Lənkəranskinin Bakıdakı şadlıq sarayı fəaliyyətini dayandırıb? - FOTO
Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayı bağlanıb. Bu barədə ölkə.az saytına məlumat daxil olub. Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və kriminal avtoritet Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon Palace” şadlıq sarayı Canıyev öldürüldükdən sonra fəaliyyətini dayandırıb. Şadlıq sarayının bir müddətdir fəaliyyət göstərmədiyi qeyd olunur. “Neon Palace” şadlıq sarayının fəaliyyətinin dayanma səbəbini aydınlaşdırmaq üçün restoranın telefonlarına zəng etsək də zəngimizə cavab verən olmadı. Xatırladaq ki, şadlıq sarayının sahibi olduğu bildirilən tanınmış avtoritet Rövşən Canıyev avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak etdikdən sonra “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobili ilə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə zamanı ağır yaralanan R.Canıyev və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin Canıyevi xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı bizimyol.info saytının əməkdaşı restoranın rəhbərliyi ilə əlaqə saxlayıb. Şadlıq sarayının Emin adlı administiratoru saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib. “Yayılan məlumat yalandır. Restoran fəaliyyət göstərir.Bizim növbəti aylarda nə qədər toylarımız yazılıdı və bu proses davam edir. Necə ola bilər ki, restoran bağlansın? Bu bəzi şəxslərin, gözü götürməyənlərin uydurmasıdır.”