“İnsanlar oğru dünyasının adamlarını ƏDALƏT carçısı sayır”

“İnsanlar oğru dünyasının adamlarını ədalət carçısı sayır”

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətli ölkədə səs-küyə səbəb oldu. Azərbaycan və Türkiyə mətbuatı onun ölümünə geniş yer ayırdı, mərhumun  dəfn mərasimindən reportajlar hazırlandı.   Lənkəranskinin ölümündən günlər keçsə də, sosial şəbəkədə barəsində müzakirələr bitmir. Bəzi şəbəkə istifadəçiləri iddia edirlər ki, mətbuat kriminal aləmi və onun qayda-qanunlarını təbliğ edir. 

Bəs, mətbuat  bu durumda necə davranmalı idi? Lənkəranskinin ölümünə yer ayırması təbliğatdırmı? 
Musavat.com məsələyə aydınlıq gətirmək üçün media eksperti Qulu Məhərrəmli ilə əlaqə saxlayıb. Ekspert bildirib ki, mətbuatın Lənkəranskinin ölümünü işıqlandırmasında qeyri-adilik yoxdur:
“Rövşən Lənkəranskinin ölümündən öncə də mətbuat onun barəsində xəbərlər yayırdı. Cəmiyyət hər zaman qeyri-adiliklərə, normadan yayınmalara qarşı diqqətlidir. Mətbuat da bu nüansı tutur və izləyir. Azərbaycan mətbuatı mövzu baxımından kasıbdır. Elə mövzular var ki, onun barəsində ciddi söhbətlər aparmaq olar, amma ya mətbuatın buna gücü çatmır, ya imkanları, ya da istəyi yoxdur. Rövşən Canıyevin ölümünə mətbuatın geniş yer ayırması kütlə psixologiyası ilə bağlıdır. İnsanlar oğru dünyasının adamlarını ədalət carçısı, həqiqət adamları kimi  qavrayır, onlara qəhrəman kimi baxırlar.  Kütlə Lənkəranskini qəhrəman kimi qəbul edib və  onunla bağlı məlumatları izləyir. Cəmiyyətdə haqsızlıqlar olanda,  doğruluq bölünəndə insanlar Lənkəranski kimi insanlara qəhrəman kimi baxırlar. Media qəhrəmanları axtarıb tapmalıdır. Bizdə Mübariz İbrahimovun qəhrəmanlığı təbliğ olunmalıdır.  Halal və millət üçün gərəkli olan gerçək bir qəhrəmanlıq örnək göstərməlidir. Bu bizim üçün  daha vacibdir. Mətbuat bunu işıqlandırmayanda boşluğu başqa qəhrəmanlar doldurur.
Medianın  bu məsələyə geniş yer verməsinə isə təbliğat kimi yanaşmıram. Bu faktdır, xəbərdir, hadisədir, mətbuat da bunu işıqlandırır. Sadəcə olaraq, bu xəbərin parametrlərindən biri qeyri-adi olmasıdır. Bu qeyri-adilik çox şişirdilib, cəmiyyətin istəkləri, arzuları ilə qovuşma yaradıb. Ona görə də mövzu cəmiyyətə yaxın olub. Bir daha bildirirəm ki, mətbuatın Lənkəranskinin ölümünü işıqlandırlmasında qeyri-adi heç nə yoxdur”. 
Qeyd edək ki, Rövşən Caniyev avqustun 18-i Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.






Fikirlər