Sevinc Babayevanın oğlunun cinayət işi məhkəməyə göndərilib

Sevinc Babayevanın oğlunun cinayət işi məhkəməyə göndərilib

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə Binəqədi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

 






Fikirlər