Dünyanın ən böyük hüquq şirkətlərindən biri olan bu qurumda 3 mindən çox vəkil çalışır
Mart ayında istirahət üçün getdiyi ABŞ-da həbs edilən Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabı dünyanın ən güclü hüquq şirkəti müdafiə edəcək.
ANS PRESS-in məlumatına görə, iş adamı "Clifford Chance" ilə razılaşıb. Məşhur ingilis hüquq şirkətinin 3 vəkili onun işinə baxacaq. Nyu Yorkda keçiriləcək məhkəmə proseslərində Zərrab çirkli pulları yuma, bank əməliyyatlarında saxtakarlıq, İrana qaraşı olan ABŞ sanksiyalarını pozma kimi faktlarda ittiham edilir.
Girov müqabilində azad edilmək haqqında vəsatəti hakim Riçard Berman tərəfindən rədd edilən Zərrab hərəkətə keçib. Onun hüquqlarını müdafiə edən qrupun tərkibinə ABŞ-ın keçmiş ədliyyə nazirinin köməkçisi, Zərrab haqqında ittiham aktını hazırlayan baş prokuror Pret Bhararanın universitet yoldaşı vəkil Viet D.Dinh qatılıb.
Zarrabın ikinci yeni vəkili isə Edvard Kasey O’Kallagandır. O, çirkli pulların yuyulması, bank əməliyyatlarının saxtalaşdırılması kimi məhkəmə proseslərində əsl mütəxəssis hesab edilir.
Şirkətin Vaşinqton bürosunda çalışan Corc D.Klayfeld da əcnəbilərlə işdə ad çıxarıb.
Vəkillərə bunun müqabilində nə qədər ödəniləcəyi açıqlanmayıb.
Bank və maliyyə sektorundakı mütəxəssisliyi ilə seçilən "Clifford Chance" ildə 2 milyard dollar qazancı ilə dünyanın ən böyük 10 hüquq şirkətindən biridir. 1987-ci ildə Londonda qurulub. Bu gün bu şirkətdə 3300 yaxın vəkil çalışır. Şirkət 26 ölkədə fəaliyyət göstərir.
Adıçəkilən hüquq şirkətinin əsasında yaradıldığı "Coward Chance" və "Clifford Turner" bürolarının tarixi isə 1800-cü illərdən başlayır.
Bundan öncə Rza Zərrabın müdafiəsinə mafiya vəkili də qoşulmuşdu. Zərrabın hüquqlarını bu məhkəmədə həm də "ulduzların vəkili" adı ilə tanınan Benjamin Brafman müdafiə edəcək.
33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib.
Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.