Xarici şirkətlər KÜTLƏVİ şəkildə Azərbaycandan gedir

Xarici şirkətlər kütləvi şəkildə Azərbaycandan gedir

Vergilər Nazirliyi Bakıda nümayəndəliyini bağlayan daha 3 MMC ilə bağlı açıqlama verdi 

Ləğv olunan xarici müəssisələrin sayı 2015-ci il ərzində 64, bu il 45 olub, Azərbaycanda yeni iş quranların sayı isə 22 faiz azalıb

Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Nümayəndəliyini bağlayan şirkətlərdən biri “China Geo-Engineering Corporation İnternational” MMC-dir. Ölkəni tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus “Cadbury CIS B.V.”-dir. Şirkət “Port Baku Taures” Biznes Mərkəzində yerləşirdi. Bundan başqa, Türkiyə mənşəli “Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Bir gündə 3 xarici şirkətin ölkəni tərk etməsi ciddi rəqəmdir. 

Yola saldığımız ildə də bir sıra nüfuzlu şirkətlər Azərbaycandan gedib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, keçən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir. Həmçinin xarici kapitallı təşkilatların ölkədən getməsi əlavə işsizlik yaradır. Bu şirkətlərin çoxu neft və infrastruktur layihələrində iştirak edirdilər. Komitənin başqa bir məlumatında isə deyilir ki, ləğv olunan xarici müəssisələrin sayı 2015-ci il ərzində 64 olub. Bu ilin 6 ayı ərzində rəqəmin 45 olduğu bildirilir. 
İlin əvvəlindən fəaliyyətiini dayandıran xarici şirkətlər arasında Türkiyə-Küveyt birgə müəssisəsi Sinqapurun “Petro Singapore Trading PTE Ltd.” və Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” var. Habelə, Fransanın “Technip Maritime Overseas LTD” və İtaliyanın “Maccaferri Azerbaijan” MMC şirkətləri də ölkəmizdə işlərini dayandırıblar. Ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi ilə məşğul olan 130 yaşlı “Maccaferri Azerbaijan”-ın 100-dən artıq ölkədə 70-dən çox törəmə müəssisəsi var. Onlarda 3 minədək əməkdaş çalışır.
Iyun ayında Belçikanın “PPG Coatings SPRL/BVBA” şirkətinin də filialı ləğv edildi. Şirkət örtüklər, optik və xüsusi materiallar, şüşə məhsullarının istehsalı və yayımı sahəsində fəaliyyət göstərirdi. Baş ofisi Brüsseldə (Belçika) yerləşir.
Iyul ayında da üç şirkət fəaliyyətinə xitam vermişdi. Rusiyanın “Aktavis”, Böyük Britaniyanın “Bi Cey Servisez Kompani Midl İst Limited” və İsveçrənin “Schering-Plough Central East Ag” şirkətlərinin nümayəndəliklərinin ləğv edilməsinin səbəbi açıqlanmadı.
ABŞ-ın “Booz Allen Hamilton Inc.” şirkəti də bizi avqust ayında tərk edib. Şirkətin ölkəmizdəki filialı ləğv olunub. Nizami küçəsindəki “Landmark” biznes mərkəzində yerləşirdi, “Baker and McKenzie - CIS, Ltd.” şirkətinə bağlıdır. Şirkət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin biznes tərəfdaşı olub. “Booz Allen Hamilton Inc.” nazirliyin Regional İnnovasiya Zonası (RİZ) layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı elan etdiyi müsabiqədə də qalib seçilmişdi.
Avqust ayında daha 6 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunub. Bunlar - "Makimsan Asfalt Taahhüt İnşaat Sanayi və Ticaret Anonim Şirkəti"nin filialı (Türkiyə), "İnterstroyportalplyus" MMC-nin nümayəndəliyi (Rusiya), "Kaspianstroyinvest" birgə MMC-nin nümayəndəliyi (Rusiya-Azərbaycan), Royal Dutch Shell şirkətinin törəməsi olan "Shell Business Development Central Asia B.V." şirkətinin nümayəndəliyi (Hollandiya), "Niko İnterneşnl Limited" şirkətinin filialı (BƏƏ), "Distrilab" Məhdud Məsuliyyətli Yoldaşlığının filialıdır (Qazaxıstan).  
Bu il fəaliyyətini dayandıranlar sırasına məşhur Kempinski Hotel şəbəkəsi də daxil olub. 2011-ci ildə açılışına prezidentin də qatıldığı “Kempinski Hotel Badamdar” iyulun 31-dən etibarən “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.
Şirkətlər ardıcıl iki devalvasiyanın baş verməsi, milli valyuta üzən məzənnəyə keçidindən sonra ölkəni tərk edirlər. Ekspertlər bunun səbəbini iqtisadı fəallığın azalması və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə də izah edirlər. 
Qeyd edək ki, bu ilin ilk 6-ayı ərzində yaranan xarici investisiyalı yeni şirkətlərin sayı 251-dir. Bütövlükdə 2015-ci il üzrə rəqəm 412-yə bərabər olub ki, əvvəlki illə müqayisədə bu 22% aşağı göstəricidir. 
Ötən il Azərbaycanı tərk edən məşhur şirkətlər Fransanın "Geoservices S.A.", Britaniyanın "Amec Process & Energy Limited" (hər ikisi enerjidaşıyıcılarının hasilatı, geoloji-kəşfiyyat, injinirinq və servis sahələrində fəaliyyət göstərirdilər), "Austrian Airlines" şirkəti, Almaniyanın "DEA Deutsche Erdoel AG" şirkəti (xam neftin və təbii qazın kəşfiyyatı, hasilatı üzrə əməliyyatlar aparırdı), Norveçin neft-qaz nəhəngi "Statoil Azərbaycan" ("Şahdəniz" qaz yatağının işlənməsi üzrə konsorsiumdakı payını bütünlüklə Malayziyanın "Petronas" şirkətinə sataraq ölkəni tərk edib. Bundan əvvəl Fransanın "Total" şirkəti də "Şahdəniz" və TAP kəməri layihəsindən çıxmışdı), "BP-Azərbaycan" şirkətinin podratçısı olan ASCO şirkəti ("ASCO Caspian Holding" adı altında nümayəndəliyi fəaliyyət göstərirdi. Şirkətdə 400-ə yaxın işçi çalışırdı və onların əksəriyyəti Azərbaycan vətəndaşları idi) Azərbaycandan gedib. Keçən il ölkəni tərk edən təşkilatlardan İtaliyanın "Todini" şirkəti (şirkətdə 600 nəfər çalışırdı, onun da 480 nəfəri Salyan sakini olub), ölkədə ən iri mobil rabitə şirkəti "Azercell"in səhmlərinin 38,1%-nin sahibi olan İsveçin telekommunikasiya nəhəngi "TeliaSonera", İsveçin vaqon istehsalcısı "Stadler Rail" şirkəti (Azərbaycanda zavod tikməyi planlaşdırırdı və ilkin olaraq 200-250 iş yeri açılacaqdı), "Türk-Azeri Qida Sənaye" adı ilə fəaliyyət göstərən Türkiyənin "Elvan" şirkəti, "Travelers Coffe" kafelərinə sahib tanınmış ABŞ brendi də Azərbaycandakı iş yerlərini bağlayıb. 






Fikirlər