduğunu sübut etdi: "Yaddan çıxarmaq lazım deyil ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının nəticələri ilə bağlı Birgə Bəyannaməni Avropa və ABŞ-dan olan 12 nəfər ən məsul şəxs imzaladı. Bu, lokal bir layihə deyil, beynəlxalq səviyyəli və beynəlxalq proseslərə təsir göstərən xüsusi bir layihədir. Bunun əhəmiyyəti haqqında danışarkən yaddan çıxarmamalıyıq ki, layihənin bu səviyyədə təsdiqi heç də asan, hansısa danışıqlar yolu ilə həll edilmiş məsələ deyil. Bu, çox gərgin, mürəkkəb şəraitdə, Azərbaycana olan müxtəlif təzyiqlərə, təsirlərə müqavimət göstərmək gücündə olan iqtidarın böyük bir qalibiyyətidir. Ona görə ki, beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi əlaqələr Azərbaycanı sanki xüsusi bir sınağa çəkdi və ətrafda, qonşuluqda olan ölkələrin əksəriyyəti bu sınaqlardan çıxa, bu çağırışlara cavab verə bilmədilər". Millət vəkilinin sözlərinə görə, Azərbaycan nəinki bu sınaqdan çıxa bildi, hətta dünyaya sübut etdi ki, xalqın maraqlarına yüksək səviyyədə xidmət etməklə yanaşı, beynəlxalq əlaqələri, xüsusilə beynəlxalq iqtisadi münasibətləri düzgün istiqamətdə yönəltmək iqtidarındadır: "Biz dərk etməliyik ki, Azərbaycanda gedən proseslər Avropanın sabahını və dünyanın böhrandan çıxmaq istiqamətində cizgilərini birbaşa ehtiva edir".