RZA Zərrabın 25 milyon dollarlıq VİLLASI sökülür
ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın Türkiyədə 25 milyon dollara aldığı mülk sökülür. AzerTaym.az azvision.az-a istinadən xəbər verir ki, ötən il korrupsiya və rüşvətxorluq qalmaqalında adı hallanan R. Zərrabın qeyri-qanuni şəkildə satın aldığı tarixi əhəmiyyətli mülklər dövlətin nəzarətinə keçib. Hazırda həbsdə olan biznesmenin Türkiyənin Kandil vilayətində yerləşən üçmərtəbli villasının söküntüsünə başlanıb. Mülkün qanunsuz tikildiyi iddia edilir. Məlumatda, həmçinin qeyd olunub ki, Rza Zərrabın Kanlıca bölgəsində 40 milyon dollara satın aldığı tarixi əhəmiyyətli binada da qanunsuz olaraq restavrasiya işləri aparılıb. R. Zərrabın birbaşa göstərişi ilə həmin binaya müasir görünüş verilib. Həmin binanın növbəti aylarda söküləcəyi qeyd edilib. Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.