Yay-qış vaxtına keçidin ləğvi iqtisadiyyatımıza TƏSİR ETMƏYİB-EKSPERT

Natiq Cəfərli: “Nə ümumdaxili məhsulun tempində, nə də artım tempində dəyişiklik olub”

Oktyabr ayının son bazar günü, yəni oktyabrın 29-da dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkilib. 130-dək ölkədə, o cümlədən Azərbaycanda isə saatların əqrəbləri geri çəkilməyib.

Hazırda Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır. Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir, - deyə Komissiya nümayəndəsi bildirib.

Qeyd edək ki, 2016-cı ilə kimi hər ilin yaz və payızında Azərbaycan hökuməti saatların əqrəbini bir saat irəli və geri çəkərək, yay və qış rejiminə keçid tətbiq edirdi. Konkret olaraq hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə qış vaxtına keçirilirdi. Lakin  Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə saat əqrəbinin irəli-geri çəkilməsi dayandırıldı və Azərbaycan elə həmin müddətdə yay vaxtına keçid baş vermədi. Dolayısı ilə Azərbaycan qış rejimində qaldı. Xatırladaq ki, əksər ölkələr bundan imtina etsə də, qonşu Türkiyədə yay qış vaxtına keçid qalmaqdadır.

Mütəxəssislər düşünürdü ki, yay-qış vaxtına keçid ləğv edilsə, ölkə iqtisadi baxımdan heç nə itirməyəcək. Bu, həm də insanların səhhətinə müsbət təsir edəcək.

Maraqlıdır, artıq iki yaxındır ki, ölkədə yay qış vaxtına keçidin ləğvi iqtisadiyyata doğrudan da müsbət təsir etdimi?

Image result for Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli yay-qış vaxtına keçidin ləğvinin iqtisadiyyatda heç bir irəliləməyə səbəb olmadığını dedi:“Yay-qış vaxtına keçərkən enerjiyə qənaət məsələsi önə çəkilirdi. Bir çox ölkələr hesablamalar aparırdılar ki, enerjiyə qənaət hesabına iqtisadiyyata hansı xeyir dəyə bilər. Təəssüflər olsun ki, Azərbaycanda belə fundamental araşdırma olmayıb. Bunun əleyhdarları olanlar isə deyirdilər ki, insanın öz bioloji saatı var və tez-tez yəni, 6 aydan bir irəli geri çəkilməsi insanın bioloji saatı ilə üst-üstə düşmədikdə onda süstlük yaradır, əmək qabiliyyəti aşağı düşür. Əfsus ki, Azərbaycanda bu sahədə də hansısa araşdırma yoxdur ki, ciddi fikir bildirmək mümkün olsun. Amma gözlə görünəcək tərəfi ondan ibarətdir ki, belə ciddi dəyişiklik olmadı. Nə ümum daxili məhsulun tempinə, nə də artım tempinə təsir oldu. Keçən il ümumiyyətlə, ümumdaxili məhsul 3,9 faiz aşağı düşdü. Bu, ilin 9 ayında isə 0,7 faiz azalma müşahidə olundu. Biz nə iqtisadi aktivlikdə, nə də canlanmada bir dəyişiklik olduğunu hiss elədik. Yəni makroiqtisadi göstəricilərdə mühüm dəyişiklik olmadı. Deməli, bu, daha dərindən araşdırılmalıdır. İnsanlara psixoloji təsirləri, daxili bioloji saatları ilə normal zaman duyumunun üst üstə düşüb düşməməsi və bunun məhsuldarlığa hansı formada təsir etməsi ilə bağlı da təəssüf ki, ölkəmizdə hansısa araşdırmalar yoxdur. Amma bir daha təkrar edim ki, vizual olaraq və makroiqtisadi göstəriciləri analiz edərkən yay-qış vaxtına keçməyin ya bundan imtina etməyin bir ciddi təsirinin olduğunu demək mümkün deyil. Hələlik görünən yeganə şey odur ki, insanlarda vaxt dəyişkənliyinə görə yaranan diskomfort aradan qalxıb. O diskomfort ki, ilk həftələrdə özünü daha çox göstərirdi, sonradan isə uyğunlaşma baş verirdi”.






Fikirlər